Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Dövlət Bayrağı günü” münasibətilə Siyəzən rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilmişdir

08 noyabr 2018    317

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Göstərilən tövsiyənin icrası ilə bağlı, habelə “Dövlət Bayrağı günü” münasibətilə həyata keçirilən tədbirlərin davamı olaraq noyabr ayının 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Siyəzən rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Heydər Əliyev adına mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar.

Qeyd etmək lazımdır ki, tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı A.Hüseynov, Siyəzən rayon prokuroru vəzifəsini icra edən M.Kazımov, Siyəzən rayon Məhkəməsinin sədri B.Ələkbərov, Siyəzən rayon Polis Şöbəsinin rəsi V.Vəlimətov, o cümlədən Vəkillər Kollegiyasının sədr müavini P.Ələkbərov da iştirak etmiş, vətəndaşların problemləri ilə maraqlanmışlar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.