Bu gün sevimli peşələrimizdən biri vəkillik institutunun ilk dəfə harada və nə vaxt yaranması məsələsi hər kəsi maraqlandırır. Gündəlikdə bizə həmişə rast gələn “advokat” və ya “vəkil” sözü latın dilindəki “advocatus” sözündən yaranmaqla mənası “dəvət edirəm”, “çağırıram” deməkdir.
Eramızdan əvvəl VI-IV əsrlərdə Yunanıstanın siyasi, iqtisadi və mədəni həyatı başqa ölkələrə nisbətən yüksək inkişaf mərhələsinə çatmışdı. Platon (427-347), Heroklit və Demosfen kimi filosoflar elm aləminin fədailəri idilər. Onlar məhkəmələrdə çıxış edən və vəkillik adını daşıyan “loqoqraf”ların təsirli nitqlərinə yüksək qiymət verirdilər. Onların fikrincə, əkinçilər xəstə bitkiləri sağlamı ilə əvəz etdikləri kimi, müdrik natiqlər də dövlət münasibətlərindəki pis, neqativ cəhətləri yaxşısı ilə, daha ədalətlisi ilə əvəz etmək uğrunda mübarizə aparmalıdırlar.
Afina demokratiyasının qəddar düşməni Makedoniya hökmdarı Filipp qardaşının ölümü ilə əlaqədar hakimiyyəti ələ keçirmiş və Olinf şəhərinə qoşun yeritməklə əhalini əsarət altına almışdı. Böyük filosof Demosfen təhlükəni dərhal dərk edib, xalq yığıncağında həyəcanlı nitq söyləmiş, afinalıları birliyə, sayıq olmağa, olinflilərə kömək göstərməyə çağırış elan etmişdi. Demosfen əhalini səfərbərliyə çağırışları ilə Filippə qarşı güclü təbliğat işi aparırdı. Əhali torpaqlarını xilas etmək üçün müharibə aparmağa məcbur oldu. Bu böyük natiqin həyatı, siyasi fəaliyyəti həm öz dövründə və həm də sonrakı əsrlərdə yetişən bir sıra şəxsiyyətlər üçün bir örnəyə, bir ibrətamiz məktəbə çevrilmişdi. Həkimlər Hippokrat andına sadiq qalmağa çalışdıqları kimi, natiqlər də, söz sahibləri də Demosfenin sənətkarlıq bayrağını yüksəklərə qaldırmağa səy göstərmişlər.
Qeyd edək ki, Demosfen məhkəmələrdə əsasən şifahi və maraqlı hallarda isə yazılı formada nitq söyləyirdi. Demosfen müdafiəçi qismində məhkəmələrdə nitq söyləyəndə, hətta zəruri hallarda mühakimə olunan şəxsin arvad-uşaqlarını, qohumlarını, dostlarını məhkəmə iclasına çağırıb onların hakim qarşısında göz yaşı tökmələrini təşkil edirdi və hakimdən rəhm, mərhəmət gözləyirdilər. Demosfen yuxarıda adıçəkilən Filippin müharibə təhlükəsinə məruz qalan Olinf şəhər sakinlərinə kömək etmək məqsədi ilə təkcə e.ə. 349-cu ildə üç dəfə təntənəli nitq söyləmişdi. Makedoniya hökmdarı Filippi ilk dəfə o, açıq şəkildə söylədiyi nitqlərdə ifşa etmişdi. Bu nitqlərdə Filippi şöhrətpərəst, qəddar, etibarsız, hiyləgər bir hökmdar kimi qələmə vermişdi. Filipp etiraf edib deyirdi ki, Demosfenin nitqləri ona Afina qoşunlarından daha çox zərər vurur. “Əgər mən onun iclaslarında olub Demosfenin güclü nitqlərini dinləsəm, özüm də özümə qarşı müharibə elan olunmasına səs verərdim”. Demosfenin Filippin ədalətsizliyinə qarşı qaldırdığı üsyan, gələcəkdə Makedoniya hökmdarı olacaq onun oğlu İsgəndərin daha ədalətli hökmdar olmasına təsir göstərmişdi. Bu səbəbdən də dünyada məşhur olan Makedoniyalı İsgəndər tarixdə ədalətli hökmdar kimi tanınmışdır. Bunu Nizami Gəncəvinin əsərlərindən də görmək olar.
Qədirbilən xalqımız yunan natiqlik məktəbinin parlaq ulduzuna ehtiram əlaməti olaraq, XX əsrin əvvəllərində Xəzər sularında üzən bir hərb gəmisinə “Demosfen” adı verilmişdir. Məhz Demosfenin apardığı siyasi-kütləvi işlərin fonunda qədim Romada vətəndaşlara özlərini məhkəmələrdə şəxsən və ya nümayəndələri vasitəsilə müdafiə etmək hüququ verilmişdi. Bunu Romada və dünyada məşhur olan böyük filosof Sokratın (e.ə. 470-399) şəxsən özü-özünü məhkəmədə advokat kimi necə müdafiə etməsi timsalında aydın görmək olar. Sokrat məhkəmədə onu günahlandıranlara qarşı tutarlı, şifahi nitq söyləyərək özünü vəkil kimi müdafiə etmişdir. Bizim eradan əvvəl 399-cu ildə təsirli müdafiə çıxışına baxmayaraq, məhkəmə 70 yaşında Sokratı ölüm cəzasına məhkum etmişdi. O dövrün söz sahibləri və mütərəqqi insanlar Sokratın ölüm hökmünü Afina və Roma demokratiyası üçün ən böyük rüsvayçılıq hesab etmişlər.
Xatırladaq ki, Sokratın şagirdi Platon müəlliminin mühakiməsi barədə məhkəmə gedişatını izləyərək onun edamını dəhşətli hadisə kimi qələmə alıb, “Sokratın müdafiəsi” adlı əsərini çap etdirmişdir. Avropanın mərkəzində Sokratın ölüm cəzasına məhkum edilməsi, onun məhkəmədəki vəkil kimi müdafiə çıxışı, məhkəmə işləri ilə maraqlanan həvəskar insanlar üçün təcrübə məktəbi oldu. Bundan sonra məhkəmələrə düşən şəxslər qohum və ya dostlarını müdafiəçi qismində dəvət edib, öz hüquqlarını müdafiə etdirirdilər. Məhkəmədə vəkil qismində dəvət olunan şəxslər isə “məhkəmə müdafiəçiləri” adlanırdı. Bütün bu hərəkətlər hüquq normaları ilə nizama salınmırdı.
Vəkil mənasını daşıyan “loqoqraflar” tərəfindən yaradılan bürolar, qruplar, bölmələr müstəqil olmayıb, yalnız məhkəmə və hakimiyyət orqanlarının tabeçiliyində fəaliyyət göstərmişlər. Bu cür idarəçilik 1864-cü ilə qədər Romada və Almaniya dövlətlərində davam etmişdi. O dövrlərdə indiki vəkillərin funksiyasını həyata keçirən loqoqraflar olmuşlar. Bu da yunan sözü olub mənası “yazan söz” deməkdir.
Bir sıra mənbələrdə qədim Yunanıstanda məşhur, zəkalı şəxsiyyət Solonu hamı tanıyırdı. O, (e.ə. 638-559) 80 il yaşamış, afinalılar arasında böyük nüfuz qazanmışdı. Solon “Kabalu” adlı borcların ləğv olunması, kiçik torpaq sahələrinin qaytarılması, təqvim reforması və məhkəmə sisteminin təkmilləşdirilməsi barədə çıxarılan qanunların müəllifidir. Solonun qoyduğu qanuna görə, hər bir afinalı məhkəmədə öz mənafeyini müdafiə etməyi bacarmalı idi. Digər tərəfdən, hamı gözəl nitq söyləmək, öz hüquqlarını müdafiə etmək qüdrətinə malik deyildi. Buna görə də yuxarıda qeyd olunan loqoqraflar yetişir, onlara böyük ehtiyac duyulurdu. Həmin loqoqraflar təhsil almış hüquqşünaslar idi. Bəzi hallarda loqoqraflar məhkəmədə işi olanlarla birlikdə iştirak etməsələr də, onlar baxılacaq işin mahiyyətinə uyğun müdafiə nitqləri yazaraq, bu insanlara vermişlər. Bunun müqabilində də həmin şəxslərdən muzd alırdılar. İşi məhkəməyə düşən afinalı isə loqoqrafların yazdıqlarını əzbərləyir və proses zamanı özlərini müdafiə edirdilər. Bununla da, loqoqraflar faktiki vəkillərin görəcək işlərini həyata keçirirdilər. Solon nitqlərinin birində yazmışdır: “Qanunlar hörümcək toruna bənzəyir, zəiflər onda dolaşıb qalır, güclülər isə qırıb qurtulurlar”.
Beləliklə, Solonun qanunları ilə loqoqrafların-vəkillərin məhkəmədə necə nitq söyləmələrinin əsası qoyulmuşdu. 1864-cü ildə Rusiyada aparılan məhkəmə islahatları tarixdə xüsusi yer almışdır. Rusiyada vəkilliyin inkişafı və çiçəklənməsi, andlı məhkəmələrin ortaya çıxması, məhkəmə proseslərinin şifahiliyi, açıqlığı, vəkilliyin yeni müstəvidə hüquqi cəhətcə təşkilatlanması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Rusiyada dahi şəxslərin, o cümlədən P.Stuçka, D.Kurskiy, V.İ.Lenin inqilaba qədər vəkil işləmələrinə baxmayaraq, Oktyabr inqilabından sonra vəkillər təşkilatı praktiki olaraq ləğv edilmişdi. Halbuki, inqilabın rəhbəri Lenin hüquq sahəsində kurs keçdikdən sonra Sankt-Peterburqda, 1891-ci ildə 21 yaşında bir il yarım ərzində Samara şəhərində vəkil köməkçisi vəzifəsində çalışmışdır. Bununla belə, 24 noyabr 1917-ci il tarixli 1 N-li Dekretlə andlı vəkillər, bütün məhkəmə sistemi ləğv edilmiş, yalnız 5 iyul 1922-ci ildə vəkillər haqqında Əsasnamə qəbul olunmuş, bu əsasnaməyə görə də vəkillərə nəzarət edilməsi məhkəmələrə, icra hakimiyyət orqanlarına və prokurorluğa həvalə edilmişdi.
22 dekabr 1938-ci ildə vəkillərə dair qanun qəbul edilmişdir. 1977-ci ildə SSRİ Konstitusiyası qəbul ediləndə 161-ci maddə vəkillərə həsr edilmişdi. 30 noyabr 1979-cu ildə “Vəkillər haqqında SSRİ Qanunu” qüvvəyə minmişdir. Bununla da, vəkillərin təşkilatlanması uzun zaman, çətin yollar keçmişdir.
Böyük Oktyabr Sosialist İnqilabından əvvəl və sonrakı dövrlərdə Rusiyada güclü vəkillər yaranmışdı. Ona görə ki, vəkillik peşəsi şərəfli və xeyirxahlıq xarakteri daşımışdır. Sovetlər hakimiyyəti dövründə dövlət ittihamçıları və müdafiəçiləri xüsusi inkişaf yolu keçərək məharətli novatorluq məktəbi yaratmışlar.
XVIII-XIX əsrlərdə Rusiyada advokatların, loqoqrafların və vəkillərin məhkəmələrdəki natiqlik istedadına maraq artmışdı. Müzakirələr, ictimai rəylər istedadlı vəkillərə qol-qanad verir, onları bir natiq kimi məşhurlaşdırırdı. “Müştərilərinin” sayı da ildən-ilə artırdı. Məsələn, A.F.Koni, P.A.Aleksandrov, F.İ.Plevako, V.D.Spasoviç, N.P.Karabçevski və qeyriləri həmin müstəvidə olmuşlar. Onlardan bəzilərinin üzərində dayanmaq faydalı olardı.
1. Pyotr Akimoviç Aleksandrov (1838-1893) Peterburq universitetinin hüquq fakültəsini 1860-cı ildə bitirmiş, 15 il ədliyyə nazirliyində çalışmış, 1876-cı ildə istefaya çıxaraq ömrünü vəkilliyə həsr etmişdi.
2. Fyodr Nikiforoviç Plevako (1842-1908) öz dövrünün ən görkəmli vəkili olub məhkəmə natiqləri arasında xüsusi yer tapmışdı. O, Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. 1864-cü ildə Moskva Məhkəmə Palatasında andlı vəkil kimi fəaliyyət göstərmişdir. F.N.Plevako söylədiyi müdafiə nitqlərində təkcə məsələnin hüquqi cəhətlərini deyil, eyni zamanda, ictimaiyyəti maraqlandıran sosial problemləri də çox incəliklə təhlil edirdi. Təkcə istedad yox, öz üzərində yorulmadan işləmək, söz və fikrin ifadə formasını axtarmaq zəhməti onun nitqlərinin təsir gücünü artırır, səsinin tonunu, nitqinin məzmununu dinləyicilərin əhval-ruhiyyəsi ilə kökləməyi bacarırdı. Plevakonun məhkəmədə müdafiə etdiyi bircə işin barəsində danışmaq yerinə düşərdi. Bir qoca arvad dəyəri 30 qəpik olan dəmir çaynik oğurlamışdı. Qoca nəslən zadəgan ailəsindən çıxmış, fəxri vətəndaş olmuş, ömrünün son çağlarında kasıblaşmış və çətin şəraitdə yaşamışdır. Onu məhkəməyə veriblər. Vəkil Plevako bu qadını müdafiə etmək qərarına gəlmişdir. İşdə iştirak edən prokuror bu böyük natiqin qüdrətinə bələd olduğu üçün ittiham nitqinə ciddi hazırlaşmış, hətta müdafiə zamanı deyiləcək sözləri də çıxışına əlavə etmişdi: “...Qarı yazıqdır, ehtiyac içərisində yaşayır. Oğurlanmış əmlak da elə bahalı bir şey deyil. Müttəhimin bu hərəkəti nifrət oyatmır. Adamın ona yazığı gəlir. Lakin xüsusi mülkiyyət müqəddəsdir. Bizim bütün rifahımız xüsusi mülkiyyətə əsaslanır. Əgər biz adamlara imkan versək ki, onu sarsıtsın, onda ölkəmiz məhv olar”.
Məhkəmə iclasında söz advokat Plevakoya verilir. Böyük söz ustası prokurorun axırıncı cümləsini antitezaya (tutuşdurmağa) çevirir: “Rusiya min ildən artıq yaşadığı bir dövrdə çox çətin sınaqlardan çıxıb, əzab-əziyyətlərə dözüb. Köçəri tayfalar, monqollar, tatarlar, polyaklar onun canına daraşıblar. Müxtəlif dilli tayfalar Moskvanı tutublar. Rusiya bunun hamısına dözüb. Bu çətinlikləri, işgəncələri aradan qaldırıb. Get-gedə möhkəmlənib, inkişaf edib. Lakin indi, ...bir qarı 30 qəpiklik köhnə çayniki oğurlayıb. Bax, Rusiya, əlbəttə, bu hadisəyə tab gətirə bilməz, həmişəlik məhv olacaqdır”.
Plevakonun 3-4 cümlələrdəki kinayəli ifadələri müdafiə nitqinin gücünü təsirli dərəcədə artırmışdır. O, intonasiyadan, məntiqi vurğudan, sözün, ifadənin, cümlənin aktuallaşmasından məharətlə istifadə etmişdir.
Rusiyanın ən məşhur advokatlarından birisi də Anatoli Fyodoroviç Koni olmuşdur. O, ilk əvvəl andlı məhkəmələri, eləcə də natiqlik istedadına malik advokatları yüksək qiymətləndirirdi. Vəkilin məhkəmələrdəki çıxışları iş üzrə həqiqətin açılması üçün tutarlı vasitəyə çevrilmişdi. Bu barədə məşhur rus hüquqşünaslarının “Nitqlər kitabı” hazırlanmış və 1958-ci ildə çapdan buraxılmışdır.
Tədqiqatçılar tərəfindən müəyyən edilmişdir ki, eramızın VII-IX əsrlərində Azərbaycanda vəkillik qurumu mövcud olmamışdır. Məhz islamın ilkin dövrünün məhkəmə istintaqının səciyyəvi cəhəti də vəkillərin olmaması idi. O vaxtlarda məhkəmə, hakim məfhumlarını “Qazı” əvəz edirdi. Məhkəmə baxışlarının vəkilsiz, müdafiəçi olmadan aparılmasına baxmayaraq, tərəflər prosesdə onların adından çıxış etməyi başqa şəxsə həvalə edə bilirdilər. Odur ki, bu yolda şəriət mühakimə icraatında vəkillik təsisatının meydana gəlməsinə ehtiyac duyuldu. Tərəflərdən sübutların tələb edilməsində, onlara and içdirmə proseslərində, vəkil və ya nümayəndələrin çağırılması tələbatı özünü büruzə verdi. Bu cür şəraitdə yaranan vəkillər qurumu müstəqil yox, yalnız Qazilərin sərəncamında olmaqla fəaliyyət göstərməyə başlamışlar.
XIII-XVI əsrlərdə Azərbaycanda vəkillərin və nümayəndələrin şəriət məhkəmələrində iştirak etmələri artıq bir adət halına çevrilmişdi. Bu dövrlərdə iki növ məhkəmələr fəaliyyət göstərməyə başlamışdı.
(davamı növbəti saylarımızda)
Cahangir Nəsirov,
Vəkillər Kollegiyasının üzvü,
Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatında
Nəzarət-Təftiş Komissiyasının sədri,
prokurorluq orqanlarının fəxri işçisi,
baş ədliyyə müşaviri
Respublika qəzeti - 30 avqust 2018-ci il