Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AR VƏKİLLƏR KOLLEGİYASI

  • Vəkillər Kollegiyasının yaranma tarixi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.

  • Əsas vəzifəsi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

  • Fəaliyyəti

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

  • Üzvləri

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1503 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 307 nəfərdir ki, bunlardan 132 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 806 nəfərdir, bunlardan 109 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 27, regionlarda isə 15 vəkil qurumu fəaliyyət göstərir.

  • Vəkillərinin sayının artım dinamikası

Vəkillərin sayının artım dinamikasına gəldikdə isə, 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2005-ci ildə qəbul edilənlərin sayı 151 nəfər olub (359 nəfər vəkilliyə namizəddən 126 nəfər ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub). 2006-cı ildə qəbul edilənlərin sayı 24, 2007-ci ildə 235 (441 nəfər vəkilliyə namizəddən 235 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2008-ci ildə 27, 2009-cu ildə 71 (506 nəfər vəkilliyə namizəddən 67 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə isə 121 (531 nəfər vəkilliyə namizəddən 122 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə 17, 2018-ci ildə isə 553 nəfər olmuşdur.