Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil adından qanunsuz istifadə ilə mübarizə üzrə tədbirlər davam etdirilməkdədir

14 may 2018    3351

Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Son zamanlar aparılan müşahidələr, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanmışdır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılmış, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən - “vəkil”, “advokat”, “advocate”, “адвокат”, “hüquq məsləhətxanası”, “Azərbaycan Vəkillər Kollegiyası”, “Azerbaijan Bar Association”, “Коллегия Адвокатов Азербайджанской Республики” adlarından, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülmüşdür.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399 və 412-ci maddələri vəkil adından və əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaqdır.

Bununla bağlı, vətəndaşlardan Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirmələri, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə aşağıda qeyd olunan telefon nömrələrinə zəng edərək bu barədə məlumat vermələri xahiş olunur.

Əlaqə nömrələri: +994 12 594 08 70+994 12 596 32 71