Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Xarici dil bilən vəkillər üçün əla fürsət

02 oktyabr 2018    2008

ELAN: Xarici dil bilən vəkillər üçün əla fürsət

Kan Memorial Muzeyi hər il dünyanın müxtəlif ölkələrinin vəkilləri ilə insan hüquqları mövzusunda beynəlxalq müsabiqə keçirməkdədir. Bu il keçiriləcək müsabiqədə ölkəmizdə fəaliyyət göstərən vəkillərin iştirak etməsi üçün təşkilatçılar tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilmişdir. 30 yaşını qeyd edəcək müsabiqədə yaşından və milli mənsubiyyətindən asılı olmayaraq ingilis və fransızdilli vəkillər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən vəkillər öz icraatlarında olmuş işlərdən insan hüquq və əsas azadlıqları barədə müdafiə çıxışı hazırlamalı və müsabiqədə münsiflər qarşısında müdafiə nitqi ilə çıxış etməlidir. Çıxış üçün 12 dəqiqə vaxt veriləcəkdir.

Qeydiyyatdan keçmək üçün müdafiə çıxışının qısa xülasəsi (tam mətn deyil), münsiflər üçün nümunəvi müdafiə nitqinin 3 dəqiqəlik videosu, müraciət edən şəxsin Vəkillər Kollegiyasının üzvü olması barədə arayış və müdafiə çıxışının mövzusu olan işin həqiqi olması barədə sübut təqdim edilməlidir.

Müdafiə çıxışının xülasəsi, Vəkillər Kollegiyasından arayış və müdafiə çıxışının mövzusu olan işin həqiqi olması barədə sübut mətn faylı formasında, video görüntü isə WeTransfer ilə elektron poçt vasitəsilə avocats@memorial-caen.fr ünvanına göndərilməlidir.

Müsabiqədə iştirak etmək üçün son qeydiyyat tarixi 9 noyabr 2018-ci ildir.

Qeyd etmək lazımdır ki, dekabr ayının ortalarında müraciət edən şəxslər sırasından 10 nəfər finalçı seçiləcək, 27 yanvar 2019-cu il tarixində isə Kan Memorial Muzeyində final mərhələsi keçiriləcəkdir.

Final mərhələsində iştirak edəcək vəkillərin səyahət, nəqliyyat, qidalanma və Kan şəhərində 3 gecə qalma xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

Müsabiqənin uduş fondu 16 000 avro təşkil edir.

Nəzərinizə çatdırırıq ki, final mərhələsində vəkillər vəkil mantiyasında çıxış etməlidirlər.

Əlavə məlumat üçün: (yüklə) (yüklə)