Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLİYƏ SƏNƏD QƏBULU TAM SADƏLƏŞDİRİLMİŞDİR - VƏKİLLƏR KOLLEGİYASININ RƏYASƏT HEYƏTİNİN İCLASI

30 oktyabr 2018    1555

Oktyabrın 29-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşmüş, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin təmiri və istifadəyə verilməsi üzrə hazırlıq işləri, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət və digər məsələlər barədə iclas iştirakçılarına məlumat vermişdir.

İclasda həmçinin qeyd olunan Sərəncamının icrası çərçivəsində Naxçıvan MR-da insanların hüquqi yardıma çatımlılığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində yaşayan əhaliyə keyfiyyətli hüquqi yardımın çatdırılması məqsədilə Naxçıvan MR-nın Vəkillər Kollegiyasına nəqliyyat vasitəsinin alınıb verilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa bildirilmişdir ki, Azərbaycan Respublikasının bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınmışdır. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil ediləcəkdir.

Bundan başqa, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən dövlət qulluğuna keçmək ilə əlaqədar, fəaliyyəti dayandırılmış vəkillərin dövlət qulluğunda olduqları dövrdə üzvlük haqlarının ödənilməsi barədə qərar qəbul olunmuşdur.

Daha sonra ölkəmizdə səmərəli vəkillik fəaliyyətinin təşkili, o cümlədən vəkillik haqqında qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli məqsədilə Vəkillər Kollegiyasının üzvlərinin rəyləri nəzərə alınmaqla ilk dəfə olaraq “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar qəbul olunmuş, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına dəyişikliklər edilmiş və yaxın günlərdə adıçəkilən qaydaların Kollegiyanın rəsmi internet səhifəsində yerləşdirilməsinin zərurəti bildirilmişdir.

Vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlər onların iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamayacaqlar. Onlar imtahanda iştirakla bağlı özlərinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaqdır.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Xəzər Consulting”, “Faiq Nağıyev və partnyorları”, “Alyans” vəkil büroları, Bakı şəhəri 23, 25 və 26 saylı vəkil büroları, o cümlədən Astara rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunmuşdur.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin, habelə “Advokat” futbol komandasının bu günlərdə Ukraynada keçirilmiş vəkillər arasında futbol turnirində qələbə qazanması münasibətilə komanda üzvlərinin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.

İclasda vəkillər barəsində başlanılmış 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 1 il müddətinə və mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 6 ay müddətinə dayandırılması ilə bağlı qərər qəbul olunmuşdur. Həmçinin 1 vəkilə töhmət, 1 vəkilə xəbərdarlıq verilmiş, 12 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınmışdır.