Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi Belarus ədliyyəsinin 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak etmişdir

12 fevral 2019    366

Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq uğurla icra olunur, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər keçirilir. Ötən ilin noyabrında Belarusun ədliyyə naziri ölkəmizdə səfərdə olaraq Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Əməkdaşlığın davamı olaraq respublikamızın ədliyyə naziri Fikrət Məmmədov belaruslu həmkarının dəvətinə əsasən Belarus Ədliyyə Nazirliyinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Minsk şəhərində səfərdə olub.

Rusiya, Tacikistan və Özbəkistanın ədliyyə orqanları rəhbərlərinin də iştirak etdiyi "Hüquqi dövlətin formalaşdırılmasında ədliyyə orqanlarının rolu" mövzusunda konfransın açılışında Belarusun ədliyyə naziri Oleq Slijevski, Belarus Prezidenti Administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin sədri çıxış edib, konfransın hüquqi dövlətdə ədliyyə sisteminin inkişafına və yeni çağırışlara həsr olunduğunu bildirib, müsbət təcrübələrin mübadiləsi baxımından əhəmiyyətini qeyd ediblər.

Geniş məruzə ilə çıxış edən O.Slijevski Ədliyyə Nazirliyinin 100 illik tarixindən və inkişaf yolundan danışıb, həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumat verib, müxtəlif dövlətlərlə, o cümlədən Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin ASAN xidmət və digər müsbət təcrübəsindən bəhrələnildiyini qeyd edib.

Tədbirdə ölkəmizin ədliyyə naziri F.Məmmədov çıxış edərək yubiley münasibətilə təbriklərini ifadə edib, Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun müstəsna rolunu vurğulayıb, ədliyyə orqanlarının da uğurla əməkdaşlıq etdiyini bildirib.

Həmçinin, ədliyyə və məhkəmə sahəsində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və innovasiyalar, o cümlədən elektron sistemlərin və xidmətlərin tətbiqini qeyd edib, ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında Probasiya xidmətinin fəaliyyəti, elektron nəzarət vasitələrinin tətbiqi barədə məlumat verib.

Çıxışda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın Ermənistan tərəfindən 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı iştirakçıların xüsusilə diqqətinə çatdırılıb.

Konfransda digər məruzələr dinlənilib, müzakirələr, faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Çıxış edənlər Belarus Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid olan vəkillik və notariat sahəsində Azərbaycanın mütərəqqi islahatlarını təqdir ediblər.

Tədbir çərçivəsində Azərbaycan və Belarus ədliyyə nazirlərinin ikitərəfli görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsi vurğulanıb, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Respublikamıza səfərləri zamanı hərtərəfli tərəqqinin və intensiv islahatların aparılmasının şahidi olduğunu söyləyən Belarusun ədliyyə naziri Azərbaycanın böyük uğurlar əldə etdiyini, hüquqi sahədə nailiyyətlərimizi ölkəsində tətbiq etmək niyyətində olduğunu qeyd edib.

Konfrans zamanı ölkəmizdə həyata keçirilən islahatlara və nailiyyətlərə böyük maraq göstərilərək yerli KİV nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.

Yubiley tədbirləri çərçivəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında Nazirliyin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Tədbirdə Belarus Prezidentinin ədliyyə orqanlarına təbrik müraciəti səsləndirilib, təltifetmə mərasimi olub, yubileyə həsr olunmuş xüsusi film nümayiş etdirilib, mədəni proqram və ziyafət təşkil edilib.

Tədbirlərdə, həmçinin Azərbaycanın Vəkillər Kollegiyasının rəhbərliyi təmsil olunub, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov iştirak edib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovın rəhbərliyi ilə Vəkillər Kollegiyasının nümayəndə heyəti Belarus Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən tədbirə dəvət olunmuşdur.