Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

PEŞƏYƏ QƏBUL

NAMİZƏDLƏR ÜÇÜN TƏLƏBLƏR

Vəkil olmaq üçün namizədlər:
- ali hüquq təhsilli olmalı;
- hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmiş olmalı;
- İxtisas Komissiyası tərəfindən peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə keçirilən yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verməli;
- müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməlidir.

Aşağıdakı şəxslər vəkil ola bilməzlər:
- ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
- qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər;
- qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan şəxslər;
- qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.

• Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
• Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Vəkillər Kollegiyasına qəbul olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.