Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

RESPUBLİKANIN QƏRB REGİONUNUN VƏKİLLƏRİNİN İŞTİRAKI İLƏ ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLMİŞDİR

11 sentyabr 2018    1425

Bugün Respublikanın qərb regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar”başlığı altında elmi-praktik seminar keçirilimişdir. Bu gün və sabah keçiriləcək, 60 nəfər vəkilin, habelə məhkəmə hakimiyyəti nümayəndələrinin də qatıldığı tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, tədbirdə Gəncə, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Mingəçevir, Ağstafa və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk əvvəl "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamın tarixi əhəmiyyəti, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə öz fikirlərini bölüşmüş. Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulamış, son dönəmlər vəkillik etikası kimi mövzularının vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından üçün aktuallığı barədə fikirlərini bölüşmüşdür.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov tədbir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin region vəkilləri üçün əhəmiyyətini vurğulamış, vəkillərin peşə etikasına riayət etmələrinin vəkilliyin nüfuzunun artırılmasına təsiri barədə auditoriyanı məlumatlandırmışdır.

İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda iştirak etmişdir. Doktor Rudolf Laudanın təqdimat çərçivəsində mühazirəsi dinlənilmiş, Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılmış, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Seminar çərçivəsində həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilmişdir.

Eyni zamanda, səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşü də nəzərdə tutulmuşdur.