Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində mütləqiyyət quruluşu devrildi. Bu hadisədən sonra Zaqafqaziyadan Dövlət Dumasına seçilmiş deputatlardan ibarət xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissarlığı yaradıldı. Lakin Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşıb ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini təşkil etdilər.
1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclasında Gürcüstan seymdən çıxaraq mayın 26-da öz müstəqilliyini elan etdi. Bir gün sonra, mayın 27-də isə Azərbaycanın istiqlaliyyətini bəyan etmək və ilk müstəqil Azərbaycan hökuməti yaratmaq üçün seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplandılar. Müzakirələrdən sonra onlar Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. İlk Azərbaycan Parlamenti belə yarandı. Milli Şura bitərəf Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk müvəqqəti hökumətini təşkil etdi.
AXC Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. O zaman Bakıda Stepan Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı Kommunasının iç üzü açılmışdı. O, azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və AXC hökuməti Tiflisdən Gəncəyə köçdü.
Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabr ayının 15-də Bakı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu tərəfindən azad olundu. Sentyabrın 17-də F.Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair arxiv sənədlərindən aydın olur ki, təşkilati işlər başa çatdırıldıqdan sonra parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olundu. Lakin parlamentin ilk iclası dekabrın
7-də keçirildi. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsənbəy Ağayev isə sədrin birinci müavini seçildilər. Ə.Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə H.Ağayev sədrlik etmişdir.
AXC Parlamentinin 145 iclası keçirilmiş, son iclası 1920-ci il aprelin 27-də olmuşdur. Bu müddətdə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul edilmişdir.
AXC-nin 28 may 1918-ci il tarixdə qəbul etdiyi ilk normativ hüquqi akt ozamankı Zaqafqaziya Seyminin Azərbaycandan olan deputatları Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Mehdi bəy Hacınski, Xəlil bəy Xasməmmədov və başqalarının, cəmi 25 nəfərin (katib Mustafa Mahmudov) daxil olduğu Müsəlman Milli Şurası tərəfindən qəbul edilən Azərbaycanın İstiqlalı haqqında Bəyannamə idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dekabr ayında keçirilmiş iclaslarında “Siyasi amnistiya haqqında” qanun layihəsi müzakirə edildi və 8 yanvar 1919-cu il tarixli iclasında qəbul edildi. Beş bənddən ibarət olan bu qanunun 5-ci bəndinə əsasən 7 dekabr 1918-ci il tarixə qədər mülki və hərbi hakimiyyətin göstərişi ilə qeyri-məhkəmə qaydasında təyin edilmiş cəzalar, həmçinin siyasi etibarsızlıq səbəbindən verilən hökmlər ləğv edilmiş və həmin qərarların icrası ilə bağlı aidiyyəti üzrə Daxili İşlər və Hərbi Nazirliyə tapşırıqlar verilmişdir.
Parlament 25 yanvar 1919-cu il tarixdə səpgili yatalaq epidemiyası ilə mübarizə məqsədilə Bakı şəhər bələdiyyəsinə dövlət xəzinəsindən iki milyon iki yüz min rubl, Gəncə bələdiyyəsinə isə dörd yüz əlli min rubl faizsiz kredit ayrılması barədə qərar qəbul etmişdi.
Hələ bundan əvvəl noyabrın 9-da milli bayraq haqqında qərar çıxarılmış, həmin qərarla yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət milli bayrağın təsviri təsdiq olunmuşdur. Parlament əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə də bir sıra qanunlar qəbul etmişdir. Belə ki, 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Azərbaycan hökumət təşkilatlarının qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik yardım verilməsi haqqında” qanunlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Sovetlərin tarix, hüquq və siyasi ədəbiyyatında AXC hökumətinin demokratik mahiyyəti bilərəkdən təhrif olunmuş, quldur, xan-bəy hökuməti kimi təqdim edilmişdir. Bu fikirlərin heç biri həqiqətə uyğun deyildi. Elə 10 mart 1919-cu ildə parlament zəhmətkeş sinfin əmək və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlərə əvvəlcədən baxılması üçün “Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında” qanun qəbul etmişdir.
“Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 29 aprel 1919-cu il tarixli qərarı isə Azərbaycan elminin və təhsilinin inkişafında müstəsna rol oynamışdır. Ümummilli lider Heydər Əliyev bu hadisəni yüksək qiymətləndirmişdir: “Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisədir”.
“Qısa müddətli pedaqoji kursların açılması haqqında” qanunda isə Qazax, Nuxa (indiki Şəki), Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncə şəhərlərində iki aylıq pedaqoji kursların açılması və bu məqsədlə dövlət xəzinəsindən iki milyon üç yüz doxsan min (2390000) rubl ayrılması nəzərdə tutulurdu.
AXC qısa ömür sürməsinə baxmayaraq, əhalinin maarifləndirilməsi işinə xüsusi diqqət yetirmişdir. Təsadüfi deyildir ki, 1919-1920-ci tədris ilində Avropaya 100 tələbə göndərmək üçün Xalq Maarifi Nazirliyinin sərəncamına Dövlət xəzinəsindən 7 milyon rubl vəsait ayrılması bərədə parlamentin qərarı olmuşdur.
Dövlət hakimiyyətinin bölgüsü prinsipi baxımından nisbətən yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi-müəssisan ilə bağlı normativ hüquqi aktın qəbul edilməsinin də xüsusi əhəmiyyəti vardı. Təsadüfi deyil ki, parlament 21 iyul 1919-cu ildə “Azərbaycan Respublikası Məclisi-müəssisana seçkilər haqqında Əsasnamə” qəbul etmişdi. Sənəddə Məclisi-müəssisana 120 nəfər üzvün seçilməsi nəzərdə tutulurdu.
“Azərbaycan Respublikasının Məclisi-müəssisana seçkilər haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən seçkilərdə iştirak etmək hüququna hər iki cinsdən olan və seçki gününədək 20 yaşı tamam olan vətəndaşlar malik idi. İnzibati vəzifələr tutan şəxslər, o cümlədən pristavlar, qəza rəislərinin köməkçiləri, qəza rəisləri, polismeysterlər, polismeysterlərin köməkçiləri, qubernatorlar və onların köməkçiləri yalnız aktiv seçki hüququndan (seçmək hüququndan) istifadə edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlardan biri də parlamentin 11 avqust 1919-cu il tarixdə qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında Qanun” idi. Qanunun 1-ci maddəsinə əsasən milli və dini fərqlərə baxmayaraq, özləri və ya valideynləri Azərbaycan Respublikasının ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşları hesab edilirdilər. Qanunun 2-ci bölməsinin 1-ci maddəsində göstərilirdi ki, birinci bölmənin birinci maddəsində göstərilməyən şəxslər Azərbaycan vətəndaşlığı hüququnu əldə edirdilər:
a) Azərbaycan vətəndaşlarından doğulanlar;
b) azərbaycanlıya ərə gəlmiş əcnəbi qadınlar;
c) on yeddi yaşa çatmamış Azərbaycan vətəndaşını övladlığa götürən əcnəbilər.
Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında ən parlaq səhifələrdən biri kimi qalacaqdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanında göstərilir: “Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir.
Nazirlər Şurası 1918-ci il iyul ayının 15-də bu faciənin təhqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919-1920-ci illər mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi”.
Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğu dövründə hərbi quruculuq sahəsində də uğurlu addımlar atmışdır. Nazirlər Şurasının qərarı ilə hərbi mükəlləfiyyət keçməkdən ötrü çağırış yaşı 19 yaş müəyyən edilmişdi.
Cümhuriyyət rəhbərləri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qayğısına qalmağı da yaddan çıxarmamışdır. Belə ki, parlament “Qaçqınların ehtiyaclarının ödənilməsi haqqında” xüsusi qanun qəbul etmişdir.
Parlament zəlzələdən zərər çəkmiş gürcü xalqına yardım edərək 11 mart 1920-ci ildə hökumətin İşlər idarəsinin smetasından 3 milyon manat ayrılması haqqında da qanun qəbul etmişdir.
AXC tərəfindən dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsi üçün gömrük xidmətinin mühüm əhəmiyyəti nəzərə alınaraq bu sahədə də bir sıra qanunlar işlənib hazırlanmışdır. Parlamentin 1920-ci il yanvarın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasında gömrük münasibətlərində sərhəd mühafizəsinin yaradılması haqqında”, “Ağstafa gömrük postunun yaradılması haqqında” qəbul etdiyi qanunlar məhz gömrük xidmətinin təşkili istiqamətində mühüm əhəmiyyət kəsb edən qanunvericilik aktlarındandır.
AXC məhsuldar işlədiyi dövrdə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına da xüsusi diqqət vermişdir. Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmişdir.
Təsadüfi deyil ki, elə həmin tarix əsas götürülərək ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Burada Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda müavini vəzifələri təsis edilmişdir.
1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəliyi artıq fəaliyyət göstərirdi. Azərbaycan həqiqətləri ingilis, fransız, rus, alman və sair dillərə çevrilərək çap olunub yayılırdı. Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. Məhz Rusiya Xarici İşlər komissarı Georgi Vasilyeviç Çiçerinin 1920-ci il yanvarın əvvəllərində Fətəli Xana göndərdiyi teleqramda belə bir məqsəd güdülürdü. O, Azərbaycanı - ağqvardiyaçı general Anton İvanoviç Denikinlə müharibəyə çağırırdı. Azərbaycan hökuməti isə sülh danışıqlarının aparılması üçün səy göstərirdi. Buna baxmayaraq, Rusiya XI Qızıl Ordunu göndərərək 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etdi. Milli dövlətin yaradıcıları ölkəni tərk etmək məcburiyyətində qaldılar.
Acınacaqlı hal ondan ibarətdir ki, vətən fədailəri Fətəli Xan Xoyski, yaxın dostları və silahdaşları ilə qonşu Gürcüstana - Tiflis şəhərinə mühacirət etdilər. Lakin burada da onlara muzdlu qatillər rahatlıq vermədilər.
Arxiv sənədlərindən görünür ki, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov və Nəsib bəy Yusifbəyli Tiflisin İrəvan meydanından keçərkən erməni terrorçuları Aram Erkayan və Misaq Qriqoryan tərəfindən 19 iyun 1920-ci ildə saat 9-da atəşə tutulmuşlar. Fətəli Xan və Nəsib bəy hadisə yerində ölmüşlər. Xəlil bəy Xasməmmədov isə yaralanmışdır. Gürcüstan hökuməti hadisəni nəzarətə götürərək istintaq aparmış və 8 nəfər terrorçu həbs edilmişdir.
Xalq Cümhuriyyətinin digər rəhbərlərindən Həsən bəy Ağayev Bakı şəhərində quldurlar tərəfindən qətlə yetirilmiş, Məmmədəmin Rəsulzadə isə Stalinin köməyi ilə əvvəl Rusiyaya, sonra Finlandiyaya və oradan da Türkiyəyə köçmüşdür. Ömrünün sonuna qədər orada yaşamışdır.
Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirərək, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Cahangir NƏSİROV,
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, baş ədliyyə müşaviri, respublika veteranlar təşkilatının şöbə rəisi