Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Ölkə rəhbərliyi vəkillik institutuna dəyər verir” – Sahib Məmmədov

26 fevral 2018    1083

Bunu AzVision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün imzaladığı sərəncama münasibət bildirən S.Məmmədov fikrincə, vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir: 

“Azərbaycan Konstitutiyasının 61-ci maddəsinə görə, dövlətin öz üzərinə götürdüyü öhdəliklərdən biri əhaliyə yüksək peşəkar hüquqi yardımı təmin etməkdir. Bu baxımdan vəkillərin peşə təşkilatına dövlətin dəstəyi yalnız alqışlanmalıdır. Vəkilliklə bağlı bizdə xeyli problemlər vardı. Adambaşına düşən vəkillərin sayına görə az qala dünyada ən axırıncı yerlərdən birində idik, vəkillərin normal fəaliyyəti üçün bina yox idi. Bir çox məhkəmələrdə, istintaq orqanlarında vəkillər üçün şərait kifayət qədər yaxşı deyildi. Bu baxımdan ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyət daşıyır. Bu sərəncam Vəkillər Kollegiyasına yeni müasir bina ilə təmin olunmasını özündə ehtiva edir. Eyni zamanda vəkillər üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub”. 

S.Məmmədov vurğulayıb ki, son zamanlar Azərbaycanda vəkilliklə bağlı cox ciddi dəyişikliklər baş verir: “Ötən ay Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirildi. İlk dəfə idi ki, 2000-ə yaxın şəxs imtahanlarda iştirak etdi. Onlardan 607 nəfər növbəti mərhələyə keçdi. Ümid edirik ki, proses davamlı olacaq və Azərbaycanda vəkillərin sayının kritik sayda az olmasının, xüsusən regionlarda, bəzi inzibati rayonlarda vəkillərin olmaması kimi problem aradan qalxacaq. Həmçinin vəkillərin peşəkar səviyyədə fəaliyyətini həyata keçirməsi üçün əlavə imkanlar yaranacaq. 

Dövlətin öhdəliklərindən biri də odur ki, təminatı olmayan şəxslərə pulsuz hüquqi xidmət təmin edilməlidir. Amma, bizdə bu xidmətin yerinə yetirilməsi üçün vəkilə verilən qonorarın həcmi çox az idi. Prezidentin sərəncamı ilə vəkillərə verilən məbləğ üç dəfə artırılır. Bu, çox əhəmiyyətli dəyişiklikdir. Ümid edirəm ki, sərəncam vəkillik sahəsində başlayan islahatların həyata keçməsinə təkan verəcək. 

Vəkillərin sayı artmaqla yanaşı, pulsuz hüquqi xidmətin göstərilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik ediləcək. Pulsuz hüquqi yardımdan kimlərin bəhrələnə biləcəyi ilə bağlı mexanizmlər yaradılacaq. Bu sahədə görüləcək işlər çoxdur. Hesab edirəm ki, ölkə başçısının sərəncamı yalnız maddi dəstəkdən ibarət deyil, bu, həm də ölkə rəhbərliyinin vəkillik institutuna dəyər verməsinin göstəricisidir. Əminəm ki, islahatları həyata keçirən Vəkillər Kollegiyasının yeni rəhbərliyinə qol-qanad verəcək”.