Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Əmək Məcəlləsinin ilk Elmi-Praktik Kommentariyası işıq üzü görmüşdür

09 iyul 2018    2012

Bu günlərdə Azərbaycan Respublikasının hüquq tarixində onun əmək sahəsi üzrə məcəllələşdirilmiş aktının ilk əhatəli elmi-praktik kommentariyası oxuculara təqdim edilmişdir. Kitab Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımovun müəllifliyi və məsul redaktorluğu ilə hazırlanmışdır.

Kitabın müəlliflər kollektivinin rəhbəri və məsul redaktoru Alış Qasımov kommentariyanı Vəkillər Kollegiyasının sədri Anar Bağırova təqdim etmiş, kitabın elmi-praktiki əhəmiyyəti, onun müxtəlif sahələrdən olan hüquqşünasların istifadəsi üçün yararlı olması barədə məlumat vermişdir.

O bildirmişdir ki, bu kommentariya öz qarşısına 1 fevral 1999-cu il tarixli Əmək Məcəlləsinin müddəalarını açıqlamaq, onların elmi-praktik şərhini vermək, həmin müddəaların təcrübədə düzgün tətbiqinə yardım göstərmək, əmək münasibətləri sahəsində fikir ayrılıqlarının və mübahisələrin azalmasına, əmək müqaviləsi tərəflərinə ədalətlə və qanunun ruhuna uyğun şəkildə hərəkət etməkdə kömək göstərmək məqsədi daşıyır.

Daha sonra, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasından ali təhsil müəssisələrinin hüquq fakültələrinin bakalavrları, magistrləri, doktorantları, müəllimlərinin, vəkillərin, eləcə də hakimlərin bəhrələnə biləcəyini qeyd etmiş və bildirmişdir ki, kitab Vəkillər Kollegiyası tərəfindən elmi-praktiki vəsait kimi bütün vəkillərə tövsiyə olunacaqdır.

Sonda Vəkillər Kollegiyasının sədri Anar Bağırov kommentariyanın müəllifinə ərsəyə gətirdiyi dəyərli vəsaitə görə öz təşəkkürünü bildirmiş, ona peşə fəaliyyətində uğurlar diləmişdir.