Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

08 oktyabr 2018    1637

Bu gün Belarus Respublikasının Vəkillər Kollegiyasının sədri, Belarus parlamentinin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasının sədr müavini və Prezident yanında Əfv Komissiyasının üzvü Viktor Çayçitsin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.

Azərbaycanın Vəkillər Kollegiyası ilə əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüşdə sədr Anar Bağırov, Rəyasət Heyətinin rəhbərliyi, habelə Vəkillərin Beynəlxalq İttifaqının üzvü, belaruslu vəkil Valerian Danilov da iştirak etmişlər.

Qonaqları salamlayan Anar Bağırov son dövlər ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi istiqamətində görülən işlər, vəkillərin sayının artırılması üzrə atılmış addımlar, vəkillərin ibtidai araşdırma və məhkəmə mərhələsindəki fəaliyyətləri barədə müxtəsər məlumat vermiş, bu sahədə xarici ölkələrin nümunəvi təcrübəsinin öyrənilməsinin əhəmiyyəti barədə fikirlərini bildirmişdir.

Öz növbəsində belaruslu qonaq öz ölkəsində vəkilliyin daha da müstəqil təsisata çevrilməsi istiqamətində görülən işlər, xüsusilə Belarus Respublikasında son dövrlər vəkillərin prosessual hüquqlarının artırılması üzrə atılmış addımlar, vəkilliyə qəbulun sadələşdirilməsi və vəkillərin sayının artırılması barədə həyata keçirilmiş tədbirlər haqqında öz fikirlərini bölüşmüşdür.

Faydalı fikir müdabiləsi şəraitində keçən görüşün sonunda Azərbaycan Respublikasının və Belarus Respublikasının vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, xüsusilə Belarusda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan belarusların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar memorandumda təsbit olunmuşdur.

Sonda belaruslu qonaqlar ilə xatirə fotosu çəkilmişdir.