Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI: RESPUBLİKA ÜZRƏ VƏKİL QURUMLARININ SAYI 48 ÇATMIŞDIR

07 sentyabr 2018    2647

Sentyabrın 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilmişdir.

Daha sonra 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə daxil olmuş I kurs tələbəsi Həsənova Şahxanıma Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsis edilmiş “Əlimərdan bəy Topçubaşov” adına təqaüdün verilməsi barədə qərar qəbul olundu. Qeyd olunmalıdır ki, Həsənova Şahxanım haqqında məlumat feysbuk sosial şəbəkəsindən əldə olunmuşdur.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Salyan rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində 20 saylı və “LCG” vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar verilmişdir.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən, hüquq üzrə elmlər doktoru dərəcəsi olan şəxslərin Vəkillər Kollegiyasına vəkil andı içərək birbaşa qəbul olunması proseduruna uyğun olaraq, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, tanınmış hüquqşünas, hüquq elmləri doktoru Firuzə Abbasova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuşdur. Beləliklə, Vəkillər Kollegiyasının üzvləri sırasında hüquq elmləri doktorlarının sayı 7-ə çatmışdır.

İclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilmişdir. Xüsusilə, vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulmuş, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilmiş, müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunmuşdur. 17 iş üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilmişdir.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.