Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL QURUMLARININ RƏHBƏRLƏRİ İLƏ İCLAS KEÇİRİLMİŞDİR

11 mart 2019    1157

Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilmişdir.

İclasda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı, Sərəncamın Azərbaycanda vəkillik institutu üçün önəmi, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verdikdən sonra vəkil qurumları ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.

Qeyd olunmuşdur ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2018-ci il üzrə təqdim edilən statistik hesabatlar ümumiləşdirilmiş, 2017-ci il üzrə aparılmış işlər, bağlanmış müqavilələr, dövlət hesabına göstərilmiş hüquqi yardım və ödənilən məbləğlərdə ciddi artımın olması müşahidə edilmişdir. Bundan əlavə, keçən il üzrə ümumiləşdirilmiş statistikanın Vəkillər Kollegiyasının rəsmi internet saytında dərc olunacağı bildirilmişdir.

Bundan başqa, iclasda vəkil qurumları tərəfindən hazırlanan vəkillərin növbətçilik cədvəllərinin təqdim olunması, o cümlədən dövlət hesabına ödənişsiz hüquqi yardımın keyfiyyətinin artırılması məsələlərinə toxunulmuşdur.

Eyni zamanda, görüşdə son dövrlər sosial şəbəkələrdə Vəkillər Kollegiyası və onun rəhbərliyi haqqında həqiqətə uyğun olmayan, təhrif olunmuş, uydurma xarakterli məlumatların, vəkillərə ünvanlanmış təhqirlərin yayılması və bununla Azərbaycan vəkilliyinin nüfuzun aşağı salınması üzrə aparılan məqsədyönlü fəaliyyət ətrafında müzakirələr aparılmış, vəkil qurumlarının təmsilçiləri tərəfindən bu kimi neqativ fəaliyyətə etirazlar səsləndirilmişdir.

İclasda, həmçinin ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi müzakirə olunmuş, 22 fevral 2018-ci il tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilmiş, vəkil qurumlarında aparılan təmir və yenidənqurma işləri barədə məlumat verilmişdir.

Daha sonra, Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə vəkil qurumları tərəfindən mütəmadi olaraq regionlarda yaşayan aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım səfərlərinin təşkili barədə məlumat verilmiş, Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumlarının bu cür tədbirlərdə fəal iştirak etməsinin əhəmiyyəti vurğulanmışdır.

Bundan başqa, görüşdə bu il Azərbaycan vəkilliyinin 100 illiyi ilə əlaqədar görüləcək tədbirlər barədə müzakirələr aparılmış, bu istiqamətdə müvafiq fikir mübadiləsi də aparılmışdır.

Sonda vəkil qurumlarının təmsilçiləri ilə qurumların fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.