07 iyun 2018 3958
Azərbaycanda vəkilliyin inkişafı ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrünə təsadüf edir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquq və azadlıqlarına dair müddəalara geniş yer verilmişdi. O cümlədən, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz - dövlət hesabına göstərilməsi, habelə hər bir şəxsin cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təsbit edilmişdir.
Bununla, ən ali hüquqi qüvvəyə malik olan Konstitusiya ədalət mühakiməsində müdafiə tərəfinin rolu qabarıq şəkildə əks etdirilmişdir. Qısa, lakin geniş məzmunlu bu müddəalar vəkillik fəaliyyətinin sonrakı inkişafına təkan vermiş, məhz bundan sonra qəbul edilmiş bir çox prosessual və digər qanunvericilik aktlarında vəkilin hüquq və vəzifələrinə geniş yer ayrılmışdır.
Vəkilliyin institusional formada təşəkkül tapmasında 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun xüsusilə əlamətdardır. Qanunda vəkillər tərəfindən yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə əlaqədar bir çox müddəaların öz əksini tapması Azərbaycan vəkilliyinin sonrakı təkamülünə müsbət təsir göstərmişdir. Sevindirici haldır ki, həmin qanun digər ölkələrin vəkillik qurumları tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Azərbaycanda vəkilliyin tarixində növbəti əlamətdar məqam Prezident İlham Əliyev tərəfindən 11 mart 2005-ci ildə imzalanan “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” sərəncamdır. Bu ənənəyə sadiq qalınaraq, habelə dövlətimiz tərəfindən insan hüquqlarının müdafiəsinin səmərəli təşkili məsələsinə əhəmiyyət verilərək, 22 fevral 2018-ci il tarixdə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanmışdır. Vəkilin cəmiyyətdə, ədalət mühakiməsində malik olduğu rola dövlət tərəfindən ən yüksək səviyyədə qiymət verilmişdir. Vəkillik öz funskional mahiyyəti baxımından publik fəaliyyətdir ki, onun icrası həm qanun, həm də Konstitusion səviyyədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına etibar olunmuşdur.
Bu sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli müdafiəsi üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətə malik olması xüsusilə vurğulanmışdır. Vəkilliyin başlıca bütün sahələrinə toxunulmuş, vəkillik qurumlarının maddi və texniki bazasının gücləndirilməsi ilə bərabər vəkillərin tədrisi, onların intizamı və vəkillik fəaliyyəti ilə əlaqədar olaraq bir çox digər aktual məsələlər əhatə olunmuşdur. Sərəncamda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və kollegiyanın digər strukturlarının, vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun Bakı şəhərində və regionlarda müvafiq bina ilə təmin edilməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll edilməsi öz əksini tapmışdır.
Bundan başqa, sərəncamda ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsi, xüsusilə gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şəraitin yaradılması, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədi ilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin olunması, regionlarda vəkillik fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirilməsi, pulsuz hüquqi yardımın göstərilməsinin təşkil edilməsi, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya istiqamətində təbdirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilmişdir.
Sərəncamdan sonrakı qısa dövr ərzində Vəkillər Kollegiyasında genişmiqyaslı islahatlar həyata keçirilmiş, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı tədbirlər görülmüşdür. Xüsusilə, gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şərait yaradılmaqla ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsinə nail olunmuşdur. Nəticədə, Azərbaycan tarixində ilk dəfə olaraq vəkillərin sayı 1000 nəfəri keçərək hal-hazırda 1146 nəfər olmaqla, 25 faizədək artmışdır. Yaxın aylarda vəkillərin sayının 1 500 nəfəri üstələcəyi və bununla da vəkillərin sayının əvvəlki dövrlə müqayisədə 70 faizədək artımına nail olunacaqdır. Vəkilliyə namizədlərlə keçirilən yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanları, tədris elm müəssisəsində təşkil olunan icbari təlimlər yalnız vəkillərin say baxımından artımına deyil, eyni zamanda savadlı, bilikli və peşəkar vəkillərin artımına səbəb olmuşdur. Yalnız kəmiyyətə deyil, keyfiyyətə də üstünlük verilmişdir. Sevindirici haldır ki, yeni üzvlüyə qəbul edilmiş vəkillərin əksəriyyətini gənc hüquqşünaslar təşkil edir. Buna misal olaraq göstərmək olar ki, hal-hazırda ilk mərhələni, yəni, yazılı test imtahanını uğurla keçmiş namizədlərin 80 faizi 40 yaşınadək olan namizədlərdir. Vəkillər Kollegiyası tərəfindən aparılan davamlı islahatlar yaxın illərdə bu sayın dəfələrlə artıq olacağına əminlik yaradır. İctimaiyyətlə əlaqələr yüksək səviyyədə qurulmuş, Vəkillər Kollegiyasının saytı yaradılaraq hər bir fəaliyyəti, o cümlədən vəkillərin iştirakı ilə keçirilmiş yerli və beynəlxalq tədbirlər, ixtisas imtahanları, onun nəticələri, kollegiyanın orqanlarının qərarları barədə məlumatlandırılma həyata keçirilmişdir. Həmçinin saytda vəkillərin elektron reyestrinin yaradılması hər bir vətəndaş və şəxs üçün istənilən vəkilə çatımlılığını təmin etmişdir. Vəkillər Kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya istiqamətində bir çox tədbirlər həyata keçirilir ki, yaxın gələcəkdə biz bunun müsbət nəticəsinin şahidi olacağıq.
Qeyd olunan müddəaların sərəncamda yer alması hər mənada təqdirəlayiqdir. Burada əksini tapmış bütün müddəalar vəkilliyin daha da inkişaf etməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Sərəncamın 2.3-cü bəndinə əsasən, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin olunması tövsiyə edilmişdir. Hər bir peşənin inkişafı onun intizamı ilə birbaşa bağlıdır. Buna görə də fəaliyyətdə intizama riayət edilməsi onun tərəqqisinin ilkin şərtidir. İntizamsız həkimin keyfiyyətli tibbi yardım göstərə bilmədiyi, intizamsız müəllimin keyfiyyətli bilik verə bilmədiyi kimi, intizamsız vəkil də keyfiyyətli hüquqi yardım göstərə bilməz. Həmçinin vəkillik fəaliyyətində də vəkillər tərəfindən müəyyən edilmiş davranış qaydalarına, peşə standartlarına riayət olunması xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizin hüquqi aktları arasında vəkillərin öz fəaliyyətində yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinə dair kifayət qədər normativ baza mövcuddur. Lakin sərəncamda bunun xüsusi olaraq vurğulanması vəkillərdən öz peşə fəaliyyətinə daha da məsuliyyətli yanaşmağı, “Vəkil və vəkillik fəaliyyəti haqqında” qanunun və vəkillərin davranış qaydaları haqqında əsasnamənin tələblərini dönmədən yerinə yetirilməsini tələb edir. Hər bir vəkil nəinki öz peşə borcunu yerinə yetirərkən, həmçinin şəxsi həyatında da tələb olunan davranış qaydalarına riayət etməlidir. Vəkil onun şərəfini, nüfuzunu ləkələyə biləcək hərəkətə yol verməməli, sağlam mühakimə yürütməyə yiyələnməklə səhvlə düzü bir-birindən ayırmağı bacaran mənəvi keyfiyyətlərə malik olmalıdır. Vəkil ünsiyyətdə olduğu insanlarla yaşından, cinsindən, tutduğu mövqeyindən asılı olmayaraq, mədəni davranmalı və öz nəzakətli münasibəti ilə seçilməlidir. Nəzakətli və səbirli olmaq vəkilin öz peşə fəaliyyətində ən böyük silahıdır. Mövcud qaydalar bütün vəkillərdə müsbət mənəvi xüsusiyyətlərin mövcud olmasını tələb edir.
Qanunvericiliyin tələblərinə əsasən, vəkillər qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfedensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Konstitusiyaya, qanuna, prosessual qanunvericiliyə və digər qanunlara əməl edilməsi vəkilliyin əsaslarını təşkil edir. Qanunların tələblərinin icra edilməsi, vəkil sirrinin qorunması, vəkil andına və etikasına riayət edilməsi, yalnız qanunun tələblərinin rəhbər tutulması, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməsi onun vəzifələrinə daxildir. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir.
Vəkillər Kollegiyasının 7 dekabr 2017-ci il tarixdə keçirilmiş konfransında “Vəkillərin davranış qaydaları haqqında” əsasnamə yeni redaksiyada qəbul edilmişdir. Əvvəlki əsasnamədən fərqli olaraq yeni redaksiyada vəkil peşəsi üzrə beynəlxalq davranış standartlarının əsasnaməyə inkorporasiyası zənginləşdirilmişdir. Xüsusilə, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyası tərəfindən qəbul edilmiş Avropa Vəkillərinin Davranış Kodeksinin norma və prinsipləri əsas götürülmüşdür. Əsasnamədə vəkillərin müstəqilliyinə, vicdanlı davranışa, peşəkarlıq və fərdi məsuliyyətinin artırılmasına, ictimai etimada, konfedensiallıq prinsipinə riayət edilməsinə, hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət, mədəni davranış, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, ictimai və siyasi fəaliyyətə dair, vəkilin öz fəaliyyətinin təbliğinə və ictimaililik kimi davranış qaydalarının əks olunmasına xüsusi yer verilmişdir. Həmçinin vəkilin ona müraciət etmiş şəxslə, məhkəmə və digər orqanlarla münasibətlərinə, peşə hazırlığına və məsuliyyəti məsələlərinə də geniş yer ayrılmışdır.
Hər bir sahədə olduğu kimi, vəkillik fəaliyyətinin inkişafında cəmiyyətlə bərabər dövlətin də maraqlı olması vəkil peşəsinin parlaq gələcəyindən xəbər verir ki, son nəticədə bu, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsində özünü büruzə verəcəkdir.
Şahmar MƏMMƏDOV,
Vəkillərin İntizam Komissiyasının sədri
Azərbaycan Qəzeti
07 iyun 2018