Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ALMANİYA FEDERAL VƏKİLLƏR PALATASININ SƏDRİ ULRIX VESSEL AZƏRBAYCAN VƏKİLLİYİNDƏ SON DÖVRLƏR GÖRÜLƏN İNKİŞAFI TƏQDİRƏLAYİQ HESAB EDİR

28 noyabr 2018    775

Vəkillər Kollegiyasının nümayəndə heyəti Almaniyada ilk dəfə rəsmi səfərdədir

Bu günlərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi Kollegiyanın rəhbərliyindən və Vəkillərin İntizam Komissiyasının bir sıra üzvlərindən ibarət nümayəndə heyəti Almaniyaya təcrübə səfərinə yola düşmüşlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə baş tutan səfərin əsas məqsədini Azərbaycan və Almaniya vəkillər kollegiyaları arasında əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin intizam məsələlərinə baxılması ilə bağlı Almaniya təcrübəsinin öyrənilməsi, habelə müvəkillər və vəkillər arasında hüquqi xidmətlərin göstərilməsi sahəsində yaranan mübahisələrin həlli və sair məsələlər barəsindən təcrübə mübadiləsinin təmin edilməsi təşkil etmişdir.

Səfərin birinci günü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti Almaniya Federal Vəkillər Palatasının sədri Ulrix Vessel tərəfindən qəbul edilmişdir. Qonaqları salamlayan cənab Vessel Azərbaycanda vəkillik sahəsində son dövrlər qısa müddət ərzində görülmüş və aparılan islahatlar barəsində məlumatlı olduğunu və bu sahədəki inkişafın onda xoş təəssürat buraxdığını bildirmiş, Almaniya Federal Vəkillər Palatasının beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklərini ifadə etmişdir.

Eyni zamanda Almaniya Federal Vəkillər Palatasının azərbaycanlı vəkillər üçün vəkillik sirri, vəkillərin peşə davranışı standartları, mülki və cinayət işlərində vəkillərin müdafiə işinin təşkili istiqamətində təlimlərin təşkili, bu sahədə almaniyalı ekspertlərin cəlb olunmasına hazır olması cənab Vessel tərəfindən səsləndirilmişdir.

Bundan başqa, görüşdə Ulrix Vessel sədr Anar Bağırovu növbəti ildə də ölkəsinə dəvət etmiş və cənab Bağırov həmin dəvəti məmnunluq hissi ilə qəbul etdiyini bildirmişdir.

Daha sonra sədr Anar Bağırov səmimi şəraitdə keçirilmiş görüşə görə cənab Vessele öz təşəkkürünü bildirmiş, ölkəmizdə vəkil peşəsinin daha da təkmilləşdirilməsi üzrə görülən işlər barəsində müxtəsər məlumatla çıxış etmiş və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının növbəti dövrdə Almaniya Federal Vəkillər Palatası ilə hərtərəfli əməkdaşlıq münasibətlərində maraqlı olduğunu səsləndirmişdir.

Görüşdə Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Vəkillərin İntizam Komissiyasın sədri Şahmar Məmmədov və sədr müavini İlhamə Həsənova, Vəkillərin İntizam Komissiyasının bir sıra üzvləri, GİZ təmsilçiləri və Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü Rudolf Lauda da iştirak etmişlər.

Vəkillər Kollegiyasının sədrinin iki gün davam edən rəsmi səfərindən sonra Vəkillərin İntizam Komissiyasının üzvləri üçün bir həftəlik nəzərdə tutulmuş təcrübə səfəri öz işinə davam etmişdir.