Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Cənub bölgəsi vəkillərinin iştirakı ilə regional müşavirə keçirilmişdir

07 aprel 2018    1759

Ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi və müasirləşdirilməsi sahəsində aparılan islahatlar çərçivəsində Vəkillər Kollegiyasının sədrinin başçılığı ilə nümayəndə heyəti aprel ayının 7-də cənub zonasına səfər etmişdir.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə region vəkilləri ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsi ziyarət edilmiş, abidə önünə əklil qoyulmuş, dahi dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Daha sonra Lənkəran Şəhər Məhkəməsinin inzibati binasında region vəkillərinin iştirakı ilə geniştərkibli müşavirə keçirilmiş, tədbir zamanı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı, Sərəncamın Azərbaycanda vəkillik institutu üçün önəmi, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verilmişdir.

İşgüzar şəraitdə keçirilən müşavirədə Vəkillər Kollegiyasının rəhbərliyi regionda fəaliyyət göstərən vəkillərin problemləri ilə maraqlanmış, fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır. Tədbirdə çıxış edən vəkillər Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamını və Sərəncam çərçivəsində görülən işləri çox yüksək qiymətləndirmiş, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli formada həyata keçirilməsinin vacibliyini, habelə vəkillərin peşə etikası məsələlərinə bundan sonra xüsusi həssaslıqla yanaşılacağını qeyd etmişlər.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Masallı, Lənkəran və Cəlilabadda fəaliyyət göstərən vəkil qurumlarına səfər etməklə onların işi ilə tanış olmuşlar.

Hüquq məsləhətxanalarının maddi-texniki vəziyyəti ilə tanışlıqdan sonra vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsinə toxunulmuş, bununla bağlı müəyyən tapşırıqlar verilmiş, 22 fevral tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilmişdir.

Qeyd olunamalıdır ki, Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən yaxın vaxtlarda oxşar səfərlərin digər bölgələrə də ediləcəyi gözlənilir.