Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkillərin sayının artırılması vacibdir” - Sahib Məmmədov

29 yanvar 2018    315

"Vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ciddi işlər başlayıb"

Xəbər verdiyimiz kimi, dünən Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. Prosesi yaxından izləyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov AzVision.az-a bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan yazılı imtahan yüksək səviyyədə, kifayət qədər şəffaf, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilib:

“İlk dəfə idi ki, Azərbaycanda hüquqşünaslar üçün bu tərkibdə imtahan keçirildi. İmtahanda 1876 nəfər iştirak etdi. Onlardan 33 faizə yaxını növbəti mərhələyə keçid balını toplaya bildi. İmtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda suallar xeyli sadələşdirilmişdi. Suallar vəkillər üçün daha vacib – Cinayət, Cinayət Prossesual, Mülki, Mülki Prosessual, Əmək Məcəlləsi, Vəkil və Vəkil fəaliyyəti haqqında qanunları əhatə edirdi”.

S.Məmmədov qeyd edib ki, ötən imtahanlardan fərqli olaraq vəkillərə hansı qanunlardan sualların veriləcəyi ilə bağlı əvvəlcədən xəbər verilmişdi: “İmtahanda iştirak edənlərin bu mərhələni keçmə şansları çox idi. İmtahanda 607 nəfər növbəti mərhələyə keçə bildi. Növbəti mərhələyə adlayan 607 nəfərin regional paylanma sxemi pis deyil. Ümid edirəm ki, növbəti müsahibə mərhələsində onların əksəriyyəti icbari kurslar mərhələsinə keçə biləcəklər”.

S.Məmmədovun fikrincə, Azərbaycanda hazırda adambaşına düşən vəkillərin sayı kritik səviyyədə azdır. Bunun da bir sıra səbəbləri var.

“Azərbaycanda vəkillik yenidən bir institut kimi formalaşanda kollegiyanın 400 nəfərə yaxın üzvü vardı. Ötən 20 il ərzində cəmi 600-ə qədər vəkil qəbul olunub. Bu, çox aşağı göstəricidir. Amma bu imtahanda 607 nəfər növbəti mərhələyə keçib. Proses bundan sonra da davam edəcək. Hesab edirəm ki, vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür. Bunlardan biri də vəkillərin sayının artırılmasıdır. Bu yaxınlarda qanuna edilən dəyişikliyə görə, məhkəmə orqanlarında nümayəndəlik institutu ləğv olunub. Hazırda vəkillik institutunun möhkəmləndirilməsi, vəkillərin sayının artırılması, eyni zamanda regionlarda vəkillərin sayının artırılması hədəflənir. Bu, çox vacibdir. Konstitusiyamıza əsasən, dövlət hər kəsə yüksək səviyyədə, peşəkar hüquqi yardım təminatı verir. Ona görə də vəkilliyə univerisitet təhsili olan hər kəsi buraxmaq olmaz. İmtahan zəruridir. Məhz peşəkar hüquqi yardım vermək qabiliyyəti olan şəxslərə müdafiə institutu həvalə olunmalıdır”, - S.Məmmədov deyib.

“İlk dəfə idi ki, Azərbaycanda hüquqşünaslar üçün bu tərkibdə imtahan keçirildi. İmtahanda 1876 nəfər iştirak etdi. Onlardan 33 faizə yaxını növbəti mərhələyə keçid balını toplaya bildi. İmtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda suallar xeyli sadələşdirilmişdi. Suallar vəkillər üçün daha vacib – Cinayət, Cinayət Prossesual, Mülki, Mülki Prosessual, Əmək Məcəlləsi, Vəkil və Vəkil fəaliyyəti haqqında qanunları əhatə edirdi”