Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillik sahəsində islahatlar davam etdirilir

06 iyul 2018    3050

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanmış, Azərbaycan Respublikasının regionlarında vəkil qurumlarının fəaliyyətinin təmin olunması, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulmuşdur.

Bununla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən tədbirlər planı hazırlanmış, zəruri hesab olunam işlər görülmüş və hal-hazırda da bu işlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasının regionlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər görülməkdədir.

Bu tədbirlərin davamı olaraq, ötən günlərdə ölkəmizin iki bölgəsi – Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlamışdır. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilmişdir.

Bundan başqa, ötən aylar ərzində Bakı və Xırdalan şəhərlərində 4 yeni vəkil qurumu – Bakı şəhəri 18 saylı Vəkil Bürosu, “BHM və partnyorları” vəkil bürosu, “Ədalət” vəkil bürosu və Xırdalan şəhər Vəkil Bürosu fəaliyyətə başlamış, eləcə də fəaliyyət göstərməkdə olan 13 vəkil qurumunun nizamnamələrində müvafiq dəyişikliklər edilərək, “hüquq məsələhətxanası” adı “vəkil bürosu” adı ilə əvəz olunmuşdur.