Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Türkdilli ölkələrin vəkillər kollegiyalarının nümayəndələri Türkiyənin Kastamonu şəhərində keçirilən konfransda iştirak etmişlər

04 iyul 2018    1167

İyunun 29-30-u tarixlərində Türkdilli və Əqraba Ölkələrin Vəkillər Kollegiyalarının (TÜRK-AV), Türkiyə Vəkillər Kollegiyaları Birliyinin və Kastamonu Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Türkiyənin Kastamonu şəhərində “Ölkələrarası əlaqələrin inkişafında vəkillər və vəkillər kollegiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Özbəkistan, Monqolustan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Qazaxıstan vəkillər kollegiyalarının iştirak etdiyi tədirdə ölkəmiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədrin müavini Pərviz Ələkbərov tərəfindən təmsil edilmişdir.

Tədbiri giriş sözü ilə açan Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədri Metin Feyzioğlu vəkillərin ölkələrarası əlaqələrin qurulmasındakı rolunun əhəmiyyətini, həmçinin qanunun aliliyinin təmin edilməsində bu kimi əlaqələrin özünəməxsusluğu barədə öz fikirlərini bölüşmüşdür.

Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkillik sahəsində aparılan islahatlar, Azərbaycan Respublikasının Prezidentinin vəkilliyin inkişafı haqqında sonuncu Sərəncamdan irəli gələn tövsiyələrin icrası, habelə türkdilli ölkələrin vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasında TÜRK-AV-ın mühüm rolu barədə geniş çıxış etmişdir.

Tədbirdə Kastamonu vilayətinin bələdiyyə sədri, icra hakimiyyətinin başçısı və bir sıra digər vəzifəli şəxslər iştirak etmişdir.

Konfransın ardından mədəni tədbirlər çərçivəsində Türk xalq musiqi konsertində iştirak edilmiş, Türk Ocaqlarının Kastamonu şöbəsi ziyarət edilmişdir.

Həmçinin Kostamonu Universitetinə də baş çəkilmiş, tələbələrin və universitet rektoru Prof. Dr. Seyit Aydının iştirakı ilə keçirilən görüşdə Anar Bağırov Türkiyə ilə Azərbaycan arasında hüquq əməkdaşlığı, hüquqşünasların təcrübə mübadiləsi və sair aidiyyəti məsələlər barədə çıxış etmişdir.

Tədbirlərin sonunda xatirə fotoları çəkilmişdir.