Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

12 mart 2019    1078

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbula dair son vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat vermişdir.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, dövlət qulluğuna qəbulla bağlı fəaliyyətlərinin dayandırılması və sair müraciətlərinə, o cümlədən yeni nümunəli xidməti vəsiqələrin tətbiqi ilə bağlı məsələlərə baxılmış, bununla əlaqədar köhnə nümunəli vəsiqələrin 01.05.2019-cu il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilmişdir.

Tədbirdə həmçinin son dövrlər Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş yeniliklər, görülmüş mütərəqqi işlər, əsasən, vəkillərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, habelə vəkillərin maraqlarının müdafiəsi istiqamətində atılmış addımlar barədə müzakirələr aparılmışdır. Bununla belə, son vaxtlar mətbuat və sosial şəbəkələrdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkilliyin nüfuzuna xələl gətirən böhtan, yalan və təhqir xarakterli məlumatların yayılması halları barədə fikir mübadiləsi aparılmış və bu kimi halların hüquq ictimaiyyətinin təəssüfünə səbəb olduğu bildirilmişdir. Bununla bağlı iclasda intizam icraatları ilə əlaqədar məsələlərə baxılmış, vəkilliyin nüfuzuna xələl gətirən böhtan, yalan və təhqir xarakterli məlumatların yayılması halı nəzərə alınmaqla intizam icraatının başlanılması barədə qərar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.