Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

HÜQUQ TƏLƏBƏLƏRİ ARASINDA NÜFUZLU MƏHKƏMƏ MÜSABİQƏSİ ÜZRƏ FİNAL KEÇİRİLMİŞDİR

09 fevral 2019    718

Bu gün - 9 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının media dəstəyi, ADA Universitetinin akademik dəstəyi və “ABŞ Təhsilli Azərbaycanlı Məzunlar” İB, “AtaBank”ın, “Grata - Azərbaycan” şirkətinin, “MGB” və “Remells” hüquq şirkəti təşkilati dəstəyi ilə ADA universitetində Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimi keçirilmişdir.

Onüçillik fasilədən sonra Azərbaycanda yenidən keçirilən bu müsabiqənin məqsədi ölkəmizdə gənc hüquqşünaslar arasında məhkəmə müsabiqələrinə, vəkil peşəsinin marağın artırılması ilə bərabər hüquq tələbələrinin beynəlxalq arenaya çıxışının intensivləşməsinə təkan verməkdən ibarətdir.

Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, yazı və müdafiə bacarıqlarını sınağa çəkir və bununla iştirakçılarına əvəzsiz təcrübə verir. Bununla tələbələr artıq tələbəlikdən beynəlxalq məhkəmə təcrübəsinin yaxından iştirakçısına çevrilirlər.

Hazırda Bakı Dövlət Universiteti ilə Dövlət Gömrük Komitəsi Akademiyasının komandaları arasında final seçimi keçirilməkdədir. Qalib komanda bu ilin aprel ayında Vaşinqton şəhərində keçiriləcək Müsabiqənin beynəlxalq raundlarına vəsiqə qazanaraq ölkəmizi mötəbər yarışda təmsil edəcəkdir.

Qeyd olunmalıdır ki, ümumilikdə 100-ə qədər ölkədən 700 hüquq məktəbində təhsil alan 3000 tələbənin iştirak etdiyi Müsabiqənin Azərbaycan seçimlərinə Vəkillər Kollegiyasının dəstək verməsi təsadüfi deyil. Belə ki, son bir ildə sürətlə inkişaf edən vəkillik instititunun bazası olan hüquq tələbələrinin hələ tələbəlik dövründə vəkillik bacarıqlarının inkişafına dəstək vermək Kollegiyanın uzunmüddətli perspektivdə qarşısına qoyduğu hədəflərdən biridir. Məsələnin aktuallığı həm də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamından irəli gəlir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması Kollegiyaya tövsiyə olunmunşdur.

Ölkəmizdə beynəlxalq səviyyəli gənc vəkillərin belə müsabiqələr vasitəsilə yetişəcəyi danılmazdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası növbəti illərdə də Müsabiqənin milli seçimlərinə dəstək verəcəkdir.

Məlumat üçün bildirək ki, müsabiqənin qalibi Bakı Dövlət Universitetinin hüquq fakültəsi olmuşdur.