Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“İlham Əliyevin sərəncamı vəkillik institutunun inkişaf etdirilməsinin bariz nümunəsidir” - Xəyal Bəşirov

12 aprel 2018    2722

Ölkə başçısı cənab İlham Əliyev 22 fevral 2018-ci il tarixində AzərbaycanRespublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qeyd olunan bu sərəncamın məzmununa nəzər yetirdikdə aydın şəkildə görünür ki, qeyri-dövlət qurumu və dövlət büdcəsindən maliyyələşməyən təsisat olmasına baxmayaraq dövlət başçısı bu sərəncamda birbaşa Vəkillər Kollegiyasının maddi-texniki bazasının, ümumilikdə ölkədə vəkillik institutunun və hüquqi yardım fəaliyyətinin inkişaf etdirilməsi, eyni zamanda insanlarımızın yüksək keyfiyyətli hüquqi yardım almaq kimi konstitusion hüquqlarının ən üstün səviyyədə təmin olunması istiqamətində bütün vacib məqamlara toxunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq bütün digər istiqamətlərdə olduğu kimi, hüquqi dövlət quruculuğu sahəsində də çox əhəmiyyətli islahatlar aparılsa da, çox təəssüflər olsun ki, vəkillik institutu bu prosesdən müəyyən qədər kənarda qalmışdı. Bunun ən əsas səbəblərindən biri də bu sahədə mövcud olan neqativ halların və çatışmazlıqların kifayət qədər zamanın olmasına baxmayaraq, lazımi şəkildə müvafiq yüksək dairələrin və instansiyaların diqqətinə çatdırılmaması olub. Lakin artıq 2017-ci ilin 7 dekabr tarixində Vəkillərin Konfransı tərəfindən Kollegiyaya yeni rəhbərlik seçildi və artıq bu məsələdə kəskin dəyişiklik baş verdi. Vəkillər Kollegiyasına konfrans nümayəndələri tərəfindən açıq səsvermə nəticəsində seçilmiş yeni sədr Anar Bağırov on ildən artıq müddətdə vəkillik institutunun çətinlikləri və çatışmazlıqları ilə yaxından tanış olduğuna görə operativ və məqsədyönlü şəkildə bu cür halların aradan qaldırılması üçün aktiv fəaliyyətə başlayacağını bəyan etdi. Seçki konfransında Kollegiyanın sədri qismində ilk çıxışını ölkə başçısının ölkəmizdə vəkillərin sayının artırılması və digər əhəmiyyətli məsələlərlə bağlı tövsiyələrinin əks olunduğu sərəncama istinad etməklə başlayan Anar Bağırov, fəaliyyətinə də elə məhz bu tövsiyəyə uyğun istiqamətdə başladığını atdığı ilk addımlarla göstərmiş oldu. Vəkillər Kollegiyasının sədri seçilməsindən qısa müddət keçməsinə baxmayaraq özünün bütün səy və bacarıqlarını ortaya qoyan Anar müəllim iştirak etdiyi bütün tədbirlərdə, elədiyi bütün çıxışlarda bu sahədə olan çatışmazlıqları, mövcud problemləri qabartmağa, dövlətimizin ən yüksək təbəqələrinin diqqətinə çatdırmağa çalışıb. Təbii ki, bu gərgin, ədalətli və qətiyyətli mübarizə çox qısa müddət ərzində artıq ən yüksək səviyyədə öz bəhrəsini vermiş oldu. Ölkə başçısı cənab İlham Əliyevin bu məsələyə diqqət ayırmasına nail olundu və bunun nəticəsində barəsində danışdığımız, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində əsas sütunlarından hesab olunan vəkillik institutuna yeni nəfəs gətirəcək tarixi sərəncam imzalandı. Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün lazımi tədbirlərin görülməsi barədə tapşırıq verilib. Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb. Ən əsas məqamlardan biri də barəsində danışdığımız sərəncamda Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə, yəni, 300% artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Bunu vurğulamaq tam yerinə düşərdi ki, bir neçə on illiklər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyəti çox şəraitsiz, yaşayış binasının yerə bitişik olan birinci mərtəbəsində və çox kiçik sahəyə malik olan bir binada fəaliyyət göstərib. Lakin Rəyasət Heyəti Kollegiyanın yeni rəhbərliyi, xüsusilə də yeni sədrin təşəbbüsü ilə çox böyük çətinlik bahasına da olsa qurumun öz hesabına yeni, nisbətən daha yaxşı şəraitə malik olan, müasir tələblərə cavab verən binaya köçmüşdür və artıq bir neçə müddətdir ki, orada fəaliyyət göstərməkdədir. İnformasiya əsri olan XXI əsrdə Respublika səviyyəli bir qurum olan Vəkillər Kollegiyasının normal şəkildə işləyən bir saytı olmadığına görə də qısa müddət öncə müasir standartlara cavab verən bir saytın (http://www.barassociation.az) hazırlanaraq istifadəyə verilməsi də, yeni rəhbərliyin fəaliyyətinin bariz nümunələrindəndir. Məlumat üçün onu da bildirim ki, 28 yanvar 2018-ci il tarixində hüquq peşəsinə qəbulla bağlı ölkəmizin tarixində ilk dəfə olaraq rekord sayda, 2000-ə qədər namizədin iştirakı ilə test imtahanı ən yüksək səviyyədə və heç bir neqativ hal baş vermədən keçirildi. Bütün bu sadaladıqlarımla yanaşı atılmış digər çoxsaylı addımların nəticəsidir ki, artıq vəkillik institutunda bir oyanış və inqilab baş verməkdədir, dövlətimizlə yanaşı insanlarımızın da vəkillərimizə olan inamı, etimadı və etibarı artmaqdadır. Təbii ki, uzun illər ərzində yaranan və hazırda da mövcud olan problemlər çox olduğundan hələ görüləcək işlər, planlar da çoxdur. Eyni zamanda onu da əminliklə demək olar ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, Vəkillər Kollegiyasının ortaya qoyduğu qəti səy və iradə hesabına zamanla bütün problemlər həllini tapacaq, hər bir çətinliyin öhdəsindən gəlinəcəkdir. Ölkə başçısı cənab İlham Əliyevin bu sərəncamı imzalaması artıq ölkəmizdə vəkillik institutunun inkişaf etdirilməsi, digər təsisatlarla yanaşı irəliləməsi və inkişaf etmiş dünya ölkələrində olan səviyyəyə çatdırılmasında ən yüksək səviyyədə dövlət marağının olmasının bariz nümunəsidir. Bu səbəbdən də başda Vəkillər Kollegiyasının rəhbərliyi olmaqla bütün həmkarlarımız adından ölkə başçısına təşəkkürümüzü bildirir və işlərində yeni uğurlar arzulayırıq.

Xəyal Bəşirov
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının üzvü