Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Naxçıvan vəkilləri üçün vəkil etikası mövzusunda seminar keçirilmişdir

28 aprel 2018    988

Aprelin 26-da Naxçıvan şəhərində “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda regional seminar təşkil olunmuşdur. Tədbir BMT-nin Miqrasiya Təşkilatının maliyyə dəstəyi və Azərbaycan Respublikası Vəkilləri Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi ilə keçirilmişdir.

Tədbirdən əvvəl Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət etmiş, dahi liderin heykəli qarşısına güllər düzərək Ümummilli liderin əziz xatirəsini yad etmişdir. Eyni zamanda Vəkillər Kollegiyasının rəhbərliyi Heydər Əliyevin xatirə muzeyinə səfər etmiş, Ulu öndərin həyat yolu ilə yaxından tanış olmuşdur.

Daha sonra vəkillərin, habelə ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələrinin iştirakı ilə seminar öz işinə başlamışdır.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tədbir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin Naxçıvan vəkilləri üçün əhəmiyyətini vurğulamış, vəkillərin peşə etikasına riayət etmələrinin vəkilliyin nüfuzunun artırılmasına təsiri barədə auditoriyanı məlumatlandırmışdır.

Həmçinin çıxış üçün söz alan BMT-nin Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilçisi İsmayıl Əliyev ölkəmizdə ədalət mühakiməsinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən aparılan islahatlara Miqrasiya Təşkilatının hər zaman dəstək olduğunu vurğulamışdır.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparat rəhbərinin müavini Cəlil Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişaf etdirilməsində Muxtar Respublikanın rəhbərliyinin maraqlı olduğunu və bu sahəyə hər zaman diqqət ayrıldığını bildirmişdir.

Seminar çərçivəsində Azzərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkillik etikasının aktual problemləri - vəkilin nüfuzu, onun şəxsi və işgüzar keyfiyyətləri”, Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Sosial şəbəkələr – vəkil etikasının hədləri”, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun “Vəkillərin müvəkkillər ilə münasibətlərinin bəzi aspektləri”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilmişdir.

Sonda seminar öz işini vəkillik etikasının müxtəlif aspektləri üzrə müzakirələr ilə yekunlaşdırmışdır.

Qeyd olunmalıdır ki, baş tutumuş səfər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin Naxçıvan Muxtar Respublikasına ilk rəsmi səfəri kimi yadda qalmış və eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binası ziyarət olunmuş, Kollegiyanın iş şəraiti ilə tanış olunmuşdur.