Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Dövlət başçısının 22.02.2018-ci il tarixli Sərəncamı vəkillərin peşə standartlarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir

08 may 2018    1161

Azərbaycanda vəkilliyin inkişafı ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrünə təsadüf edir ki, bununda təməli 1995-ci ildə qəbul edilmiş sonuncu Konstitusiyamız ilə qoyulmuşdur. Belə ki, Konstitusiyada insan hüquq və azadlıqlarına dair müddəalara geniş yer verilmiş və bu qəbildən olan normalar əksəriyyət təşkil edir. O cümlədən, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz - dövlət hesabına göstərilməsi, habelə hər bir şəxsin cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təsbit edilmişdir. Bununla ən ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda ədalət mühakiməsində müdafiə tərəfinin rolu qabarıq şəkildə əks etdirilmişdir. Qısa, lakin geniş məzmunlu bu müddəalar vəkillik fəaliyyətinin sonrakı inkişafına təkan vermiş, məhz bundan sonra qəbul edilmiş bir çox prosessual və digər qanunvericilik aktlarında vəkilin hüquq və vəzifələrinə geniş yer ayrılmışdır.

Təbii ki, vəkilliyin institusional formada təşəkkül tapmasında 28 dekabr 1999-cu il tarixli Azərbaycan vəkilləri üçün xüsusilə əlamətdardır. Həmin gün ilk dəfə olaraq "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun, Ümummilli lider, mərhum Prezidentimiz möhtərəm Heydər Əliyev tərəfindən imzalanmışdır. Əbəs yerə deyil ki, bir çox vəkillər məhz 28 dekabr tarixində biri-birilərini peşə bayramı günü münasibətilə təbrik edirlər. Əslində, vəkillərimiz qeyd edilən Qanunun mahiyyətini dərk edərək onun vəkilliyin inkişafına verdiyi töhfəsini anlayırlar. Qanunda vəkillər tərəfindən yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə əlaqədar bir çox müddəaların öz əksini tapması Azərbaycan vəkilliyinin sonrakı təkamülünə müsbət təsir göstərmişdir. Sevindirici haldır ki, iştirak etdiyim bir çox beynəlxalq tədbirlərdə həmin Qanun digər ölkələrin vəkillik qurumları tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Bu illər ərzində qanunumuzun mahiyyəti, onun vəkilliyimizin inkişafındakı rolu barədə kifayət qədər müzakirələr aparılmış və buna münasibət bildirilmişdir ki, burada onun məziyyətləri haqqında geniş söhbət açmağa ehtiyac yoxdur Heç kimə sirr deyil ki, Azərbaycanda vəkilliyin tarixində növbəti əlamətdar gün 11 mart 2005-ci ildir. Həmin tarixdə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam qəbul olunmuşdur. Bu ənənəyə sadiq qalınaraq, habelə dövlətimiz tərəfindən insan hüquqlarının müdafiəsinin səmərəli təşkili məsələsinə əhəmiyyət verilərək, 22 fevral 2018-ci il tarixdə Ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” yeni Sərəncam qəbul olunmuşdur. Məhz həmin gün vəkilin cəmiyyətdə, ədalət mühakiməsində malik olduğu rola dövlət tərəfindən ən yüksək səviyyədə qiymət verilmişdir. Bununlada təsdiq edilmişdir ki, əslində vəkillik öz funskional mahiyyəti baxımından publik fəaliyyətdir ki, bu publik funksiyanın icrası həm qanun, həm də Konstitusion səviyyədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına etibar olunmuşdur.

22 fevral 2018-ci il tarixli sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli müdafiəsi üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətə malik olması xüsusilə vurğulanmışdır. Həmin Sərəncamda vəkilliyin başlıca bütün sahələrinə toxunulmuş, vəkillik qurumlarının maddi və texniki bazasının gücləndirilməsi ilə bərabər vəkillərin tədrisi, onların intizamı və vəkillik fəaliyyəti ilə əlaqədar olaraq bir çox digər aktual məsələlər əhatə olunmuşdur. Sərəncamda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər sturkturlarının, vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun Bakı şəhərində və regionlarda müvafiq bina ilə təmin edilməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll edilməsi öz əksini tapmışdır.

Bundan başqa, sərəncamda ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsi, xüsusilə gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şəraitin yaradılması, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədi ilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, regionlarda vəkillik fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirilməsi, pulsuz hüquqi yardımın göstərilməsinin təşkil edilməsi, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya istiqamətində təbdirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilmişdir.

Qeyd olunan müddəaların Sərəncamda yer alması hər mənada təqdirəlayiqdir. Sərəncamda əksini tapmış bütün müddəalar vəkilliyin daha da inkişaf etməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Həmin müddəaların hər biri haqqında geniş danışmaq, geniş yazmaq olar, lakin uzun illər Vəkillərin İntizam Komissiyasında fəaliyyət göstərən vəkil olaraq daha çox Sərəncamda əksini tapmış vəkillərin intizamı ilə birbaşa bağlı olan tövsiyələrə toxunmaq istərdim. Belə ki, Sərəncamın 2.3-cü bəndinə əsasən, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi tövsiyə edilmişdir. Bildiyimiz kimi hər bir peşənin inkişafı onun intizamı ilə birbaşa bağlıdır. Buna görə də hər bir peşədə intizama riayət edilməsi onun tərəqqisinin ilkin şərtidir. İntizam olmayan yerdə həmin peşənin inkişafından söhbət belə gedə bilməz. Həmçinin vəkillik fəaliyyətində də vəkillər tərəfindən müəyyən edilmiş davranış qaydalarına, peşə standartlarına riayət edilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizin hüquqi aktları arasında vəkillərin öz fəaliyyətində yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinə dair kifayət qədər nornativ baza mövcuddur. Lakin Sərəncamda bunun xususi olaraq vurğulanması biz vəkillərdən öz peşə fəaliyyətimizə daha da məsuliyyətli yanaşmağı, "Vəkil və vəkillik fəaliyyəti haqqında" Qanunun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərini dönmədən yerinə yetirilməsini tələb edir. Hər bir vəkil nəinki öz peşə borcunu yerinə yetirərkən, həmçinin şəxsi həyatında da tələb olunan davranış qaydalarına riayət etməlidir. Vəkil onun şərəfini, nüfuzunu ləkələyə biləcək hər hansı bir hərəkətə yol verməməli, hər bir insana qarşı gözəl davranışı ilə seçilməli və sağlam mühakimə yürütməyə malik olmaqla səhvlə düzü bir-birindən ayırmağı bacaran mənəvi keyfiyyətlərə malik olmalıdr. Vəkil ünsiyyətdə olduğu insanlarla yaşından, cinsindən, tutduğu mövqeyindən asılı olmayaraq, mədəni davranmalı və öz nəzakətli münasibəti ilə seçilməlidir. Qeyd etmək olar ki, nəzakətli və səbirli olmaq vəkilin öz peşə fəaliyyətində ən böyük silahıdır. Mövcud qaydalar bütün vəkillərdə müsbət mənəvi xüsusiyyətlərin mövcud olmasını tələb edir.

Qanunvericiliyin tələblərinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfedensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Konstitusiyaya, qanuna, prosessual qanunvericiliyə və digər qanunlarına əməl edilməsi vəkilliyin əsaslarını təşkil edir.Qanunların tələblərinin icra edilməsi, vəkil sirrinin qorunması, vəkil andına və vəkil etikasına riayət edilməsi, yalnız qanunun tələblərinin rəhbər tutulması, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməsi vəkilin vəzifələrinə daxildir. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Vəkil peşə fəaliyyətini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

Həmçinin Vəkillər Kollegiyasının sonuncu yəni 7 dekabr 2017-ci il tarixdə keçirilmiş konfransında "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamə yeni redaksiyada qəbul edilmişdir. Əvvəlki əsasnamədən fərqli olaraq yeni redaksiyada vəkil peşəsi üzrə beynəlxalq davranış standartlarının Əsasnaməyə inkorporasiyası baxımından zənginləşdirilmişdir. Xüsusilə, bu zaman Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyası tərəfindən qəbul edilmiş Avropa Vəkillərinin Davranış Kodeksinin norma və prinsipləri əsas götürülmüşdür. Əsasnamədə vəkillərin müstəqilliyinə, vicdanlı davranşa, peşəkarlıq və fərdi məsuliyyətinin artırılmasına, ictimai etimada, konfedensiallıq prinsipinə riayət edilməsinə, hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət, mədəni davranış, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, ictimai və siyasi fəaliyyətə dair, vəkilin öz fəaliyyətinin təbliğinə və ictimaililik kimi davranış qaydalarının əks olunmasına xüsusi yer verilmişdir. Həmçinin vəkilin ona müraciət etmiş şəxslə münasibətlərinə, vəkilin məhkəmə və digər orqanlarla münasibətləri, vəkillər arasında münasibətlər və vəkilin peşə hazırlığı və məsuliyyəti məsələlərinə də geniş yer ayrılmışdır.

Göründüyü kimi mövcud qanunvericilik vəkildən qanunlara əməl etməyi, müstəqil olmağı, peşə sirrini qorumağı, ədalətli olmağı, vəkillik fəaliyyətinin nüfuzunu artırmağı və digər amillərlə bərabər etik davranış qaydaları çərçivəsində keyfiyyətli hüquqi yardımı həyata keçirməyi tələb edir. Vəkillərin birbaşa intizamı ilə bağlı olan qeyd edilən tələblərin 22.02.2018-ci il tarixli Ölkə başçısının məlum Sərəncamında bir daha vurğulanması hər bir vəkil üçün böyük önəm kəsb edir.

Qeyd edilənlər onu deməyə əsas verir ki, hər bir sahədə olduğu kimi vəkillik fəaliyyətinin inkişafında cəmiyyətlə bərabər dövlətin də maraqlı olması vəkil peşəsinin parlaq gələcəyindən xəbər verir ki, son nəticədə bu, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsində özünü büruzə verəcəkdir.

               Şahmar Məmmədov
Vəkillərin İntizam Komissiyasının sədri