Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ RƏYASƏT HEYƏTİNİN GENİŞLƏNDİRİLMİŞ İCLASI KEÇİRİLMİŞDİR

06 iyun 2018    5345

Bugün – iyun ayının 6-da Holiday Inn mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda tədbir keçirilmişdir. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd etmişdir ki, hüquqi dövlətdə vəkillik təsisatın rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti vardır. 

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilmişdir. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində cari ilin yanvar ayından etibarən Vəkillər Kollegiyasının vəkillərin və vətəndaşların bütün tələblərinə və maraqlarına cavab verən rəsmi veb-saytı hazırlanmış və istifadəyə verilmişdir. Saytın hazırlanmasında qabaqcıl Avropa təcrübəsindən yararlanılmışdır. Saytda vəkillərlə mütəmadi və operativ əlaqənin təmin olunması üçün şəxsi kabinetlər yaradılmış, bu kabinetlər vasitəsilə vəkillərin Rəyasət Heyəti ilə zəruri məlumat mübadiləsi sürətləndirilmişdir.

Daha sonra, Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “E-məhkəmə” informasiya sistemi” mövzusunda çıxış etmiş, elektron məhkəmə sisteminin səmərəliliyi və üstünlükləri, o cümlədən vəkillər üçün əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. 

Tədbirdə həmçinin, Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “vəkil kabineti” təqdim edilmiş, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilmişdir.

Bugün, həmçinin, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirmişdir ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli məlum Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.

Daha sonra, peşəyə buraxılan 89 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içmiş, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilmişdir. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1202 olmuşdur.