Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İlk dəfə olaraq vəkillər arasında futbol turniri keçiriləcək

03 dekabr 2018    654

Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət olan “Advokat” futbol komandası formalaşdırılmış və hazırda həmin komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak etməkdədir.

Komanda hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı futbol liqasında mübarizə aparmaqla bərabər Litvanın Vilnus şəhərində keçirilmiş və Litva Vəkillər Kollegiyasının təşkil etdiyi, həmçinin Şərqi Avropa və bir sıra MDB ölkələrin vəkillər kollegiyalarının futbol komandalarının qatıldığı beynəlxalq futbol turnirində fəxri 3-cü yeri, Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal üzrə turnirdə isə 1-ci yeri tutmuşdur.

Qeyd olunan ənənənin davam etdirilməsi, o cümlədən vəkil qurumları və vəkillər arasında kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə ilk dəfə olaraq vəkillər arasında birinci turnirin keçirilməsi qərara alınmışdır.

08.12.2018-02.02.2019 fevral tarixədək davam edəcək turnirdə 8 komanda – “Barrister”, “Veteranlar”, “Advokat”, “Sumqayıt”, “Abşeron”, “11 saylı Vəkil Bürosu”, “16 saylı Vəkil Bürosu” və “Ədalət” komandaları iştirak edəcəkdir.

Oyunlar hər həftənin şənbə günü saat 10-dan 12-dək Böyükşor bulvarında, Olimpiya stadionunun yanında yerləşən “Azfar” stadionunda oynanılacaqdır. Oyunları izləmək istəyən şəxslər qeyd olunan tarixdə və saatlarda həmin stadiona gələrək turniri yaxından izləyə bilərlər.

Məlumat üçün bildiririk ki, gələn il Azərbaycan vəkilliyinin 100 illiyi çərçivəsində müxtəlif ölkələrin vəkillər kollegiyalarının futbol komandalarının iştirak edəcəyi beynəlxalq turnirin təşkil olunması nəzərdə tutulmuşdur.