Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DÖVLƏT QULLUĞUNDA OLAN FƏALİYYƏTİ DAYANDIRILMIŞ VƏKİLLƏR ÜZVLÜK HAQQI ÖDƏMƏKDƏN AZAD EDİLDİLƏR

04 fevral 2019    1728

Fevralın 4-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqi barədə məlumat vermiş, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.

İclasda Tərtər və Astara rayon vəkil bürolarının təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunmuş, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılmış, o cümlədən, dövlət qulluğunda olan və fəaliyyəti dayandırılmış vəkillərin mart ayından etibarən üzvlük haqqı ödəməkdən azad edilmələri qərara alınmışdır.

İclasda vəkillər barəsində başlanılmış 8 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə irad, 1 vəkilə xəbərdarlıq verilmiş, 3 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş, 3 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınmışdır.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.