Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin İxtisas Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılması ilə bağlı tövsiyəsinin icrası məqsədilə bu ilin 28 yanvar tarixində keçirilmiş vəkilliyə qəbul üzrə yazılı test imtahanı nəticəsində imtahanda bilavasitə iştirak etmiş 1873 namizəddən 607 nəfəri imtahanı uğurlar keçərək müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılmışdır.

Bütün namizədlərlə bərabər şəraitdə keçirilən bu imtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə imtahanın nəticələri həmin gün yoxlanılaraq mətbuatda işıqlandırılmışdır.

Yazılı test imtahanın nəticələrinə görə, müvafiq bal toplaya bilməyərək imtahanın bu mərhələsini keçə bilməyən 1266 namizəddən 23 nəfəri imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir.

Bununla əlaqədar, bu gün Dövlət İmtahan Mərkəzinin inzibati binasında İmtahan Mərkəzinin, Vəkillər Kollegiyasının rəhbərliyinin və Vəkillərin İxtisas Komissiyasının bir sıra üzvlərinin, habelə namizədlərin bilavasitə iştirakı ilə qaldırılan məsələlər araşdırılmışdır.

Proses zamanı vəkilliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılmış və müvafiq izahlar verilmişdir.