Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL QURUMLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

12 iyul 2018    1697

Bu günlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilmişdir.

İclasda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələn tövsiyələrin icrası bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verdikdən sonra vəkil qurumlarının fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.

Qeyd olunmuşdur ki, Rəyasət Heyətinin son iclasında vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunmuş, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabineti”ndə fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması barədə məlumat verilmişdir.

İclasda bu məsələ ətrafında müzakirələr aparılmış, fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinin və nəzarət mexanizminin əhəmiyyəti vurğulanmış, vəkil qurumlarının rəhbərlərinin fikirləri və təklifləri dinlənilmişdir.

İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının “vəkil bürosu” olaraq dəyişdirilməsi məsələsinə də toxunulmuş, artıq əksər məsləhətxanaların qeyd olunan dəyişikliyi həyata keçirdiyi, digərlərinin isə yaxın zamanda nizamnamələrinə müvafiq dəyişiklik edəcəyi bildirilmişdir.

İclasda, həmçinin ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi müzakirə olunmuş, 22 fevral 2018-ci il tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilmişdir.

Bundan başqa, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin peşə fəaliyyəti zamanı bəzi nöqsanlara yol verdikləri, etik davranış qaydalarının bəzi müddəalarının pozulması hallarına rast gəlindiyini qeyd etmiş, bu cür halların aradan qaldırılması, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi və vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tapşırıqlarını vermişdir.

Sonda vəkil qurumlarının təmsilçiləri ilə qurumların fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.