Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ermənistan vəkillik sahəsində də regional əməkdaşlıqdan kənarda qaldı

07 mart 2018    2212

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Vəkillər kollegiyalarının rəhbər şəxslərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edən ölkələr arasında hüquqi yardımın təşkili, vəkillik institutlarının inkişafı, Vəkillər kollegiyaları arasında əməkdaşlıq, qarşılıqlı hüquqi yardımın göstərilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin öyrənilməsi, təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunub. Həmçinin gələcəkdə hər üç ölkənin Vəkillər kollegiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə edilib.

Görüşün sonunda tərəflər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəddə hüquqşünaslar arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması və həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. məsələlər nəzərdə tutulur.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsi, vəkillik institutunun inkişafı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, bu baxımdan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xüsusi qeyd edib. Bildirib ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin imzaladığı Sərəncam hüquqi dövlətdə vəkillik təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədi daşıyır.

A.Bağırov görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib: “Tədbirdə bu Sərəncamdan irəli gələn məsələlər, eləcə də Azərbaycanda hüquqi yardım institutunun dövlət dəstəyi hesabına inkişafı barədə əlavə tədbirlər haqqında məlumat böyük maraqla qarşılanıb. Görüş iştirakçıları Azərbaycanda vəkillik fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Toplantıda Türkiyədə və Gürcüstanda yaşayan və işləyən azərbaycanlıların, diaspor fəallarının hüquqlarının müdafiəsi ilə bağlı birgə tədbirlərin görülməsi istiqamətində də razılıq əldə olunub. Rusiya Federasiyası təmsilçiləri də Türkdilli Ölkələrin Vəkillər Qurumları Birliyində iştirak barədə müraciət ediblər. Hesab edirəm ki, bu da Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yeni imkanlar açacaq”.

Türkiyə Vəkillər Kollegiyasının sədri Metin Feyzioğlu bildirib ki, Türkdilli Ölkələrin Vəkillər Qurumları Birliyinin yaranmasında Azərbaycan Vəkillər Kollegiyasının böyük rolu var. Bu birlik iş adamları, sadə vətəndaşlar və diaspor təşkilatlarının xarici ölkələrdə hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Bizim təşkilatımız çox geniş coğrafiyanı əhatə edir. Bu gün regionumuzda Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələr həyata keçirilir. Bu layihələrə küllü miqdarda sərmayə qoyulub. Birliyimiz səhmdarların və sərmayədarların hüquqlarının qorunmasında da mühüm rol oynayacaq. Bu işdə təbii ki, bizim Azərbaycanın və digər ölkələrin təcrübəsinə, birgə əməkdaşlığa böyük ehtiyacımız var.