1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilənin bağlanması ilə ölkəmizdəki karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının yeni dövrü başladı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında 400 səhifəlik “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bu sazişlərin imzalanması ölkəmizin neft sənayesindən gələn gəlirlərini artırdı və bugünki inkişafımızın təməlini qoydu.
Məhsulun və ya hasilatın pay bölgüsü haqqında Saziş (bundan sonra - Saziş) karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və inkişaf etdirilməsi məqsədilə ən çox müraciət olunan müqavilə formasıdır. Sazişə əsasən mineral faydalı qazıntıların mülkiyyətçisi kimi dövlət yataqların kəşfiyyatı, işlənməsi və inkişafı məqsədilə texnoloji və maliyyə xidmətləri göstərən xarici neft şirkətini (bundan sonra - XNŞ) cəlb edir. Belə münasibətlərdə dövlət adətən hökumətlə, yaxud öz təşkilatlarından biri ilə, məsələn milli neft şirkəti (bundan sonra - MNŞ) ilə təmsil olunur. XNŞ götürdüyü risklərin və göstərdiyi xidmətlərin əvəzi olaraq istehsal edilmiş neftin razılaşdırılmış hissəsinə mülkiyyət hüququ əldə edir, dövlət isə neftin qalan hissəsinə mülkiyyət hüququnu saxlayır. Hökumət və ya MNŞ karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və inkişafı prosesinin müxtəlif aspektlərində iştirak etmək seçimini saxlayır. Bundan əlavə, Sazişdə çox vaxt hər iki tərəfin təmsil olunduğu və əməliyyatlara nəzarət edən birgə komitənin yaradılması nəzərdə tutulur.
İndi isə Sazişin yaranma və inkişaf tarixinə nəzər salaq. Sazişin yaranmasına qədər mineral ehtiyatların kəşfiyyatı və işlənməsi əsasən konsessiya müqavilələri ilə tənzimlənirdi. Klassik konsessiyalara dair Orta Şərq təcrübəsi 4 əlamətlə xarakterizə olunurdu. Birincisi, xarici şirkətlərə verilmiş mineral ehtiyatların inkişaf etdirilməsi hüquqları geniş əraziləri və bəzən bütün ölkəni əhatə edirdi. İkincisi, müqavilələr daha uzun müddətə bağlanılırdı. Üçüncüsü, mineral ehtiyatların inkişaf etdirilməsi planına və cədvəlinə bütünlüklə xarici şirkətlər nəzarət edirdi. Belə olan halda istehsal etməyə tələb yox idi. Dördüncüsü, neftin qiyməti ucuz olanda xarici şirkət cəriməyə məruz qalmadan hasilatı azalda bilirdi. Hökumətin isə hasilata görə ödəniş almaq hüququndan savayı digər hüququ, demək olar ki, yox idi. [11, səh.9]
1950-ci ildən başlayaraq Orta Şərq müqavilələri yenidən razılaşdırılmağa başlanıldı. Bu təşəbbüs Səudiyyə Ərəbistanından və onun ARAMKO konsessiyasının şərtlərini dəyişdirmək cəhdindən irəli gəldi. Köhnə müqaviləyə görə neftin bir bareli 2 ABŞ dollarından baha satıldığı halda hökumət hər barelə görə 21 sent almalı idi. Yeni müqaviləyə görə isə mənfəət tərəflər arasında 50/50 kimi bölünməli idi və şirkət royalti ödəməli idi. İran və İraq konsessiyaları da oxşar dəyişikliklərə məruz qaldı. Həmçinin vergi məsələləri də dəyişikliyə məruz qaldı. Bundan əlavə, OPEK 1960-cı ildə yaradıldıqdan sonra hasilata nəzarəti və sövdələşmə gücünün balansını neft istehsal edən ölkələrin xeyrinə dəyişməyə müvəffəq oldu. Danışıqların yenilənməsi ənənəvi konsessiya sistemini əhəmiyyətli dərəcədə restrukturizasiya edən alətə çevirdi. 3 əsas səbəb xarici neft şirkətlərini müqavilə şərtlərini yenidən danışmağa sövq etdi. Birincisi, əvvəlki şərtlərin əsassız olduğunu bilərək qorxdular ki, yeni şərtləri danışmaqdan imtina etmələri xarici şirkətlərə münasibətdə düşmənçiliyi artıracaq və bu da sənayenin milliləşdirilməsi və aktivlərin itirilməsi ilə nəticələnəcəkdir. İkincisi, konsessiyalar çox mənfəətli idi və az faydalı şərtlər belə yenə də hasilatın mənfəətli olacağını deyirdi. Bu səbəbdən transmilli şirkətlər onlara geniş neft mənbələrindən faydalanmağa imkan verən istənilən sövdələşməni məqbul hesab edirdilər. Üçüncüsü, böyük neft şirkətləri şaquli inteqrasiya edilmişdi, buna görə də mənbələrə çıxış məhsuldarlıq davam etdikcə gəlirlərinin bir qədər azalmasından daha önəmli idi. [11, səh.10]
Karbohidrogen ehtiyatları ilə zəngin Orta Şərq ölkələrində konsessiya müqavilələrinin tədricən restrukturizasiya edilməsinə baxmayaraq, Saziş ilk dəfə 1966-cı ildə İndoneziyada hazırlanmışdır. Müstəqillikdən sonra İndoneziyada milli hisslər yüksəlmiş və xarici şirkətlər və onların konsessiyaları artmaqda olan tənqidin və düşmənçiliyin hədəfinə çevrilmişdi. Buna cavab olaraq hökumət yeni konsessiyalar verməkdən imtina etdi. Həm hökumətin, həm də xarici şirkətlərin mənafeyinə zidd olan neft sənayesində yaranmış əhəmiyyətli durğunluğun aradan qaldırılması məqsədilə yeni karbohidrogen qanunvericiliyi meydana gəldi. Yeni hasilatın pay bölgüsü haqqında müqavilə konstruksiyasına əsasən hökumət faydalı qazıntıların mülkiyyətçisi statusunu saxlayırdı və məhz bu səbəbdən yeni müqavilə forması məqbul hesab edildi. Əsas neft şirkətləri ilkin olaraq bu yeni müqavilə formasına qarşı idilər, çünki onlar sahib olmadıqları və idarə etmədikləri müəssisələrə sərmayə yatırmaq istəmirdilər. Daha vacib isə xarici neft şirkətləri onların başqa ölkələrdəki konsessiyalarına təsir edə biləcək presedentin əsasını qoymaq istəmirdilər. Məhz bu səbəblərdən hasilatın pay bölgüsü haqqında ilk müqavilələr güzəştə getməyə və iri transmilli neft şirkətləri tərəfindən qəbul edilməyən şərtləri qəbul etməyə böyük səy göstərmiş müstəqil və nisbətən kiçik, az populyar olan XNŞ-lər tərəfindən imzalanmışdır. Həmçinin ehtimal edilir ki, müstəqil neft şirkətləri yaranmış vəziyyəti böyük neft şirkətlərinin hökmranlığını bölmək və yüksək keyfiyyətli xam neftə çıxış əldə etmək imkanı kimi görürdülər. Dövrün tələbi ilə ayaqlaşmaq məcburiyyətində qalan iri XNŞ-lər də hasilatın pay bölgüsü haqqında yeni müqavilələrə daxil olmağa məcbur oldular. Yalnız yeni müqavilələrin tərəfi olduqdan sonra iri XNŞ-lər aşkar etdilər ki, təcrübədə xarici şirkət adətən kontrakt sahəsini birbaşa idarə edir və kontrakt sahəsində fəaliyyət göstərir. Daha sonra Saziş qərbi Avropa istisna olmaqla (yalnız Malta bu növ müqavilə təklif edir) İndoneziyadan dünyanın bütün neft istehsal edən regionlarına yayıldı. [11, səh.1]
Azərbaycan Respublikası xarici neft şirkətləri ilə çoxsaylı Sazişlər bağlasa da, milli qanunvericiliyində Sazişə dair müddəaları tənzimləyən normativ-hüquqi akt qəbul etməmişdir. Lakin qonşu Rusiya Federasiyasında Sazişlə bağlı müddəaları nizamlayan “Hasilatın pay bölgüsü haqqında Sazişlər barədə” 30 dekabr 1995-ci il tarixli federal qanun qəbul edilmişdir. Həmin qanunun 2-ci maddəsində Sazişə verilmiş anlayışa görə hasilatın pay bölgüsü haqqında saziş elə bir müqavilədir ki, həmin müqavilə ilə Rusiya Federasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektə müəyyən müddətə əvəzli qaydada sazişdə göstərilmiş ərazi daxilində yerin təkində mineral xammalların axtarışı, kəşfiyyatı və işlənməsi və bununla əlaqədar işlərin həyata keçirilməsinə müstəsna hüquqlar verir və investor öz hesabına və öz riski ilə göstərilmiş işləri həyata keçirməyi öhdəsinə götürür. Saziş yerin təkindən istifadəyə dair bütün lazımi şərtləri, o cümlədən əldə edilmiş hasilatın tərəflər arasında bölüşdürülməsi şərtlərini və qaydasını müəyyən edir. [10]
Sazişin mahiyyətinə nəzər salaq. Bir çox dövlətlərin qanunvericiliyinə görə yerin təki dövlətə məxsusdur. Dövlət karbohidrogen ehtiyatlarını axtarmaq və kommersiya kəşfi olduğu halda mənbəni inkişaf etdirmək üçün XNŞ-ləri ölkəyə gətirir. XNŞ öz sərmayəsinin, əməliyyat xərclərinin və gördüyü işlərin müqabilində mükafat olaraq hasilatdan müəyyən pay əldə edir. XNŞ adətən bütün axtarış-kəşfiyyat xərcləri riskini daşıyır və gəlir riskini hökumətlə bölüşdürür. Müqavilə adətən kəşfiyyat-axtarış işləri başlananadək bağlanır və ona görə də XNŞ sonradan müqavilənin qüvvədə olduğu müddətdə əhəmiyyətli mükafat alacağını gözləyir. XNŞ-in gəliri məsrəf nefti (cost oil) və mənfəət neftindən (profit oil) ibarət olduğu halda, hökumətin gəlirlərinin birbaşa mənbəyi royaltidən, mənfəət neftindən, bonuslardan, vergilərdən, gömrük xərclərindən, qiymət məhdudiyyətlərindən və daxili bazar və kompensasiya neftinin təhvil verilməsi öhdəliyindən irəli gələn dolayı faydalardan ibarət ola bilər.
Saziş bazar gəlirlərindən ibarət mənfəəti bölmür, əvəzində hasilatdan öncəki və hasilat xərclərini bərpa etməsi üçün hasilatın müəyyən hissəsini XNŞ-ə verdikdən sonra yerdə qalmış fiziki hasilatı bölüşdürür. Bu onu bildirir ki, xərclərin əvəzi yalnız neft hasil edildikdən sonra qaytarıla bilər. Digər tərəfdən XNŞ bütün axtarış-kəşfiyyat risklərini daşıyır. Əgər müqavilə heç vaxt özünün hasilat mərhələsinə qədəm qoymazsa, XNŞ öz kəşfiyyat-axtarış xərclərini heç cür bərpa edə bilməz.
Bəzi Sazişlərə əsasən XNŞ ümumi hasilatdan dövlətə royalti ödəyir. Royalti çıxıldıqdan sonra XNŞ hasilatın öncədən müəyyən edilmiş hissəsinə (məsələn 40 faiz) əsaslı məsrəflərin ödənilməsi (cost recovery) üçün sahiblik əldə edir. Mənfəət nefti adlanan hasilatın qalan hissəsi isə daha sonra dövlət və XNŞ arasında öncədən müəyyən edilmiş paya və ya xüsusi formula ilə hesablanmaqla xərclərin ödənilmə səviyyəsinə mütənasib olaraq (məsələn 65 faiz dövlət üçün və 35 faiz XNŞ üçün) bölünür. Bundan sonra XNŞ özünün mənfəət neftindən gəlir vergisi ödəməlidir. Royalti, mənfəət neftindən müəyyən pay və gəlir vergisi almaqla bərabər dövlət həm faydalı qazıntı mənbəyinin, həm də Sazişə əsasən quraşdırılmış avadanlıqların, installyasiyaların (əsas vəsaitlərin) sahibidir.
Zaman keçdikcə Saziş əhəmiyyətli dərəcədə dəyişmiş və bugün onların müxtəlif növləri tətbiq edilməkdədir. Neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunan bu və ya digər müqavilə növlərinin əsas fərqləri nəzəri təbiətlidir və karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və inkişaf etdirilməsi prosesində XNŞ-yə verilmiş nəzarət səviyyəsindən, kompensasiya şərtlərindən və MNŞ-nin hasilatda iştirak səviyyəsindən asılıdır. Eyni məqsədə nail olmaq üçün istənilən müqavilə növündən istifadə edilə bilər.
Bu məqamda isə dənizdə və quruda zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizdə tətbiq edilən Sazişlərdən danışaq. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yerin təki dövlətə məxsusdur. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 20-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 14-cü maddəsinə əsasən bütün təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. “Yerin təki haqqında” qanunun 4-cü maddəsi yerin təki üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikasına mənsub olduğunu bir daha təsbit etmişdir. Faydalı qazıntıların çıxarılması yerin təkindən istifadənin növü kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. [6, maddə 7 və 8] Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir. Yerin təki geoloji öyrənilmə üçün — 5 ilədək, faydalı qazıntıların çıxarılması üçün — 25 ilədək, göstərilən istifadə növləri birləşdirildikdə — 30 ilədək müddətə verilir. [6, maddə 12] Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə ödənişlidir. Yerin təkindən istifadəyə görə ödənişlər, onların növlərindən asılı olaraq aşağıdakı formalarda verilə bilər:
a) pul ödənişləri;
b) çıxarılan mineral-xammalın və ya istifadəçi tərəfindən istehsal olunan digər məhsulların bir hissəsi;
c) xidmət göstərilməsi. [6, maddə 39 və 43]
Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. [4, maddə 3] Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Az əvvəl sadalananlar xarici hüquqi şəxslərin ölkəmizdə torpaqdan və yerin təkindən istifadə etmələrinə zəmin yaradan hüquqi normalardır.
Azərbaycan Respublikası XNŞ-lər ilə Saziş bağlayarkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə təmsil olunur. SOCAR tərəf olaraq MNŞ kimi Sazişi imzalayır.
Azərbaycanda bağlanmış Sazişlərin özəlliklərinə gəldikdə isə onlar royalti ödənilməsini tələb etmir, lakin XNŞ 10 və 35 faiz arasında mənfəət vergisi ödəməlidir. Royalti əməliyyatın mənfəətli olub-olmamasından asılı olmadan verildiyi halda, vergilər mənfəəti nəzərə alır. Vergi dərəcəsi XNŞ-in iştirak payından asılıdır. 30%-i ötən iştirak paylarına görə vergi 30%-dir. Əgər Saziş dağlıq ərazini əhatə edirsə, XNŞ 10 %-lə vergiyə cəlb edilir. Reinvestisiya edilmiş mənfəət vergidən azaddır. [11, səh.72]
Çəkilmiş xərclərin ödənilməsi məqsədilə əsaslı məsrəflər (capital costs) və əməliyyat məsrəfləri (operating costs) fərqləndirilir. Hər hansı müvafiq təqvim rübündə və ya ayında əldə edilmiş gəlirdən əməliyyat məsrəflərinin əvəzi tam həcmdə 100% ödənilir, əsaslı məsrəflər yerdə qalan gəlirin 50-60 %-inə nisbətdə əvəzləşdirilə bilər. Mənfəət nefti sürüşkən şkala əsasında R-əmsalına uyğun hesablanır. Dövlətin payı bütün mənfəət neftinin 20-90 %-i arasında dəyişir. Digər müqavilələrdən fərqli olaraq ölkəmizlə bağlanmış Sazişlərdə bonus ödəmələri nəzərdə tutulmuşdur və bonus ödəmələri əhəmiyyətlidir. [11, səh.72]
Nümunə üçün Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited (QEA) və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış 03 fevral 2009-cu il tarixli Sazişi nəzərdən keçirək. Sazişə görə QEA və ONŞ birlikdə podratçı tərəflərdir. Sazişdə aşağıdakı əsas məsələlər tənzimlənir:
a) tərəflərin iştirak payı;
b) neft-qaz əməliyyatlarının aparılması üçün hüquqların verilməsi və sazişin əhatə dairəsi;
c) tərəflərin təminatları, ümumi hüquqları və öhdəlikləri;
d) kontrakt sahəsi;
e) bərpa və hasilat proqramı, işlənmə və hasilat dövrü;
f) layihəni idarə edən rəhbər komitə və illik iş proqramları;
g) əməliyyat şirkəti;
h) hesabat və neft-qaz əməliyyatlarının yoxlanılması hüququ;
i) torpaq sahələrindən və obyektlərdən istifadə;
j) podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi;
k) vergi qoyulması, mühasibat uçotunun aparılması qaydası;
l) idxal və ixrac, hasilatın sərəncama keçməsi;
m) sığorta, məsuliyyət və məsuliyyətin ödənməsi təminatları;
n) hüquq və öhdəliklərin başqasına verilməsi və təminatlar;
o) tətbiq edilə bilən qanun, iqtisadi sabitləşmə və arbitraj;
p) ətraf mühitin mühafizəsi və təhlükəsizlik;
q) bonus ödənişləri;
r) sazişin qüvvəsinə xitam verilməsi.
SOCAR podratçıya sazişin şərtlərinə uyğun olaraq və onun qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatları aparmaq üçün vahid və müstəsna hüquq verir. Saziş xüsusi göstərilən hüquqlar istisna olmaqla yerin təki ilə bağlı, habelə hər hansı başqa təbii ehtiyatlar ilə bağlı neft-qaz əməliyyatlarından savayı hər hansı başqa fəaliyyət növü ilə məşğul olmaq üçün hüquqlar nəzərdə tutmur. [8, maddə 2.1]
Neft-qaz əməliyyatlarının aparılması məqsədilə Podratçı əməliyyatçı kimi fəaliyyət göstərən və bütün Podratçı tərəflərə onların iştirak paylarına mütənasib olaraq məxsus olan Müştərək Əməliyyat Şirkəti yaradır. Əməliyyat şirkəti Podratçının adından neftqaz əməliyyatlarının gündəlik idarə olunmasına, əlaqələndirilməsinə, həyata keçirilməsinə və aparılmasına cavabdehdir, habelə Podratçının tapşırığı ilə vaxtaşırı digər funksiyaları yerinə yetirə bilər. Əməliyyat şirkəti İllik iş proqramlarını həyata keçirmək üçün zəruri olan hər hansı gündəlik işlərə dair subpodrat müqavilələri bağlaya bilər. Əməliyyat şirkəti neft-qaz əməliyyatlarının gündəlik aparılması üçün zəruri olan idarəetmə, texniki mütəxəssislər, əməliyyat, istismar və inzibati heyətdən ibarətdir.
Əməliyyat şirkəti Podratçı tərəflərin təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir, hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmamaqla mənfəətsiz və itkisiz işləyir. Əməliyyat Şirkəti kommersiya təşilatı kimi sanki mövcud deyildir və bütün məqsədlər üçün onun vergi qoyulan mənfəətinin həcmi sıfra (0) bərabərdir. [8, maddə 8.1]
SOCAR neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini pulsuz istifadə üçün Podratçının sərəncamına verir. Podratçı neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan yerüstü və yeraltı obyektləri inşa və istismar etmək hüququna malikdir. [8, maddə 10]
Podratçı tərəflər karbohidrogen fəaliyyəti ilə əlaqədar yalnız mənfəət vergisinin ödəyicisidirlər. Hər bir Podratçı tərəf, Əməliyyat şirkəti və onun subpodratçıları karbohidrogen fəaliyyəti ilə bağlı təchiz edildiyi və ya onların təchiz etdikləri mal, iş və xidmətlərə, karbohidrogenlərin və bu karbohidregenlərdən emal olunan bütün məhsulların ixracına, əldə etdikləri mal (tütün, alkoqollu içkilər və ərzaqdan savayı), iş və xidmətlərin idxalına görə ƏDV-dən (sıfır (0) vergi dərəcəsi ilə) azaddırlar. [8, maddə 14.7] Kontrakt sahəsində sərbəst təbii qaz kəşf olunarsa, SOCAR ilə podratçı belə sərbəst təbii qazın kommersiya işlənməsinə dair əlavə şərtlər müəyyənləşdirirlər. [8, maddə 17]
Azərbaycan Respublikasının Milli Məclisi 22 may 2009-cu il tarixli Qanunla Sazişi qəbul və təsdiq etmiş, həyata keçirilməsinə icazə vermiş, həmçinin Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün hüquqi qüvvə vermişdir. [9] 22 may 2009-cu il tarixli Qanunun 5-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.
Saziş ilk baxışda müəyyən elementlərinə görə icarə, podrat, konsessiya kimi digər mülki-hüquqi müqavilələrə oxşayır. Sazişin müstəqil, yoxsa qarışıq müqavilə olması barədə mühakimə yürütmək üçün həmin elementləri diqqətlə nəzərdən keçirək.
İcarə müqaviləsinə görə icarəyə verən icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. [3, maddə 700] Sazişlə icarə müqaviləsi müqayisə edilərkən bəlli olur ki, icarə müqaviləsinin növü kimi torpaq icarəsi müqaviləsi ilə əsasən yerin təkindən istifadə ilə bağlı olmayan fəaliyyət növləri həyata keçirilir, icarəçi torpaq icarə müqaviləsinin müddətinin tamamlanması zamanı torpaqla əlaqədar edilmiş bütün yaxşılaşdırmaları özü ilə aparmaq, ya da bunlara görə kompensasiya almaq hüququ əldə edir, əsasən torpaq sahəsini icarəyə aldığı formada icarəyə verənə qaytarır, icarəyə verən torpaq icarəsi ilə əlaqədar icarəçinin həyata keçirdiyi fəaliyyətdə iştirak etmir, yalnız müəyyən müddətdə icarəçidən icarə haqqı alır. Sazişə görə isə XNŞ kontrakt sahəsi hüdudlarında yerin təkindən karbohidrogen ehtiyatlarını hasil edir, hasilatın öncədən razılaşdırılmış müəyyən hissəsini dövlətə verir, Saziş müddətinin tamamlanması zamanı kontrakt sahəsində quraşdırdığı avadanlıqları, installyasiyaları (əsas vəsaitləri) heç bir kompensasiya almadan dövlətin sahibliyində buraxır.
Podrat müqaviləsinə görə podratçı sifarişçinin tapşırığı əsasında müqavilədə nəzərdə tutulan işləri görməyi və işlərin nəticəsini sifarişçiyə təhvil verməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. [3, maddə 752] Lakin Sazişdə investor sifarişçinin tapşırıqları əsasında işləri görmür, investora işlərin görülməsi üçün müstəsna hüquq verilir. Belə fəaliyyətin nəticəsi hasil edilmiş məhsuldur. Hasil edilmiş məhsul sifarişçiyə podrat müqaviləsində olduğu kimi bütünlüklə verilmir, tərəflər arasında öncədən razılaşdırılmış nisbətdə bölüşdürülür.
Xarici investorlara faydalı qazıntı yataqlarının kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların istifadəyə verilməsi hüquqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin onlarla bağladığı və Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi konsessiya müqavilələri əsasında verilir. Müqavilədə başqa şərt qoyulmayıbsa, konsessiya müqaviləsi şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. [5, maddə 40] Sazişin konsessiyadan əsas fərqi mineral ehtiyatlara sahiblik məsələsindədir. Belə ki, konsessiya müqaviləsinə əsasən bütün niyyət və məqsədlərə görə quyudakı faydalı qazıntılar XNŞ-ə məxsus idi, Sazişin yaranması ilə bütün faydalı qazıntı mənbələri, installyasiyalar və XNŞ tərəfindən tikilmiş zavodlar (əsas vəsaitlər) dövlətin əmlakı kimi nəzərdən keçirildi. Habelə konsessiyaya görə kontrakt sahəsindən hasil edilmiş bütün xam neft XNŞ-ə məxsusdur, Sazişə görə isə bu dövlətə məxsusdur. Sazişə görə hasilatın XNŞ-ə aid hissəsi götürülmüş riskin və göstərilmiş xidmətlərin müqabilində ona edilmiş ödəniş və ya verilmiş mükafat kimi nəzərdən keçirilə bilər.
Sazişin həmçinin ortaqlıqla (birgə fəaliyyət) oxşar əlamətləri görsənir. Ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. [3, maddə 69] Sazişə görə dövlət birgə fəaliyyət göstərmək və səyləri birləşdirmək öhdəliyi götürmür, belə ki, Sazişə görə XNŞ-ə müəyyən işlərin görülməsi üçün yerin təki sahəsindən istifadəyə müstəsna hüquq verilir. Bununla yanaşı ortağın qoyduğu pulu, əmlakı, peşəkar və digər bilikləri, bacarıqları, habelə işgüzar nüfuzu onun ümumi işə töhfələri hesab olunur. Dövlət tərəfindən ümumi işə hər hansı töhfə verilmir, hətta yerin təki sahəsi ümumi işə töhfə kimi deyil, qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında verilir. Habelə Sazişə ortaqların ümumi işlərinin aparılması qaydaları və məsuliyyət rejimi, xərclərin qarşılanması əsası və şərtləri tətbiq edilmir.
Müstəqil və qarışıq müqavilələrin fərqləndirilməsi zərurəti ondan irəli gəlir ki, müqavilə təsnifatının düzgün aparılmaması müqaviləyə ona aid olmayan normaların tətbiq edilməsinə səbəb ola bilər ki, buna da yol verilə bilməz. Qarışıq müqavilədə onun elementləri bir-birilə qarşılıqlı əlaqədədir, lakin onları şərti olaraq ayrı-ayrı müqavilə kimi ayırmaq olar, halbuki Sazişdə müqavilənin bütün elementləri bir predmet altında birləşdirilmişdir və ayrılmasını təsəvvür etmək olmur. Nəticə olaraq bildirilməlidir ki, karbohidrogen ehtiyatlarının hasil edilməsinə dair məsələləri müfəssəl tənzimlədiyinə görə təcrübədə Sazişə mülki qanunvericiliyinin digər növ müqavilələrə aid müddəalarının tətbiq edilməsinə ehtiyac qalmır. Sonda qeyd edilməlidir ki, Sazişin vahid predmeti, müəyyən hüquqi tənzimlənmə qaydası mövcuddur ki, bununla da o özünü müstəqil mülki-hüquqi müqavilə kimi təqdim edir.
Qeyd edilməlidir ki, 2017-ci ilin sentyabr ayının 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilmişdir. Bununla da ölkəmizin neft sənayesində yeni səhifə açılmışdır.
Qeyd edilənləri yekunlaşdıraraq və neft sahəsindən gələn gəlirlərin 2017-ci ilin dövlət büdcəsinin 36,4 %-ini, yəni 1/3 hissəsindən çoxunu təşkil etməsini [7, maddə 1 və 2.14] nəzərə alaraq hesab edirik ki, çoxsaylı sazişlər bağlamaqla dənizdə və quruda zəngin karbohidrogen yataqlarını xarici neft şirkətləri ilə birgə istismar edən ölkəmizdə mövcud münasibətləri vahid hüquq müstəvisinə gətirəcək hasilatın pay bölgüsü haqqında müqavilələri tənzimləyən konstitusiya qanununun qəbul edilməsi olduqca aktualdır. Hasilatın pay bölgüsü haqqında sazişlərlə 23 ildən artıq iş təcrübəsi olan ölkəmiz üçün sözügedən sahəni nizamlayacaq daxili qanunvericilik bazasının yaradılması asan və neft sferasının gələcək inkişafı üçün olduqca zəruridir.
Ədəbiyyat siyahısı:
- Azərbaycan Respublikasının Konstitusiyası
- “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının 15 yanvar 1992-ci tarixli Qanunu
- “Yerin təki haqqında” Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli Qanunu
- “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu
- Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş, 03 fevral 2009-cu il
- “Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 22 may 2009-cu il tarixli Qanunu
- Rusiya Federasiyasının “Hasilatın pay bölgüsü haqqında Sazişlər barədə” 30 dekabr 1995-ci il tarixli Federal Qanunu
- Production-Sharing Agreements: An Economic Analysis. Kirsten Bindemann. Oxford İnstitute for Energy Studies, WPM 25, October 1999.