Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

HAQQIMIZDA

1Vəkillər Kollegiyasının yaranma tarixi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.

2Əsas vəzifəsi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

3Fəaliyyəti

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

4Üzvləri

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 906 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 252 nəfərdir ki, bunlardan 127 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 612 nəfərdir, bunlardan 96 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 24, regionlarda isə 15 vəkil qurumu fəaliyyət göstərir.

5Vəkillərinin sayının artım dinamikası

Vəkillərin sayının artım dinamikasına gəldikdə isə, 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2005-ci ildə qəbul edilənlərin sayı 151 nəfər olub (359 nəfər vəkilliyə namizəddən 126 nəfər ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub). 2006-cı ildə qəbul edilənlərin sayı 24, 2007-ci ildə 235 (441 nəfər vəkilliyə namizəddən 235 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2008-ci ildə 27, 2009-cu ildə 71 (506 nəfər vəkilliyə namizəddən 67 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə isə 121 (531 nəfər vəkilliyə namizəddən 122 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə isə 17 nəfər olmuşdur.

VƏKİLLƏR KOLLEGİYASININ İDARƏETMƏ FORMASI

Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı (Konfransı)

Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı (Konfransı) Vəkillər Kollegiyasının ali idarəetmə orqanıdır. Vəkillər Kollegiyasının Nizamnaməsini, İntizam Komissiyasının Əsasnaməsini, İxtisas Komissiyasının Əsasnaməsini qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətidir. Vəkillər Kollrgiyasının üzvlərinin sayı mindən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən həyata keçirilə bilər. Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı (Konfransı) Kollegiya üzvlərinin (nümayəndələrin) 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar, seçkilər istisna olmaqla, ümumi yığıncaqda (konfransda) iştirak edən üzvlərin (nümayəndələrin) 50%-dən çoxu qərarın lehinə səs verdikdə, qəbul olunmuş sayılır.

Vəkillər Kollegiyasının rəyasət heyəti

Vəkillər Kollegiyasının Rəyasət Heyəti daimi fəaliyyətdə olan ali kollegial icraedici orqandır. Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Vəkillər Kollegiyasının Ümumi Yığıncağında 5 il müddətinə seçilir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti:
- Ümumi Yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir.
- Vəkillər Kollegiyasının üzvlüyünə qəbul və ondan xaric olunma və vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması məsələlərini həll edir.
- dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir.
- öz səlahiyyətləri daxilində Vəkillərin İxtisas Komissiyasına üzvlər təyin edir.
- vəkillərin reyestrini aparır.
- vəkillər arasında qanunvericilik sahəsində maarifçilik işini təşkil edir.
- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edir. Rəyasət Heyətinin iclasları onun üzvlərinin 2/3-i iştirak etdikdə səlahiyyətlidir. Qərarların qəbulu üçün iclasda iştirak edən üzvlərin 50%-dən çoxunun onun lehinə səs verməsi tələb olunur.

Vəkillər Kollegiyasının rəyasət heyətinin sədri

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Vəkillər Kollegiyasını təmsil edir, Rəyasət Heyətinin işini təşkil edir və aparatının işinə rəhbərlik edir, kollegiyaya qəbul, vəkillərin kollegiyadan xaric edilməsinə dair məsələləri Rəyasət Heyətinin iclaslarında baxılması üçün hazırlayır və təqdim edir, Rəyasət Heyətinin iclaslarına sədrlik edir, Rəyasət Heyəti aparatının işçilərini işə qəbul və işdən azad edir, Rəyasət Heyəti aparatının işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasına nəzarət edir, statistika hesabatının təhlilini təşkil edir, vətəndaşları qəbul edir, onların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində Rəyasət Heyətinin işini təşkil edir, təsdiq olunmuş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam verir.