Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Tanınmış vəkil Eleanora Rəcəbovanın 85 yaşı tamam olur

06 aprel 2018    1818

Bu gün - aprelin 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, zəngin təcrübəyə malik vəkilimiz Rəcəbova Eleonora Viktorovnanın 85 yaşı tamam olur.   

Rəcəbova Eleonora Viktorovna 6 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuş, 1951-ci ildə Bakı şəhəri 66 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. Həmin ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və vəkil kimi fəaliyyət göstərmək üçün Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasına təyinatla göndərilmişdir. Əvvəlcə qısa müddət stajçı kimi, daha sonra peşəkar vəkillik fəaliyyətinə başlamışdır. Həyat yoldaşının diplomatik vəzifə tutması ilə bağlı, qısa müddət fasilələrlə Suriya, Livan, Küveytdə yaşaması ilə əlaqədar vəkillik fəaliyyətinə ara versə də, sonradan öz peşəsini davam etdirmişdir. 

Azərbaycan vəkilliyinə əməli töhfələr verməsi ilə bərabər, Eleonora Rəcəbova həm də dünyada ölkəmizin adını və bayrağını ucaldan məşhur şahmatçı Teymur Rəcəbovun nənəsi olmaqla onun yetişməsində müstəsna rol oynamışdır. 

Rəcəbova Eleonora Viktorovna 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilmişdir. 

1985-ci ildə Eleonora Rəcəbovaya işindəki naliyyətlərinə görə Azərbaycan SSRİ-nin ədliyyə naziri tərəfindən “Təşəkkür” elan olunmuş, həmçinin 1987-ci ildə “Əmək veteranı” adına layiq görülmüşmüşdür.

1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olmuşdur. 

2008-ci ildə “Vəkillər Kollegiyasının Fəxri Vəkili” adına layiq görülmüşdür. 

2011-2013-cü illərdə Vəkillər Kollegiyasının ictimai həyatında səmərəli fəaliyyəti və 80 illik yubileyi münasibətilə Vəkillər Kollegiyasının fəxri fərmanları ilə təltif edilmişdir.

Rəcəbova Eleonora Viktorovna uzun illər öz vəkillik fəaliyyəti ilə Azərbaycan vəkilliyinin inkişaf etdirilməsində əzmlə iştirak etmiş, nümunəvi vəkil davranışı ilə vəkil adını daima uca tutmuşdur.

Bu günlərdə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə Eleonora Rəcəbova səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi və üzvləri adından hörmətli vəkilimiz Rəcəbova Eleonora Viktorovnanı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!