Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin İxtisas Komissiyasının məlumatı

28 yanvar 2018    501

Bu gün – yanvar ayının 28-də Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin binalarında vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilir. 2000-ə yaxın vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur. Azərbaycanın tarixində hüquq peşəsinə qəbulla bağlı ilk dəfə bu qədər rekord sayda namizədin iştirak etdiyi imtahanda namizədlərə hüquqün müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaqdır ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. İmtahanın nəticələri barədə gün ərzində Vəkillər Kollegiyasının yeni işə düşən internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunmuş, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin edilmişdir.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, 2016-cı ilin aprel ayında başlanılmış və həmin ilin dekabr ayınadək davam edən vəkilliyə sənəd qəbulu Vəkillər Kollegiyasının qərarına əsasən, 11 dekabr 2017-ci il tarixdə bərpa edilmiş və bir ay davam edən qəbul nəticəsində sənəd verənlərin ümumi sayı 2000-ə yaxın olmuşdur. İmtahanda iştirak edən ən yaşlı namizəd 77, ən gənc isə 24 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 63,4%, Respublikanın digər regionları üzrə isə 36,6%-dir. Sevindirici haldır ki, imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Eyni zamanda, namizədlərin cari və vaxtilə əmək fəaliyyətində olduqları iş yerləri üzrə statistika belədir: özəl sektor – 43,2%, məhkəmə orqanları – 17%, publik (dövlət) orqanları – 14,5%, polis orqanları – 9,2%, ədliyyə orqanları – 3,8%, porkurorluq orqanları – 3,4%, vergi orqanları – 3,3%, digər sahələr – 5,6%. Namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 50,4% ilə Bakı Dövlət Universiteti tutur.

Ümumiyyətlə, Vəkillər Kollegiyasının keçirdiyi əvvəlki imtahanlardan fərqli olaraq bu dəfəki qəbul prosesi aşağıdakı yeniliklər ilə yadda qalmışdır.

Vəkillərin İxtisas Komissiyasının rəyinə əsasən, daha çox namizədin test mərhələsindən keçməsinin asanlaşdırılması məqsədilə yazılı test imtahanı mərhələsində “Məntiq”ə dair suallardan istifadə olunmaması qərarlaşdırılmışdır.

Həmçinin, vəkilliyə sənəd vermək arzusunda olan, lakin 3 illik iş stajı tamam olmayan namizədlərin sənədlərinin qəbulu, həmin namizədlərin ehtimal olunan iş stajlarının sənəd qəbulunun bitməsindən sonrakı 3 ay ərzində tamamlanması şərtilə həyata keçirilmişdir.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq rəyinə əsasən, son 3 il ərzində fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların işlədiyi həmin dövrün əmək stajı kimi hesablanması və bunun nəticəsində vəkilliyə qəbul üzrə sənədlərinin Qəbul Komissiyasına verə bilmələri qərarlaşdırılmışdır.

Qeyd olunmalıdır ki, Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş ilkin razılığa əsasən, gələcək aylarda vəkilliyə qəbulun bərpa olunaraq müntəzəm əsaslarla keçirilməsi planlaşdırılır.

(c) Vəkillərin İxtisas Komissiyası