Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvü Paşa Səfərovun Azərbaycan Vəkili Jurnalının 12-ci sayında dərc olunmuş "Vəkilin nitq mədəniyyəti" adlı məqaləsi

05 may 2018    5304

VƏKİLİN NİTQ MƏDƏNİYYƏTİ
(hüquqi, fəlsəfi, sosial və bədii yanaşma)

ÜMUMİ BAXIŞ

 
Şəxsin mənsub olduğu peşə fəaliyyətindən asılı olaraq onun müəyyən hüquq və vəzifələrə (ümumi, eyni zamanda xüsusi) malik olması, bu, hüquq və vəzifələri müəyyən edən (tənzimləyən) müvafiq sahəvi normativ hüquqi aktlarda (Müəllif qeydi: Bu normativ hüquqi akt, eyni zamanda hüquqi akt olmaya da bilər (məsələn, Vəkillər Kollegiyasının 08 dekabr 2012-ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə və s.) nəzərdə tutulan maddi və prosessual normaların xəbərdaredici, həmçinin məcburi qüvvəyə malik göstərişləri onun davranış qaydasını formalaşdırır, eyni zamanda onun bu sahədə fəaliyyətinə öz çərçivəsində nəzarəti həyata keçirir. Bu formalaşma nəticəsində şəxsin yazılan (müvafiq hüquqi aktda nəzərdə tutulan) davranış forması, onun yazılmayan (bərqərar olunmuş adət-ənənəyə əsaslanan) davranış formasını (ümumi və xüsusi davranış qaydaları) inkişaf etdirməyə mane olmur. Bu, onunla öz təsdiqini tapır ki, yazılan davranış forması müvəqqəti xarakterə malik olduğundan (yəni, şəxsin peşə fəaliyyətini dəyişməklə onu həyata keçirməməsi və s.), eyni zamanda müəyyən zaman və məkan zəruriliyi daşıdığından ondan öncə mövcud olan, daimi xarakterə malik (yalnız şəxsin iradəsindən asılı olaraq qeyri-daimiyə çevrilə bilər), həmçinin mövcudluğuna əsaslı mənbəə kimi çıxış edən yazılmayan davranış formasına əsaslanır. Beləliklə, heç bir hüquqi nəticəyə səbəb olmayan, eyni zamanda hər hansı bir nəzarət çərçivəsində formalaşmayan və məsuliyyət nəzərdə tutmayan davranış forması bir növ ümumi xarakterə malik olmaqla hər bir peşə sahibinin hərəkət və hərəkətsizliyində özünü biruzə verməsi danılmazdır. Bundan fərqli olaraq, üzərində müəyyən bir nəzarət funksiyasının həyata keçirildiyi yazılı davranış formaları bir növ xüsusi xarakterə malik olmaqla müvafiq peşə sahibləri üçün nəzərdə tutulduğundan yalnız onların hərəkət və hərəkətsizliyində (Müəllif qeydi: Bəzi müəlliflər yazılı davranış formasının müvafiq normativ hüquqi aktla nəzərdə tutduğunu əsas götürərək şəxsin hərəkətsizliyini davranış qaydası hesab etmirlər.) özünü göstərməsiylə öz funksiyasını həyata keçirir. Təbii ki, burada şəxsin hansı peşə fəaliyyətinə mənsub olduğu başlıca amildir.
Ümumilikdə, cəmiyyətdə mövcud peşə sahələri müxtəlif özəl xüsusiyyətlərə və fərqliliyə malik olmaqla bir-birindən seçilmək iqtidarındadırlar, lakin bu, peşə sahələrindən xüsusi özəlliyinə və fərqliliyinə rəğmən bəzilərinin müəyyən bir xüsusiliyi vardır ki, buna bir növ xüsusi nəzarət təsiri duyulmaqdadır. Məhz belə peşə sahiblərinin davranışı malik olduqları xüsusi keyfiyyətləri ilə yanaşı, müəyyən edilmiş qaydalara əsasən müəyyən olunmuş vəzifə səlahiyyətləri çərçivəsində daşıdığı vəzifəylə müəyyən edilir. Əgər şəxsin vəzifə səlahiyyəti digərlərinə nisbətdə ciddi və daha önəmlidirsə, yaxud müəyyən dəqiqlik və zərurilik, həmçinin müəyyən sirrin qorunmasını tələb edirsə, o zaman davranış qaydaları daha ciddi və nəzarətli olur. Əslində, belə bir qaydaların mövcudluğu insan hüquq və azadlıqlarının məhdudlaşdırılması anlamına gəlmir, əksinə insan hüquq və azadlıqlarına hörmət və qayğını ifadə edir. Bu cür peşə təmsilçiləri üçün nəzərdə tutulmuş davranış qaydaları həmin insanların malik olduqları peşəyə uyğun olaraq başqa şəxs olmalarında, adi bir şəxs olmalarına rəğmən özünü mütləq şəkildə danılmazdır. Belə bir seçim şəxsə verilməklə onun eyni zamanda digər insanlar qarşısında necə məsuliyyətli olmasını da müəyyən edir. Belə peşə sahələrindən biri də vəkillik, peşə təmsilçisi isə vəkildir.
Vəkilin digər peşə sahiblərindən fərqli xüsusiyyətlərə malik olması aydındır (Müəllif qeydi: Bu, xüsusiyyətlər 28 dekabr 1999-cu il tarixli, 783-IQ nömrəli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.), lakin daşıdığı prosesssual vəzifələr baxımından xüsusi keyfiyyətlərə malik olan vəkil məhz bu vəzifələr sayəsində onun davranış formasını və onun çərçivəsini müəyyən edən qaydaların necə ciddi və məsuliyyətli olması anlamına gəlir. Belə ki, məhz vəkillik sayəsində belə davranışı müəyyən edən “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə (Müəllif qeydi: Əsasnamə davranış qaydaları haqqında ümumi müddəaları, davranış qaydalarını və bu qaydaların həyata keçirilməsinin təmin olunmasını müəyyən edir.) mövcuddur ki, onun tələblərinin pozulması vəkilin intizam məsuliyyətinə cəlb olunması üçün əsas verir (Müəllif qeydi: Bax, sözügedən Əsasnamənin 14-cü maddəsinə. Həmçinin, bu mövzu ilə bağlı yazının “Məsuliyyət” hissəsinə nəzər yetirmək tövsiyyə olunur.). Bu isə öz növbəsində bu qaydalara əməl etmənin necə məsuliyyətli və lazımlı olmasının əyani sübutudur.
Hazırda müxtəlif prizmalarda nitq mədəniyyəti araşdırılan xüsusi özəlliyi ilə seçilən vəkillik bəşər tarixi ərzində yaranışından mövcud durumuna qədər müxtəlif və qarışıq bir inkişaf yolu keçmişdir. Bu inkişaf yolunda vəkillik mövcud zaman mərhələsində formalaşan mövcud şüur səviyyəsinə uyğun olaraq digər sahələrə nisbətdə daha qabarıq şəkildə inkişaf etmişdir. Həmin inkişaf tarixinin çox qısa formada təhlil edərkən bəzi xüsusi məqamlar meydana çıxır ki, burada zaman və şüur məfhumunun necə böyük rol oynadığının şahidi oluruq. Belə ki, dövlət və hüquq nəzəriyyəsi baxımından Qədim Yunanıstandan çox da böyük bir fərqlə seçilməyən Qədim Romada hüquqşünas (Müəllif qeydi: Qədim Romada hüquqşünaslar 3 istiqamət - təmsil etmə (mən deyirəm), müdafiə etmə (mən doğruyam) və təbliğ etmə (o belə deyir) üzrə fəaliyyət göstərirdilər.) olmaq müəyyən hallarda vacib idi və bunun üçün ilk növbədə “seçilən” olmaq lazım idi. Əgər insan öz zəkasına, eləcədə bu zəkanın nümayişinə (məsələn, natiqlik və s.) görə digələrindən seçilirdisə, o zaman o, hüquqşünas olmalı idi (olmaya da bilərdi, lakin hüquqşünas olmaq üçün güclü zəkaya malik olmaq başlıca şərt idi). Lakin “hüquqşünas” olmaq kifayət deyildi, məhz bu peşənin yüksək mərhələsi, yüksək pilləsi “vəkillik” hesab olunurdu ki, bütün hüquqşünaslara bu mərhələyə çatmaq qismət deyildi (ümumilikdə, Qədim Romada hüquqünas və vəkil ayrılığı mövcud deyildi, vəkil yalnız məhkəmələrdə müdafiə işi ilə məşğul olan hüquqşünaslara deyirdilər). O zamanlar vəkilliklə, daha doğrusu vəkillə bağlı müəyyən mənada ecazkar qaydalar tətbiq olunurdu ki, bu, insanlar arasında yazılmayan başlıca təbəqələşmə hesab olunurdu. Məsələn, Qədim Roma küçələrində qarşına vəkilliklə məşğul olan şəxs çıxardırsa, sən ya kənara çəkilib ona yol verməli, ya da ki, qarşılaşmamaq üçün öz yolunu dəyişməliydin (Müəllif qeydi: Buna oxşar yazılmayan qayda sonralar Böyük Britaniyada mövcud olmuş viktorinaçılıq dövründə də vardır. Belə ki, sözügedən dövrdə bir-birinə hörmətlə yanaşan insanlar, cəmiyyətin müəyyən bir təbəqəsinə xüsusi hörmətlə yanaşırdılar ki, bu təbəqəyə vəkillər də aid idi.). Yaranmış bu adət artıq ənənə halını almaqdaykən hakimiyyət vəkilləri özünə doğru, özünün idarəçiliyinə (daha doğrusu idrəçiliyin inkişafı üçün) cəlb etməyə çəkdi və beləliklə, hakimiyyətin əsas söz sahibləri məhz vəkillər arasından seçilməyə başladı. Artıq vəkil xidmət göstərən (mirzəlik və s.) şəxs pilləsindən keçdiyi pozulmuş hüquqların bərpası üçün müdafiəçi kimi çıxış edən şəxs pilləsindən növbəti bir pilləyə - hakimiyyətdə xalqı təmsil edən şəxsə çevrilirdi. Bununla da vəkillik sübut etdi ki, o əslində xalqı məhkəmələrdə deyil, eyni zamanda hər bir yerdə, hətta dövlətin özündə də təmsil etməyi (qorumağı) bacarır. Bununla hansısa bir qaydanı pozmur, lakin bu düşüncənin hakimiyyət tərəfindən nə qədər düzgün bir yanaşma olmadığını tarix tezliklə nümayiş etdirdi. Belə ki, dövlət vəkilliyin xalqın müdafiəsinə can atmasının qarşısını almaq niyyətindən uzaq duraraq, əslində onun marağını, xalqı dövlətə qarşı təmsil etməklə bir növ hakimiyyətə gəlmək istəyi, xalqın pozulmuş hüquqlarının bərpası üçün mövcud şəraitin yaradılmasına görə hakimiyyətdə dəyişiklik etmək istəyinin qarşısını almaq idi.
Vəkillik institutunun çiçəkləndiyi bu dövr uzun zaman davam etmədi, tezliklə hakimiyyət bu uğurun sonunun heç də yaxşı bitmədiyini və vəkillərin hakimiyyətə doğru can atdığını sezib bu təbəqəni hakimiyyətdən sıxışdırıb çıxarmağa (Müəllif qeydi: Belə bir yanaşma tarixin müəyyən mərhələlərində mövcud olmudur. Məsələn, Fransada müvəqqəti hökümət zamanı xüsusi vəkillik təbəqəsi ləğv edilmiş və 2 sentyabr 1790-ci il tarixli Dekretlə, bütün vətəndaşlara məhkəmələrdə vəkil qismində çıxış etmək hüququ verilmişdir. Beləliklə, Fransada həmin zaman istənilən şəxs məhkəmələrdə baxılan cinayət işləri üzrə vəkil qismində iştirak hüququna malik idi. Bu barədə böyük fransız yazıçısı Viktor Hüqo (1802-1885) müəllifi olduğu “93-cü il” (1874) romanında maraqlı bir məlumat vermişdir. Belə ki, hərbi qulluqçu barəsində açılmış cinayət işinə baxılan zaman təqsirləndirilən şəxsə əsgərlər arasından istənilən şəxsi özün vəkil seçmək şansı verilmişdi. Əslində müvəqqəti hökümətin belə bir Dekret qəbul etməsi vətəndaşların hüquqi müdafiə üçün qarşılaşdıqları çətinliyi (maddi və mənəvi) aradan qaldırılması üçün atılan bir addım idi. Lakin bu Dekret uzun zaman qüvvədə qalmağı bacarmadı. Belə ki, I Napoleon 14 dekabr 1810-cu il tarixli Dekreti imzalamaqla 2 sentyabr 1790-ci il tarixli Dekret qüvvədən düşdü. Baxmayaraq ki, I Napoleon belə bir Dekret imzalamışdı, amma o, bu Dekretin tamamilə əleyhinə idi. Məhz Dekret hazırlanarkən o demişdi: “Vəkillər – qiyamçıdır, cinayətdə və xəyanətdə ustadırlar. Nə qədər ki, qılınc əlimdədir, mən heç vaxt belə bir Dekret imzalamayacağam. Mən istərdim elə bir imkan olsun ki, o vəkilin dilini kəssin ki, o, hökümətin əleyhinə danışmış olsun”.) və yenidən vətəndaşlara hüquqi yardım göstərməyə məcbur etdi. Bu münasibətdən sarsılan vəkillik məhz hakimiyyətə qarşı uzun zaman istər özləri, istərsə də müdafiə etdikləri şəxslər üçün mübarizə aparmağa çalışdılar.
Qədim Romada başlanan bu münasibət təbii ki, digər dövlət qurumlarına da yayıldı və getdikcə, zaman irəlilədikcə vəkillik institutu mövqeyini dəyişməyə məcbur oldu; vəkil daha çox müdafiə prinsipini həyata keçirən şəxsə çevrildi.
Orta əsrlər zamanı da vəkilə qarşı istər şəxsi, istərsə də hakimiyyət mövqedən baxış birmənalı olmadı. Belə ki, sözügedən zamanda artıq vəkillik demək olar ki, adət-ənənə (Müəllif qeydi: Aristotelin təliminə görə, adətlər əsasında müəyyən edilmiş qanunlar böyük əhəmiyyətə malikdir və yazılmış qanunlardan daha mühüm olan məsələlərə toxunur (bu barədə bax, Aristotelin şərti və təbii hüquq haqqında təlimlərinə). əsasında deyil, sırf hüquq normaları əsasında fəaliyyət göstərməyə başladı. Başlıcası isə qədim dövrdə vəkildən başlıca olaraq natiqlik tələb olunurdusa, indiki dövrdə vəkildən daha çox qanunları bilmək tələb olunurdu. Artıq insanları vəkilin maraqlı və diqqət cəlb edən nitqi deyil, müvafiq mübahisənin həllini tənzimləyən qanunları mükəmməl bilib-bilməməsi maraqlandırırdı.
Sonralar təbii ki, mövcud zaman daxilində mövcud hakimiyyət rejiminə uyğun olaraq onların fəaliyyəti, bu fəaliyyəti həyata keçirmək imkanı verən qanunlar, eləcə də onların özlərini təmsil etmə forması müəyyən dəyişikliklərə məruz qalaraq uzun, lakin asan olmayan bir inkişaf yolu qət etdi. Nəticədə vəkillik fəaliyyəti hökmüranlıq etdiyi geniş sahədən, müəyyən bir sahəyə, daha doğrusu sərhədləri müəyyən edilmiş bir sahəyə keçməyə məcbur oldu.
Zaman-zaman “vəkil” məfhumu “ağıllı”, “hörmətli”, “şöhrətli” və s. titullar qazandı, baxmayaraq ki, bunlar arasında ən məşhuru və diqqət cəlb edəni “imkanlı olmaq” (Müəllif qeydi: Bu ifadənin təsdiq edən əlamətlər hətta Qədim Romada, deyimə çevrilmiş “zəngin yaşamaq istəyirsənsə vəkil ol” ifadəsi ilə öz təsdiqini tapmışdır.) oldu. Məhz insanlar imkanlı olmaları, yaxşı yaşamaları üçün hüquqşünas olmaq niyyətinə düşdülər (bəşəriyyət inkişaf etdikcə bu hal öz təsdiqini aydın şəkildə tapmaqdadır). Dahilikdən zənginliyə keçid yolu qət edən hüquqşünaslıq nəticədə zəkadan tam olmasa da, fərqli formada uzaqlaşmağa başladı. Təbii ki, zəkadan uşaqlaşmaq çox şeydən, o cümlədən mədəniyyət və ədəbiyyatdan uşaqlaşmaq idi. Məhz bu, “imkanlı olmaq” prinsipi digərlərinə nisbətdə tezliklə özünü daha qabarıq büruzə verdi ki, bu da istər yaradıcılıqda, istərsə də real həyatda mövcud münasibətdə özünü bütün çılpaqlığı ilə göstərməyə başladı. Bu qayda sonralarda davam etdi və bəşər övladı vəkil dedikdə ilk əvvəl şüuruna gələn imkanlı, əlçatmayan, seçilən bir insan tipi (Müəllif qeydi: Bu yanaşma hətta ədəbiyyatda da öz təsdiqini tapmışdır. Məsələn, amerika yazıçısı Cerom Devid Selincer (1919-2010) “Çovdarlıqda uçurumdan qoruyan” adlı məşhur əsərində yazırdı: “Vəkil olmaq pis olmazdı, ancaq... Bilirsən, onlar məhz günahsız adamların həyatını xilas eləsəydilər, bu heç də pis olmazdı, ancaq iş ondadır ki, vəkil olandan sonra bu heç adamın yadına düşmür. İş-gücün daha çox pul qazanmaq, bric, qolf oynamaq, maşın almaq, lovğa-lovğa kokteyl içmək, modabazlıq eləmək olur. İkincisi də tutaq ki, vəkil olandan sonra sən həmişə yalnız günahsız adamların həyatını müdafiə etməklə məşğulsan, onda hardan biləsən ki, bunu nəyin xatirinə eləyirsən. Həqiqətən onların həyatını xilas etmək istədiyinə görəmi, yoxsa özün məşhurlaşmaq, güclü vəkil kimi şan-şöhrət tapmaq naminəmi? Bəlkə, sən də başqaları təki istəyirsən ki, hər dəfə bu andır məhkəmə prosesindən qalib çıxanda lap elə o sarsaq filmlərdəki kimi hamı əlini kürəyinə qoyub səni təbrik eləsin. Necə biləsən ki, sən bununla özünü gözə soxmaq istəmirsən? İş də bundadır ki, bunu heç vaxt anlaya bilməyəcəksən.”
Yaxud braziliya yazıçısı Paulo Koelyo (1947) “Şeytan və senyorita Prim” əsərində yazır ki, “...vəkil tutmaq üçün onun heç vaxt bir yerdə görmədiyi qədər pul lazım olduğu məlum olacaqdı və nəhayət, məhkəməni gözləməyib qızıldan imtina edəcəkdir.”
Həmçinin, dahi hind mütəfəkkiri Rabindranat Taqor (1861-1941) 1892-ci ildə qələmə aldığı bir hekayəsində yazırdı: “O, bilirdi ki, vəkillər görkəmli adamların ləyaqətlərini nəzərə almırlar. Məhkəmə onları camaatın qarşıında təhqir edirlər.”
Bundan başqa ərəb yazıçısı Zunnun Əyyub məşhur “Namus” hekayəsində vəkilin məhkəmə iclasında çıxışını təsvir edirdi: “...Nəhayət vəkil ayağa qalxıb uca səslə namusdan danışmağa başladı. Onun nitqi orta məktəb şağirlərinin bazar ertəsi adi iclaslarda söylədiyi nitqdən az fərqlənirdi.” Daha sonra vəkilin nitqinin əsassızlığı barəsində bunları yazırdı: “...Vəkil öz nitqini bitirib qatilin məşhur qəbilələrdən birinə mənsub olduğunu sübut edən kağızları məhkəməyə təqdim etdi və ona qarşı “qəbilələr haqqında qanunu” tətbiq etməyi tələb etdi. Sonra isə uzun-uzadı mənası mənə qaranlıq qalan hansısa maddə və paraqrafları sadaladı. Mən isə qəlbim kədərlə dolu vəziyyətdə məhkəmə zalını tərk etdim.”) formalaşdırdı.
İstər kilsə hakimiyyəti dövründə, istərsə də intibah dövründə bu, qayda zəifləsə də öz qüdrətini saxlamağı bacarırdı. Volter (Müəllif qeydi: Volter (Fransua Mari Arue, 1694-1778), Fransa maarifçisi, filosofu.), Mönteskyö (Müəllif qeydi: Mönteskyö (Şarl Lui Mönteskyö, 1689-1755) Fransa filosofu.) və başqalarının yaradıcılığında bu münasibətlərin necə aydın şəkildə çatdırılması diqqətdən yayınmamışdır. Sonradan müəyyən hüquq sistemlərinin (roman-german və anglo-sakson) (Müəllif qeydi: Türkiyə mülki hüquq sahəsində tanınmış alim, prof. Mustafa Dural həmmüəllifi olduğu "Vərəsəlik hüququ" kitabına yazdığı ön sözdə belə cümlələr işlətmişdi: "..ölkədaxili hüququmuza yavaş-yavaş Anglo-Sakson hüququ hakim olmaqdadır. Bu isə bizim də daxil olduğumuz Avropa hüquq sistemini Anglo-Sakson hüquq məntiqi ilə açıqlamaq mümkün deyildir. Nə var ki, gənc elm adamlarının xarici dil olaraq İngiliscəni tərcih etmələri əlaqəli olaraq bu sonluğu meydana gətirmişdir. Bundan bir an öncə imtina etmək, hüququmuzun mənbəyinə qayıtmaq lazımdır." Əslində Anglo-Sakson və Roman-German hüquq sistemlərinin fərqli və eyni zamanda da özünəməxsus xüsusiyyətləri mövcuddur ki, bunlar hər iki hüquq sistemini həm inkişafa, həm də fərqliliyə aparır. Məsələn, bəzi hüquq müəlliflərinin qəbul etmədiyi Anglo-Sakson hüquq sistemində mübahisənin həll edilməməsinin qeyri-mümkünlüyü halı mövcud deyildir. Yəni, hüquq sistemi hər bir mübahisənin həllini mümkün hesab edir, əgər mübahisəni tənzimləyən norma və ya təcrübə yoxdursa, o zaman yeni təcrübənin (presidentin) yaranması ilə mübahisə həll olunur. Bu hal Roman-German hüquq sistemində qismən öz həllini tapır. Belə ki, mübahisənin tənzimlənməsində konkret normanın yoxluğu yalnız qanunun və ya hüququn analogiyasından istifadəyə icazə verməklə həllini tapır. Biz Anglo-Sakson deyil, Roman-German hüquq sistemlərinə aid olduğumuzu unutmamalı, onun mövcud qaydalarına əməl etməli və yanaşmanı digər hüquq sahələrində olduğu kimi vəkillikdə də tətbiq etməliyik (bu barədə hazırki yazının “Özünü dərk” hisəsində ətraflı məlumat verilmişdir) formalaşması və inkişafı fonunda vəkillik də müəyyən xüsusiyyətlər üzrə formalaşmağa başladı. Hətta bu formalaşma özünüo dərəcədə nümayiş etdirdi ki, buna münasibət bildirmək zəruriliyi yarandı.
 
ÖZÜNÜ DƏRK
 
İnsanı ifadə forması özünü dərketmədən başlayır.
Fəlsəfi baxımdan dərkdilməsi gözlənilən bir hərəkət (davranış forması) dərketdirən tərəfindən elə bir halda (yəni dərkedəcək şəxsin dərketmə qabiliyyəti nəzərə alınmaqla) çatdırılmalıdır ki, həmin hərəkət (davranış forması) dərkedilən olsun. Bunun üçün dərketdirən şəxsin özünün dərketmə qabiliyyəti yüksək səviyyədə olması zəruridir (Müəllif qeydi: Müəllifin təməlini qoyduğu “Dərketmə fəlsəfəsi” əslində insanın özünü dərki ilə yanaşı ətrafının da dərketməsinin zəruriliyi təbliğ etməkdədir. Dərketmə fəlsəfəsinə görə, insan (dərketdirən) onu dinləyən insana fikir bildirmədən öncə onun dərk etmə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyən etməlidir. Bunun üçün o, insan “dərk edən insan” səviyyəsinə malik olmalı, özünün formalaşdırdığı (bu ifadə malik olduğundan öncə əldə etdiyi ifadəsinin birgə fəaliyyəti nəticəsində formalaşmanı nəzərdə tutur) dərk etmə gücü ilə qarşısındakı insanı “dərk etmək gücünün hansı səviyyədə olması” üçün onun hansısa bir özünü ifadə hərəkəti vasitəsilə onun şüuruna daxil olmalı, onun dərketmə gücünü müəyyən etməli (bunun üçün onun dərketmə gücü kifayət qədər olmalıdır) yenidən onu tərk etməli və özünü ona dərk etdirməyə hazırlamalıdır. Bundan sonra insan (dərketdirən) insanın (dərkedənin) anlayacağı tərzdə özünü ifadə etməlidir (lakin dərketdirməyə çalışan şəxsin hərəkəti üçüncü şəxslər tərəfindən iki mənada dərk olunmalıdır, birincisi, onlar dərkolunmanı dərk etməlidirlər, ikincisi, onlar dərk etməyə çalışan insanı olduğu kimi deyil, dərketməyə çalışan insana çevrildiyini dərk etməlidirlər), yəni ifadə elə bir tərzdə olmalıdır ki, burada digər insan (müşayidəedən) dərketdirənin ifadəsindən anlamalıdır ki, onun ifadə tərzi məhz ikinci insanın (dərkedənin) başa düşülməsi üçündür. Əslində “dərketmə fəlsəfəsi” bununla bitmir, tamam başqa dördüncü insan (təsviredən) bu hadisələrə inanmalı və elə təsvir etməlidir ki, burada istər birinci insan (dərketdirən), istər ikinci insan (dərkedən), istərsə də üçüncü insan (təsviredən) bütün olanları dərketmə gücündədirlər, yəni onların şüurunda görünməz dərketmə bağlılığı mövcuddur və onlar bir-birini dərk edirlər.
Əslində müəllif bu fəlsəfəsi ilə oxucuya çatdırır ki, istənilən özünü ifadə forması dərkedilməyə söykənməlidir, əgər onun dərki mümkün deyilsə, o zaman onun ifadəsi də əhəmiyyətli və əlçatımlı deyil.).
Hüquq və vəzifənin dərkedilənliyi insanın nəzəri biliyinin kifayət qədər olması ilə əlaqələndirmək doğru deyildir, bunun üçün şəxsin yetərincə nəzəri biliyi olmaya bilər (burada bilik dedikdə, hüquq və vəzifənin mahiyyətini anladan normativ hüquqi akt və ya onun norması nəzərdə tutulur); başlıcası şəxsin təcrübi biliyə malik olmasıdır (Müəllif qeydi: Müəllif kimi hesab edirəm ki, ümumilikdə mənbə dedikdə, nəzəri və təcrübi ilə yanaşı şüur da mühüm əhəmiyyət kəsb edir. Yəni fikrimcə mənbə - nəzəri, təcrübi və şüur olmaqla üç əsas hissədən ibarət olur. Belə bir yanaşmanın ilk dəfə irəli sürüldüyünü nəzərə alaraq bildirirəm ki, şüur əsasında yaranan ideya yazıya çevrilirsə nəzəri, hərəkətə çevrilirsə təcrübi olur. Burada ideyanın bitmə anına (yazılma, yaxud hərəkət) qədər olan müddət və proses şüur mərhələsinə aiddir. Bu mərhələ nəticəsində insan mövcud zaman daxilində baş verənlərə nəzəri və təcrübi mövqedən yox, şüuri mövqedən yanaşaraq bir çıxış yolu (özünü ifadə yolu) əldə edir.). Burada əsas hərəkət kimi təcrübənin nəzəriyyənin metodları əsasında formalaşması və daha çox onun müəyyənləşdirdiyi formada həyata keçirilməsidir.
Gəldiyimiz nəticə zaman və şüur (Müəllif qeydi: Böyük fransız mütəfəkkiri Jan Pol Sartr (1905-1980) hesab edirdi ki, “sadəcə şüur – “xalis şüur” yoxdur, bizi əhatə edən xarici aləm, bizim əhatəmizdə olan əşyaları dərketmə var. İnsanlar öz fəaliyyətləri və əməllərinə görə özləri qarşısında cavabdehlik daşımalıdırlar. Fəaliyyətin hər bir növü isə insanların özlərinə hesabat verib-verməməsindən asılı olmayaraq müəyyən dəyərlər daşımalıdır.” Bu, dəyərlərdən başlıcası nitq və onun mədəniyyətidir. Məsələn, ingilis yazıçısı Uliyam Qoldinq (1911-1993) “Varislər” romanında qədim insanın (neandertal adamın) nəyin doğru, nəyin yanlış olmasını ayırd etmə düşüncəsini “başımın içində görmə” kimi qiymətləndirirdi. Belə ki, qədim insan tirdən körpü kimi istifadə etmənin mümkünlüyünə əmin olduğunu belə təsvir edirdi: “mən başımın içində bunu görürəm”. Qoldinq neandertal insanın düşüncə (qavrayış və fikirləşmə) tərzini özünəxas formada ifadə edirdi, məsələn, neandertal insan nəsə bir şey fikirləşəndə deyirdi: “mən başımın içində görürəm”. Əgər onun həmsöhbəti “mən başımın içində görürəm” deyib nəyisə təsvir eləyirdisə, amma o, bununla razılaşmırdısa deyirdi: “mən belə görmürəm”.) məhfumlarının necə və hansı yönə dəyişməsinə əyani sübutdur. Əslində bunlar tamam fərqli mahiyyət kəsb edən anlayışlar olsa da, onları birləşdirən bir ortaq nöqtə var – istək. Təbii ki, bu istək insana kim olduğunu ilk öncə özünə aydınlatmalı, daha sonra onu başqalarına təqdim etməlidir.
Özünü dərk Sokratdan (Müəllif qeydi: Sokrat (e.ə. 471-399) yunan filosofu. “Özünü dərk et!” Sokratı saatlarca düşünməyə vadar edən bu söz bir Apollon məbədinin girişində yazılmışdır. Özünü dərk etməyə çalışan Sokrat saatlarca durduğu yerdən tərpənməmiş, insanı, daha doğrusu öz timsalında insanı dərk etməyə çalışmışdır.) başlayaraq dünya filosoflarının müxtəlif səpkili əsərlərində insanların şüurunda müəyyən mövqedən yanaşılaraq öz təsirlərini qoymuşdur.
Doğru zamanda və doğru şüurla yaşamaq insandan asılı deyil, lakin bu, mümkünsüz də deyil, insan bu istəyi naminə çox əziyyət çəkməlidir. Belə ki, daşıdığı peşədən asılı olmayaraq, şəxs ilk öncə “insan” (Müəllif qeydi: “Bir dəfə qəribə hərəkətlərinə görə bir polis məmuru alman irrasional filosofu Şopenhauerə yaxınlaşıb “Sən kimsən?” – deyə kobud tərzdə soruşdu. Şopenhauer məmuru təpədən-dırnağacan süzür. “Əgər bu suala cavab tapmaqda kömək etsəniz, sizə ömrümün axırınacan minnətdar olacağam” – filosof cavab verir”.) olmalı və insanlığa nümunə kimi tanınmalıdır. Bu, bəşəri fəlsəfə deyil, bu ümumqəbul olunmuş bir qayda, nə də ki, hansısa bir adət-ənənə deyil, bu özünüdərkdir (Müəllif qeydi: Spenser nəzəriyyəsinin tərəfdarları insanın dərkolunanlığını sübuta yetirərək bildirirdilər ki “dərkolunmayandan başqa Tanrı yoxdur, Spenser isə onun peyğəmbəridir”. Məhz bu sözün qüdrətini tərəfdarlardan biri qəbul etməyərək inkarını tapmağa çalışmış, lakin bu, onun vaxtsız ölümünə səbəb olmuşdur.).
İnsan, yalnız reallığı özündə daşıyan insan, özünü, yoxsa həqiqəti dərk etməyin zəruriliyini aşkara çıxartmaq üçün dərkolunacaq varlığın dərkolunan olub-olmaması anlamından kənar onun dərkolunanlığının mövcudluğuna əmin olmalıdır. Bu hal, onun dərkolunacaq varlığın dərk oluna bilmə səviyyəsində tədqiqi deyil, insanın bunun üçün dərkolunma qüdrətin malik olmasını təzahür edir.
İnsanın özünü, yaxud həqiqəti dərk etməsi ona nə verir, yaxud nə verə bilər?!
Dini baxışdan həqiqətin dərki, fəlsəfi baxımdan insanın dərkinin əlçatımlılığı, yaxud buna doğru uzanıb gedən yolun sonu, əslində nəyin başlanğıcıdır. Yəni, bəşər övladı nəticəni öncədən dərk etmədən nəticəyə doğru dərk etmə həyata keçirməli, nəticədən maraqlı olmamalıdır. Yaxud əksinə, dərkolunanlıq sirri bir boşluğun sonuna çatmağa xərclənilən bir zaman olmalıdır, sadəcə bir zaman.
İnsan həqiqətə nisbətdə kiçik anlama malikdir, yəni insan həqiqətin bir hissəsidir, lakin ayrılıqda bir hissəni dərketmədən, ümumi bütövlüyü dərk etmək nəinki çətin, ümumiyyətlə, mümkünsüzdür. Bu səbəbdən həqiqəti dərk etmədən öncə insanı (özünü) həqiqət kimi dərk etmək lazımdır (reallığı reallıq kimi). İnsanı həqiqət kimi dərk etdikdən sonra onun yolu ilə həqiqətin özünü hissə-hissə dərk etmək mümkündür (Müəllif qeydi: Rəvayətə görə İsa edamdan az öncə əvvəl ətrafında olan insanlara “Həqiqəti dərk elə, həqiqət səni azadlığa çıxaracaq” demişdir. Dərk olunan həqiqi olmalıdır, İsa əslində bunu ifadə edib, yəni insanın dərk etməyə çalışdığı varlıq həqiqi olmalıdır, məhz bu səbəbdən mi, Spenser tərəfdarları Tanrını dərkolunmayan (həqiqi olmayan) hesab edirdilər?! Xronoloji ardıcıllığa nəzər salsaq, ilk öncə insanlar Tanrının şərəfinə inşa etdikləri məbədə girməmişdən öncə, insana kim olduğunu bildirmək istədilər, yəni özünü tanımasını, daha sonra həqiqətin dərk olunmasının vacibliyini (lakin mümkünlüyünü deyil) İsa dedi, insana reallığı anlamağın vacib olduğunu bildirdi, sonra insanlar dərkolunmayanın yalnız Tanrıya məxsus olduğunu güman etdilər. Beləliklə, dərkolunmayan yalnız Tanrıdır, onu dərk etməyə çalışmaq, sadəcə, vaxt itirməkdir, həqiqəti istədiyin kimi deyil olduğu kimi dərk etməlisən, bu sənə kim olmağında yardımçı olacaq və nəhayət, özünü dərk etməlisən, bu sənə Tanrı evinə girən zaman (günahların bağışlanması, arzuların gerçəkləşməsini istəmək üçün) vacibdir.), yetər ki, dərk etmək istəyən bunun dərkolunanlığına şübhə etməsin. Əslində özünüdərkin mövcudluğunun danılmazlığı həqiqətin dərkinin şübhəli olmasını aradan qaldırmağa xidmət edir.
NİTQ VƏ ONUN FORMALARI
Vəkilin istər qanunlar, istərsə də əxlaq çərçivəsində necə formalaşmasına baxmayaraq, onun özünü ifadə forması mövcuddur ki, bu formada başlıca yeri nitq tutur. Digər sahələr üçün nəzərdə tutulan davranış qaydalarından fərqli olaraq Əsasnamədə nitqlə bağlı xüsusi bir müddəa nəzərə tutulmur, lakin bu, heç də vəkilə nitq sərbəstliyi, istədiyi nitq üslübu seçimi vermək anlamına gəlmir. Belə ki, Əsasnamə dolayısıyla müəyyən qaydalar müəyyən edir ki, bu qaydalara əməl olunması mərhələsi elə nitqdən başlayır. Məsələn, Əsasnamənin 8.2-ci maddəsinə əsasən, vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Əslində Əsasnamə bir qədər vəkilin nitqinin sərhədlərini müəyyən etmiş olur. Diqqət yetirsək görərik ki, Əsasnamənin 3.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, vəkillərin davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.
Beləliklə, anlaşılan odur ki, vəkilin nitqi ona aid hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmalıdır, kənara çıxması nəzərdə tutulmur.
Vəkilin nitqinin onun hüququ, yaxud vəzifəsi olması barədə nəzəriyyədə müəyyən fikir ayrılığının olması lbaşa düşüləndir. Nəzərə alsaq ki, vəkilin nitq söyləməsi onun prosessual hüququdur (vəzifəsidir) o zaman daha geniş prosessual hüquq (vəzifə) müəyyən edən normativ hüquqi akt kimi CPM-i (Müəllif qeydi: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi nəzərdə tutulur.) götürməliyik. CPM-in 92.9.14-cü maddəsinə əsasən, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək müdafiəçinin hüququdur. Həmçinin CPM-in 92.11.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək müdafiəçi vəzifələrini yerinə yetirməlidir.
Həmçinin vəkilin nitqi məhkəmədə və məhkəmədən kənar olmaqla müxtəlif məkan və zaman daşıyıcıları var, hər bir halda onun danışığı məhz ona şəxsə hüquqi yardım göstərilməsi vəzifəsi həvalə olunduqdan sonra həyata keçdiyindən biz onun danışığını məhz onun vəzifəsi kimi qiymətləndirməliyik.
Beləliklə, buradan aydın olur ki, vəkilin cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etməsi onun vəzifəsidir, nəzərə alsaq ki, vəkilin nitqi də onun etikasının bir hissəsidir, o zaman belə aydın olur ki, vəkilin nitqi əslində onun bir vəzifəsidir.
Nitqin bir davranış forması kimi mədəniliyi onun nəzakətli, diqqətli və səbirli olmasındadır. Məhz vəkil bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır (Müəllif qeydi: Bax: Əsasnamənin 9-cu maddəsinə.).
Nəzakətli dedikdə, şəxsin digər şəxslərə qarşı xüsusi diqqət və hörmətlə münasibətdə olması anlaşılır.
Şəxsin digər şəxslərə qarşı fikir cəmləmə və dinləmə kimi xüsusi metodlardan istifadə edərək onun hər bir hərəkət və hərəkətsizliyini nəzərdə saxlaması və anında münasibət bildirməsi onun diqqətli olması anlamına gəlir.
Səbirli olmaq isə, şəxsin zaman və məkan baxımından, fərq qoymadan digər şəxslərə qarşı hörmət və diqqət nümayiş etdirməklə onun hərəkət və hərəkətsizliyini sonadək dinləməsi və mane olmamasından ibarətdir.
Nitq davranışın bir forması olmağına baxmayaraq Əsasnamədə ona aid hər hansı bir müddəanın olmaması, yaxud nəzərdə tutulmamasına dair münasibət bildirməyə gəlincə, bunu bir pozuntu kimi qiymətləndirmək niyyətimiz yoxdur (zatən, nitq davranışın bir forması olduğunu yuxarıda qeyd etmişik, davranışa aid edilən qaydalar isə bir növ onun formalarına da aiddir), sadəcə nitqlə bağlı hər hansı bir və ya bir neçə müddəanın Əsasnamədə nəzərdə tutulması halı hesab edirik ki, daha qənaətbəxş olardı.
Bundan başqa nəzərə alsaq ki, hüquq aləmində vəkilin nitqinin onun hüquq, yaxud vəzifəsi olması barədə kifayət qədər fikir ayrılığı mövcuddur, o zaman bununla bağlı hər hansı bir müddəanın Əsasnamədə deyil prosessual qanunvericilikdə nəzərdə tutulduğu aydın olar, lakin biz vəkil nitqi deyəndə nəyi nəzərdə tutduğumuzu ifadə edərkən bildirməliyik ki, vəkil nitqi qanunvericilikdə yalnız cinayət mühakimə icraatının məhkəmə hissəsində nəzərdə tutulmuşdur, ancaq biz bu münasibətlə razılaşa bilmərik, çünki, nitq dedikdə danışıq nəzərdə tutulur ki, buradan da belə nəticəyə gəlmək mümkündür ki, əslində vəkilin bütün danışığı onun nitqidir. Təqdim etdiyim bu yazıda da biz vəkil nitqinin müvafiq qanunauyunluqlarını araşdırmaqla əslində vəkilin danışıq mədəniyyətini çözməyə çalışmışıq.
Nitq, insanların ünsiyyət qurmaq, daha doğrusu insanın özünü və düşüncəsini ifadə etmək üçün istifadə etdiyi bir üsuldur (Müəllif qeydi: Nitq dillə möhkəm bağlılıq təşkil edir ki, burada semantika elminin təsiri əvəzsizdir. Semantika – dilçiliyin, sözlərin, ifadələri mənalarından və onların dəyişilməsindən bəhs edən şöbəsidir.).
Həmçinin, nitq, insanın başqalarına özünü iradə ifadəsini bildirən bir üsuldur. Bu üsul, başlıca olaraq danışıq tərzini ifadə etməklə, bəzən özünü susmaqla (qismən hərəkətsizliklə) təzahür edir.
Nəzəriyyədə əksər müəlliflər nitqin 3 hissədən ibarət olması fikrini əsas götürürlər:
1. Mənimsəmə nitqi;
2. Nitqin tələffüsü;
3. Daxili hiss (Müəllif qeydi: Əlavə və ətraflı məlumat üçün bax: S.Mustafayeva. Nitqin inkişafı. Dərs vəsaiti. Ali məktəblərdə xarici tələbələr üzrə hazırlıq kursu üçün nəzərdə tutulmuşdur. Bakı, 2011, 269 səhifə.).
İstinad olunan müəlliflərin yanaşmalarına hörmət aşılayaraq göstərilən hissələrə hər hansı bir münasibət bildirmədən, məhz vəkilin nitqi ilə bağlı öz nəzəriyyəmizi irəli sürmək niyyətindəyik.
Əsasnamənin 8.2-ci maddəsinə əsasən vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yer verməməlidir. Biz nitqin və nitq mədəniyyətinin nəzəri baxımından təhlil etmək niyyətində deyilik, sadəcə vəkilliklə bağlı nitqin təcrübi baxışın müəyyən prizmadan təsvirini və şərhini vermək niyyətindəyik. Lakin buna baxmayaraq araşdırma mövzusunu sistem şəkildə müəyyən etmək kimi niyyətimizdə mövcuddur.
Beləliklə, nitqin formalarına aiddir:
1. Hərəkət;
2. Hərəkətsizlik.
Hərəkət
Nitqin hərəkətli forması danışıqdır (Müəllif qeydi: Əslində hərəkətli nitqə danışıqdan başqa müəyyən hərəkətlər (jestlər və s.) də daxildir. Lakin bu cür hərəkətlərin sırf nitq baxımından təhlilini vermək bir qədər məqsədəmüvafiq deyildir. Bu səbəbdən hərəkətli nitqin bu hissəsini hazırki yazıda münasibət bildirmək fikrində deyiləm.), yəni sözdən ibarətdir (Müəllif qeydi: Çili ədibi Pablo Nerudanın (1904-1973) söz barəsində işlətdiyi cümlələr öz əhəmiyyət gücünə görə olduqca dəyərli hesab olunur. Ədib yazırdı: “...Nə deyirlər desinlər, dünyadakı hər şey – bəli, bəli, məhz hər şey elə sözdür. Söz mahnıya dönə bilir, söz fəzaya qalxıb yerə enə bilir... Mən onların qarşısında baş əyirəm...”). İnsan danışmaqla (hərəkətlə) özünü bir canlı varlıq kimi nəyə qadir olduğunu və nəyi bacardığını ətrafına bildirmək istəyir. Bunun üçün o, nitqi mədəni bir forma kimi qəbul edərək onun xüsusitlarından yalnız mədəni bir şəkildə istifadə etməlidir. Daha doğrusu edərsə, o zaman onun nitqi daha əhəmiyyətli, daha mənalı olar ki, bununla da istədiyinə daha tez və düzgün çatar.
Hərəkətli nitq insanı ifadəni danışmaqla biruzə verir. Belə ki, şəxs fikrini və münasibətini ifadə etmək üçün mütləq hərəkət etməli və bunun üçün müvafiq olaraq danışmalı, müəyyən sözlərdən (söz yığınından) istifadə etməlidir.
Hərəkətli nitq olduqca məsuliyyətli və ehtiyatlı bir münasibətdir. Yəni şəxs istənilən zaman deyil, zamanı şüurlu şəkildə müəyyən etməklə danışıb-danışmamasını, eyni zamanda hansı danışıq tərzini seçməsini müəyyən etməlidir. Belə ki, vəkil danışmaq lazım olanda susmamalı, susmaq lazım olanda danışmamalıdır. Bax, bu, olduqca zəruri məsələdir. Doğrudanda bir insan kimi vəkilin danışıq, yaxud susma zamanının müəyyən edilməsi öncədən mümkün deyil, yaxud öncədən mümkün olması olduqca çətindir. Bunlar vəkilə hüquq kimi verilsə də, lakin vəkil bunu, hüququ olmaqla yanaşı vəzifəsi kimi də qəbul etsə daha məqsədəmüvafiq olardı (Müəllif qeydi: Bu məsələnin olduqca vacib və zəruri olduğu ilə bağlı amerika yazıçısı Çarlz Bukovski (1920-1994) deyirdi: “Biz, danışmaq lazım olanda susuruqsa, sonradan peşman oluruq, susmaq lazım olanda danışırıqsa, sonradan məhv oluruq”.).
Vəkil nəinki məhkəmə iclasında, hətta məhkəmə iclasından kənarda hər hansı bir hüquqi xidməti həyata keçirərkən fikrini tələsmədən, çəkinmədən, gecikdirmədən, düşünülmüş və nəticələnmiş bir şəkildə bildirməlidir (Müəllif qeydi: Amerika yazarı Penelopa Cillit “Sürgün” hekayəsində olduqca ibrətamiz sözlər qələmə almışdı: “Vacib deyil ki, çox danışasan, yaxud çox şey eləyəsən, əsas odur ki, nə danışdığını və elədiyini biləsən, hər bir sözünü, hərəkətini səylə ölçüb-biçəsən.”).
Vəkil nitqi ilə ətrafdakılara özünün nəyə qadir olduğunu bildirmək əvəzinə, ətrafdakıların başa düşəcəyi tərzdə özünü onlara tanıtdırmalıdır (Müəllif qeydi: Bu başlıca hərəkət özünü barəsində “Özünü dərk” hissəsində söhbət açdığımız “Özünüdərk fəlsəfəsi”nin mədəni aspektlərində tapır.). Əgər ətrafdakı insanlar müxtəlif şüur, dünyagörüşü səviyyəsinə malikdirlərsə və bu, açıq-aydın vəkilə məlumdursa, o zaman natiq kimi ortaq düşüncə tərzinə xidmət edən bir nitq söyləməlidir (hərəkət etməlidir).
Beləliklə, vəkil fikrini özünə aydın və rahat şəkildə deyil, ətrafdakılara aydın və rahat olacaq şəkildə bildirməlidir.
Nobel ödüllü Tomas Eliot (1888-1965) digər Nobel ödüllü Redyar Kiplinqin (1865-1936) yaradıcılığı tənqid olunduğu dövrlərdə onu qızğın müdafiə edirək deyirdi: “...Kiplinqin əsas keyfiyyəti “İnsanları başa düşməyə” məcbur etmək olmuşdur.” Sözün və şüurun misilsiz qüdrəti bucağından baxaraq müəllifin insan şüurunun necə aliliklə qiymətləndirilməsi göz önündədir. Bəli, söz qüdrəti barədə xüsusi fikirlər irəli sürmüş və demək olar ki, sözün qüdrətini yüksək bir pilləyə qaldıran Nizami (Müəllif qeydi: Azərbaycanın böyük ədibi Nizami Gəncəvi (1141-1209) nəzərdə tutulur.) yaradıcılığına nəzər yetirəndə bunu aydın müəyyən etmək olur ki, söz insanı nəinki başa düşməyə, hətta onu dəyişməyə və inkişafa qadir olan bir vasitədir.
İnsanları başa düşməyə “məcbur etmək”, insanları düşünməyə “məcbur etmək”lə eyni anlam kəsb etmir, burada başlıca məqsəd insanın düşünməsi deyil, onun başa düşməsidir. Yəni insan istədiyi an nitqin təsiri ilə düşünməyə məcbur ola bilər, lakin bu hələ o demək deyil ki, insan onu düşünməyə məcbur edən nitqin nə demək istədiyini anlamışdır. Burada təbii ki, insanın başa düşməsi vacib olduğundan onun düşünməklə yanaşı eyni zamanda dərk etməsi olduqca zəruridir. Bunun üçün də nitqin hərəkətli forması olan danışıq zamanı sözün qüdrətindən istifadə etmək lazımdır.
Vəkil nitq zamanı dəqiq və düzgün danışmalı, əsassız və şübhə doğuran ifadələrə yol verməməli, dinləyicilərdə pis aura yaradan sözlərdən istifadə etməməlidir. Həmçinin danışan zaman boşboğazlıq (Müəllif qeydi: L.Qrossman yazır ki, böyük rus yazıçısı F.M.Dostoyevski (1821-1881) Fransada olarkən dövrü üçün maraqlı olan bir məhkəmə prosesində məşhur vəkil Jül Favrın (1809-1880, 1870-ci il müvəqqəti hökümətinin başçısı olmuşdur) çıxışını dinləməli olmuşdur. Bu, melodramatizm və dərin təsir oyatmaq aludəsi olan yüksək və coşqun üslub naqqalı idi. Dostoyevski bu fransız tribuna ustasının xüsusi təmtəraqlı manerasını çox gözəl ifadə edərək, onun metafonik və ahəngli üslubunu tutarlı və gülməli şəkildə təqlid etmişdir (bax: L.Qrossman. Dostoyevski. “Gənclik” nəşriyyatı. Bakı, 1972. Səhifə 258) etməməli, gülüş hədəfinə çevriləcək hər hansı bir hərəkətə yol verməməlidir.
Vəkil üçün başlıca mədəni davranışlardan biri də insanları alçatmamaqdır. Yəni vəkil, özünü ifadə edən şəxsi ifadə tərzini (hər cür ifadə tərzini) hörmətlə qarşılamalı, əsla gülməməli (Müəllif qeydi: Spinoza (1632-1677) yazırdı: “Mən həmişə çalışırdım ki, insan hərəkətlərinə gülməyim, onlardan mütəəsir olmayım və onları lənətləməyim, əksinə dərk edim”.), mane olmamalı və ən əsası onların ifadə tərzini aşağı səviyyədə olduğunu nümayiş etdirən hər hansı bir hərəkətə yol verməməlidir. Sadəcə onları hörmətlə dinləməli və atacağı addımın nədən ibarət olmasını, eləcə də söyləcəyi sözün nədən ibarət olmasını müəyyənləşdirməlidir.
Hərəkətsizlik
Nitqin hərəkətsizlik forması iki hissədən ibarətdir:
1. Dinləmə;
2. Qiymətləndirmə.
Dinləmə
Dinləmə mərhələsi elə bir vacib mərhələdir ki, bu mərhələdə vəkilin əldə etdikləri onun bütün çıxışını (özünü ifadəni) büsbütün dəyişə, yaxud zənginləşdirə bilər. Bunun üçün vəkildən yalnızca nitq söyləyənləri (özünü ifadə edənləri) rahat və diqqətli şəkildə dinləmək (Müəllif qeydi: Dahi Höte (1749-1832) əski yunan təfəkkürünə əsaslanaraq "Sənətkarın işi danışmaq yox, yaratmaqdır" deyirdi. Bu, mövqedən çıxış edən Ernest Heminquey (1891-1966) isə "Yaxşı yazıçı danışmaqdan çox yazmağa üstünlük verməlidir" ideyasını irəli sürmüşdü. İstər sənətkar, istərsə yazıçı yaradıcı insan təbəqəsinə aid olduqları üçün təbii ki, onların yaratdıqlarında daha çox fayda var. Lakin vəkil həm yazıçıdan, həm də sənətkardan bir qədər fərqlənir, bu baxımdan ifadəni bir qədər yumuşaltmaq lazımdır. Beləliklə, vəkilə gəlincə hesab edirik ki, vəkilin vəzifəsi xidmət göstərməkdən ibarətdir, ona görə də, vəkil çox danışmaqdansa, çox xidmət göstərməlidir.) tələb olunur. Lakin bu dinləmə müəyyən bir müddətədək (qiymətləndirməyə başlamaya qədər) davam etməli, əsassız olaraq uzadılmasına imkan verməməlidir.
Dinləyən zaman, nitq söyləyənin nitqini kəsmək hər hansı bir ifadəni bildirən (göstərən) hərəkətləri (əl, baş və s.) etmək nitq mədəniyyətindən kənar bir hərəkət olmaqla yanaşı vəkilə qəbul edilən informasiyanı düzgün və ətraflı qiymətləndirməyə mane olur.
Prosessin digər iştirakçısının nitqini dinlərkən zəruri hesab olunan məlumatları qeyd etməli, əgər bu məlumatlar tam aydın deyilsə, yaxud natamam verilmişsə o zaman nitq bitəndən sonra müvafiq suallar verməli, məlumatı dolğunlaşdırmaq və dəqiqləşdirmək zəruridir.
Biz dinləməni sakit ünsiyyət də adlandıra bilərik (Müəllif qeydi: Burada ispan ədibi Xuan Ximenesin (1881-1958) “Sükut bülbülün oxumasından da yaxşıdır” ifadəsinin nə dərəcədə düzgün olmasını irəli sürmək niyyətindəyik.). Əslində sakit ünsiyyət Hüqo Qrotsinin (1583-1645) təbii hüquq təliminə əsaslanır. Belə ki, təlimə görə təbii hüququn mənbəyi insan idrakıdır, burada insanın digər insanlarla sakit ünsiyyətə can atması əsasdır.
Qiymətləndirmə
Nitqin təsirli və cəlbedici olması onun dinləyiciləri özünü dinlətdirmək qabiliyyətinə malik olması deyil (baxmayaraq ki, bu xüsusi şərtin olması nitq mədəniyyətinin dinləmə mərhələsi üçün olduqca vacibdir), onun dinləyicini düşündürməyə malik olmasıdır. Çünki düşündürücü nitq ilk öncə dinləyiciyə fikrini aydınlaşdırmaq, qətiləşdirmək, yaxud meydana gətirmək kimi bir seçimlə üz-üzə qoyur ki, bu bir növ nitq sahibinə öz nitqini rahat şəkildə çatdırmaq üçün bir zəmin yaradır.
Düşündürücü qabiliyyətə malik nitq tək nəzəri cəhətdən nitqin (dilin) forma və qaydalarına uyğunluqla ifadə olunması ilə bitmir, burada başlıca xüsusiatlardan biri nitqin fikri ifadə olunan mövzunun sistem şəkilində qanuniləşdirilməsindən (qanun, normativ hüquqi akt və s.) istinadlaın gətirilməsi və bu istinada şəxsin mövqeyi və bu istinada hazırki nitqin nə dərəcədə əsaslı olub-olmaması münasibətidir.
Məhz vəkilin nitqinin düşündürücü amilə malik olması nitqin məntiqi və fəlsəfi əsaslara əsaslanmasıdır. Bu əsasa görə vəkilliyə qəbulla bağlı keçirilən imtahanda namizəd qanunvericiliklə yanaşı məntiqdən də test imtahanı verilməsi nəzərdə tutulub. Ümumilikdə belə bir qaydanın mövcudluğu qənaətbəxş hesab olunan bir hərəkətdir, lakin vəkilliyə namizəd olan şəxsin məntiqi biliklərilə yanaşı fəlsəfi biliklərinin də yoxlanması daha məqsədəmüvafiqdir. Belə olan halda bizim qənaətbəxş hesab etdiyimiz hərəkət daha məqsədəmüvafiq hesab olunmaq niyyətindən yararlanacaqdır.
Təbii ki, qiymətləndirmə üçün məlumatın dəqiq və ətraflı qəbulu vacibdir və bunun üçün sakit ünsiyyət qaçılmazdır. Burada sakitlik başlıca şərtdir. Sakitlik əslində vəkilə fikrini və diqqətini cəmləməyə, olanları olduğu kimi və düzgün qəbul etməyə, qiymətləndirmək üçün şüura bütöv və istisnasız ötürməyə yardımçı olur.
Beləliklə, nitqin bir forması olan hərəkətsizlik dinləmə və qiymətləndirmə əsasında hərəkətdən öncə, yaxud hərəkətdən sonra hərəkətin düzgün olub-olmamasını qiymətləndirmək, eləcə də ediləcək hərəkətin nədən ibarət olmasını müəyyən etməklə ifadə olunur.
Vəkil köməkçiləri və vəkilliyə namizəd şəxslərə münasibət
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-1-ci maddəsinin I bəndinə əsasən, ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər. Həmçinin sözügedən maddənin IV bəndinə görə, vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin davranış qaydalarına riayət etməlidir.
Normativ hüquqi aktın sözügedən normasının məzmunundan aydın olur ki, vəkil köməkçisinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl etməsi onun vəzifəsidir. Bu səbəbdən hazırki yazıda vəkillə bağlı apardığımız araşdırma və irəli sürdüyümüz münasibət eyni zamanda vəkil köməkçiləinə də şamil edilməlidir.
Göstərdiklərimiz vəkilliyə namizəd şəxslərə münasibətdə bir qədər fərqli mövqeyə malikdir. Baxmayaraq ki, vəkilliyə namizəd şəxslər başqa-başqa vəzifələr daşıyırlar və onlardan əksəriyyətinin sahəvi etik davranış qaydaları mövcuddur. Onların istəklərinin gələcəkdə vəkillik sahəsi olması onların azad iradə ifadələri bildirməkləri əsasında müəyyən olunmuşdur. Belə olan təqdirdə həmin namizədlər vəkilliyə məxsus etik davranış qaydalarından fərqli olaraq xüsusi, məhz vəkil olmaq üçün keçirilən müsahibədə məhz vəkil üçün müəyyən edilmiş nitq mədəniyyətindən yüksək səviyyədə istifadə etməlidirlər. Onların bu davranışı gələcəkdə onların vəkil kimi qəbul olunması, eləcə də bir vəkil kimi formalaşmasına müsbət təsir göstərəcəyi danılmazdır. Hər bir namizəd unutmamalıdır ki, daşıdıqları vəzifədən və onun məsuliyyətindən asılı olmayaraq onun vəkil adını qazanmaq üçün yüksək hüquqi biliyə malik olması ilə yanaşı mədəni keyfiyyətlərə (ünsiyyət və s.) də malik olması mütləqdir.
 
NİTQ MƏDƏNİYYƏTİ
 
Nitq mədəniyyəti dedikdə, nitqin mövcudluğu və inkişafı üçün dildən ünsiyyət vasitəsi kimi müəyyən edilmiş istifadə qaydaları başa düşülür (Müəllif qeydi: Əlavə və ətraflı məlumat üçün bax: Gülsəda Quluqızı. Nitq mədəniyyəti. Nitqin yığcamlığı üzərində iş. “Təhsil problemləri”. Bakı, 2014; Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013; Hüseynov S.S. Nitq mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010.). Bu istifadə qaydalarına düzgün və dəqiq müraciət nəticəsində şəxs həm nitqi (nitqini), həm mədəniyyətini, həm də nitq mədəniyyətini nümayiş etdirmiş olur. Təbii ki, burada nitqin bir mədəniyyət forması kimi təbliği başlıca yer tutur, lakin unutmaq lazım deyil ki, məhz hərəkətin (yaxud hərəkətsizliyin) mədəni bir formaya salınması müəyyən olunmuş qaydalara riayət etməklə yanaşı, şəxsin zaman və məkan şəraitində mövcud və ağlabatan davranış formasından müəyyən və istifadə etməsi olduqca mühümdür. Belə bir mühümlülük nitqin mədəni forma daşımasını vacib məqsəd hesab edərək onun mədəniliyə doğru irəliləməsi və öz əldə etdiyi mövqeyini möhkəmləndirməsi prosesini əhatə edir.
Vəkilə gəlincə, vəkilin nitq mədəniyyətinin məqsədi aşağıdakı başlıqlardan ibarətdir:
1. Mövcud olma (vəkilə inamın yaranması);
2. Mövcudu qoruma (keyfiyyətli yardım almaya inam, vicdanlılıq nümunəsi olma, hüquqi yardımın keyfiyyətli olmasına inam, hüquqi yardımın səmərəli olmasına inam, vəkilliyə inamın möhkəmləndirilməsi, ictimai etimadın qorunması (artırılması);
3. Mövcudu artırma (vəkilin nüfuzunun artırılması, vəkilə etimadın yüksəldilməsi, vəkilin fəaliyyətində səmərəliyin artırılması, vəkilə hörmətin və diqqətin artırılması).
Göstərilən məqsədlərə çatmaq mühüm şərtdir, lakin “çatmaq” mərhələsinə doğru atılacaq addımlardan olduqca çox şey asılıdır ki, bütün bunlar yekunda mədəniyyətə xidmət edən nitqə əsaslanır.
Unutmaq lazım deyil ki, insanın özünü yetərincə və lazımınca ifadə etməsini bir forma kimi daşıyan nitq mədəniyyəti insana fəlsəfi və elmi nəzəriyyələr əsasında özünü ifadə etməsinin mümkünlüyünü və bu mümkünlüyün əsas yollarını (istiqamətini) öyrədir.
Başlıca dəyər adət və ənəyə, o cümlədən bərqərar olunmuş əxlaqa əsaslanan mədəniyyətdir. Bu, mədəniyyət daşıyıcıları mövcud və qeyri-mövcud dəyərlərə hörmətlə yanaşmaqla özünü ifadənin ən mürəkkəb forması hesab olunan davranışı, məhz ən ali səviyyədə yerinə yetirməlidirlər.
Davranışın fikri ifadə etmək və özünü ifadə etmək kimi mühüm formalarının məğzini məhz insanın ali varlıq olması və ali dəyərlərə malik olması daşıyır. Bir-birindən məntiqi əsaslara görə çox da fərqlənməyən fikri ifadə və özünü ifadə başlıca olaraq insanı təcəssüm etdirir. Bu, təəcəssümdə isə yenə də şüurun misilsiz kainatda mövcud olanlar (əldə olunanlar və bunlara qarşı münasibət) mühüm əhəmiyyət kəsb edir.
Təbii ki, vəkilin davranışı o zaman mükəmməlliyi ilə seçilir ki, şüurda yetərincə elmi-əxlaqi normalar mövcuddur. Lakin bunların yoxluğu vəkilə davranışın aşağı həddə olmasına şərait yaratmamalıdır, çünki ən azından sadəlik (hər kəsə “adi insan” olmağı nümayiş etdirmək) adlanan bir vəziyyət mövcuddur və bu sadəlik kifayət edir ki, zamanında danışmalı, yaxud zamanında susmalı, eləcə də zamanında hər hansı bir hərəkət etsin. Vacib deyil ki, sənin davranışın hansısa bir elmi baxış baxımından yüksək olan bir insanın davranışını xatırlatsın, yaxud ona bənzər olsun, yetər ki, bu davranış sadəliyi ilə yalnız hörmətə arxalansın (savadlı olmaq şərt deyil, əsas məntiqli danışmağı bacarmaqdır). Hörmətlə həyata keçirilən davranış bəşər aləmində insan üçün mövcud ünsiyyətlərin ən alisidir.
Nitqdə olduğu kimi davranışda da vəkil, ünsiyyətdə (Müəllif qeydi: Vəkilin ünsiyyəti artıq onun xidməti hesab olunur. Bu, xidmət üçün vəkil ilk öncə davranış qaydalarını, dil və nitq mədəniyyətini, dilin mədəni və ədəbi formasının şərtlərinə əməl etməlidir.) olduğu şəxsə ona xoş olacaq, yaxud onu inandıracaq üsullardan istifadə etməməli, yalnız aldığı məlumatla bağlı mövcud reallığı və gözlənilən nəticəni (bəzən bu, hal istisna təşkil edir) ətraflı və aydın şəkildə bildirməlidir.
Unutmaq lazım deyil ki, nitq mədəniyyəti tək natiqliklə ölçülmür, eyni zamanda onun özünü ifadəyə xidmət edən hər hansı bir hərəkəti (hərəkətsizliyi) də nitq mədəniyyətinin əsasını təşkil edir (Müəllif qeydi: Bu barədə əvvəlki hissələrdə müəyyən bir araşdırma aparmışıq.).
Bertran Rassel (1872-1970) yazırdı: “İnsanların yaratdığı qanunlarda, sizin öz yaşamınızda, yaşadığınız toplumda, hansısa bəlli bir xətt üzrə davranmalı olduğunuzu göstərən buyruqlar yazılmışdır, siz bu qanunları qəbul eləyə də, dana da bilərsiniz; təbii qanunlar isə şeylərin özünü gerçəklikdə necə apardıqlarının yazıya alınmasıdır”
Beləliklə, əxlaq qaydalarına söykənən davranış münasibətləri başlıca olaraq özünü (istədiyini) tanıtmanın mümkünlüyünün dərkindən və bu mümkünlüyün ətrafa lazımınca çatdırılmasından gedir. Davranış qaydaları fikri ifadə edəcək və müəyyənləşdirilmiş (yazılı və şifahi) bir formadan, bu formanın mövcud istfadə üsullarından və bu, üsulların real (mümkün olan) istifadəsindən ibarətdir.
Vəkil üçün davranışın xüsusi mühümlüyü və mürəkkəbliyi ondan ibarətdir ki, onun davranışına göz qoyan insanlar mübahisə iştirakçısı olanlardır (baxmayaraq ki, vəkil tək proses iştirakçılarını deyil, açıq məhkəmə iclasında iştirak edən şəxsləri də nəzərə almalıdır) və bu, insanlarla hər hansı bir kiçik davranış böyük bir mübahisəyə gətirə bilər. Bunu vəkil öncədən nəzərə almalı və bunun qarşısını almağa hər zaman hazır olmalıdır.
Vəkilin davranışı məhkəmədən kənar (hüquq məsləhətxanası və s.) və məhkəmə olmaqla iki hissədən ibarətdir (Müəllif qeydi: Bunlar vəkilin xidməti işiylə əlaqədar olduğu məkanlar qismində çıxış edirlər, lakin vəkilin nitq mədəniyyəti tək onun xidməti vəzifəsini yerinə yetirdiyi zamanla bitmir, eyni zamanda onun xidmətdən kənar müəyyən məkan və zamanda özünün vəkil olduğunu unutmaması və bununla da öz adına xələl gətirə biləcək hərəkətlərdən çəkinməsi zəruri şərtdir. Bu, şəxsi həyata müdaxilə kimi başa düşülməməlidir.). Məhkəmədə vəkilin davranışı müəyyən qaydalar çərçivəsində müəyyən olunur və bu müəyyənetmə özlüyündə məsuliyyət daşıyır (Müəllif qeydi: Bu barədə hazırki yazının “Məsuliyyət” hissəsində müəyyən məlumatlar verilmişdir.).
Qarşındakı insan, səni dinləyən, yaxud müzakirə edən insan məhz sənin münasibətindən sən olmalıdır, yəni vəkil qarşısında olan insanı öz düşüncə tərzinə görə özünün səviyyəsinə qaldırmalıdır, əgər bu çətindirsə onda özü onun səviyyəsinə qalxmalıdır. Öz səviyyəsinə qaldırma öz biliyi qədər bilik bəxş etmə anlamına gəlmir, burada öz səviyyəsinə qaldırma qarşıdakı insanı olduğu kimi qəbul etmə və onu müsbətə (Müəllif qeydi: Burada işlədilən “müsbət” ifadəsi, əslində şəxsin şüur və düşüncə səviyyəsini olduğu kimi qəbul etmə və şəxslə buna uyğun dərəcədə əlaqə saxlamaqdır. Daha doğrusu, vəkilin, onu dinləyən, yaxud ünsiyyətdə olan şəxsin şüur və düşüncə səviyyəsinin hüdudları daxilində onunla əlaqə saxlamaq niyyətindən çıxış edərək, şəxsi ən azından onun kimi düşünməyə və özünü ifadəyə inandırmaqdır.) doğru çəkmə başa düşülür. Bununla yanaşı vəkil qarşısındakı şəxsi öz səviyyəsinə doğru çəkə bilmirsə, o zaman etdiyi hərəkətin düzgün anlaşılması üçün müəyyən hərəkətlər (söz, jest və s.) etməlidir ki, bütün bunların özəyində mədəniyyətin dayandığı unudulmamalıdır. Məsələn, təfəkkürümə görə, vəkil göstərəcəyi hüquqi xidməti ucuz qiymətə müştəriyə təklif edirsə, demək ki, onun pula ehtiyacı var. Eyni zamanda müştəri ki, ucuz qiymətə hüquqi yardıma razı olursa, demək ki, vəkilin zəhmətinə və uğuruna inanmır. Belə olan halda vəkilin pulsuz xidmət göstərməsi, yaxud olduqca aşağı qiymətə xidmət təklif etməsi vəziyyətində müştəri bunu (bu hərəkəti) vəkilin mövcud vəziyyəti ilə deyil, məhz onun özünün maddi vəziyyəti ilə, yəni maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirməli və bununla da vəkilin ona qarşı etmiş olduğu xeyirxahlığa xoş təbəssüm göstərməlidir.
Apardığım araşdırma zamanı məlum olmuşdur ki, vəkillərin əksəriyyəti məhkəmə iclasında səs-küy salmasını (Müəllif qeydi: Vəkil tərəfindən məhkəmə iclasında səs-küy salınması, yaxud çılğıncasına, hədsiz diqqət cəlb edəcək hərəkətlərlə özünü ifadə etməsi təcrübədə tez-tez rast gəlinən hallardandır. Belə hallar əsasən, məhkəmə iclasında andlı iclasçıların iştirakını nəzərdə tutan ölkələrin təcrübəsində daha geniş yayılmışdır. Burada həqiqətən vəkilin məqsədi hər necə olur-olsun müştərini razı salmağa xidmət edir və bunun üçün qanunları çox da yaxşı bilməyən andlı iclasçılar inandırmaq üçün qanun normalarını elan etməkdən daha çox, müəyyən hərəkətlərin edilməsi zəruridir. Lakin belə bir hərəkətlərin edilməsi doğrumu, vəkilin müştərini razı salmaq üçün etdiyi etik və davranış mədəniyyətindən kənar hərəkəti nə dərəcədə düzgün ola bilər. Təəssüf ki, bu sahədə müəlliflərin fikir ayrılığı mövcuddur.) müştərilərin marağı naminə, yaxud onların kənar şəxslər tərəfindən tanınması və onlarda maraq doğurması üçün edirlər. Belə ki, vəkilin bu halı istər müştərisi, istərsə də ətrafdakılar tərəfindən onun necə çalışqan, necə savadlı olduğu anlamına gəlir. Lakin bu düzgün mövqe deyil (Müəllif qeydi: Əslində apardığım sosial araşdırmaya uyğun olaraq belə bir nəticəyə gəldim ki, bəli, məhz vəkillərin məhkəmə iclasında səs-küy salması onlara müştəri tapmaq baxımından kömək edəcək bir hərəkətdir. Belə ki, vəkil bu hərəkətilə müəyyən mənada “ad” qazanır və bu, “ad” sayəsində müəyyən bir müştəri toplumu qazanır. Bəziləri yaranmış bu vəziyyətdə müştərini; onun sadə olmasını və hüquqi təhsilinin olmaması kimi günahlandırıllar. Lakin unutmaq lazım deyil ki, biz yaşadığımız dünyada məhz hər birimiz öz şur və düşüncəmizdən istifadə edərək, məhz insanlara nəyin düzgün, nəyin yanlış olduğunu, nəyin müvəqqəti, nəyin daimi olduğunu çatdırmalıyıq. Bəli, bu günki cəmiyyətdə yaşayan və intim münasibətlərdən yazan bir gənc yazarın kitabları böyük ədib Mirzə Ələkbər Sabirin (1862-1911) kitablarından çox satıla bilər (çox oxunula bilər), lakin biz müvəqqəti və daimi anlayışları qarışdırmamalı, Sabirin kim olduğunu unutmamalı, şüurlu bir insan kimi onun yaradıcılığını müdafiə edərək bilməyənlərə və oxumayanlara Sabiri tanındırmalıyıq.). Vəkili nə müştərinin, nə hakimin, nə də ki, digərlərinin mövqeyi əsla maraqlandırmamalı, vəkil əksinə ətrafdakı insanları öz nitqi ilə, öz hərəkətləri ilə nümunə olmaqla yanaşı müdafiənin, hüquqi yardımın necə və kim tərəfindən aparıldığını bəyan etməlidir (nümunəvi davranış hərəkətləri ilə özünü tanıtma üsulu).
Vəkil məhkəmə iclasında tamaşa yaratmamalı (Müəllif qeydi: Nobel ödüllü Dario Fo (1926-2016) deyirdi: “...bəli, təlxəklik mənim peşəmdir”. Tamaşa aktyorlara, o cümlədən təlxəklərə xas olan bir peşədir, onu icra etmək isə onların vəzifəsidir. Vəzifədən kənar hüquq kimi bundan istifadə edənlər qeyri peşəkarlar kimi əksər hallarda gülüşlə qarşılanırlar.), onun bir parçasına çevrilməməlidir. Zatən tamaşa yaratmaqla ətrafdakıların münasibətini dəyişməyi düşünmək ağılsızlıqdır. Biz teatr tamaşasını izləyirmiş kimi baxırıq, müzakirə edirik və bir nəticəyə gəlirik. Lakin bu tamaşa bizi öz istədiyi yöndə dəyişə bilmir. Məsələn, tamaşanın sonunda intihar mövcuddursa, biz ona baxandan sonra intihar etmirik. Lakin bəzi hallarda bu tamaşa kimisə inandırmağı bacarır, buna baxmayaraq düşünsək ki, növbəti mərhələlər və növbəti dinləyicilər mövcuddur, o zaman bu arzu (istək) sıfıra bərabər olur.
Beləliklə, hesab edirik ki, məhkəmə iclasında yüksək səs-küy salmaqla, yaxud hansısa bir tamaşa yaratmaqla (oynamaqla) uğur qazana bilmə ehtimalı, yaxud bunu uğurun bir hissəsi hesab etmə düşüncəsi, vəkilin elmi biliyinin və dünyagörüşünün yetərli olmaması anlamına gəlir. Zatən vəkilin çıxışı qanuna əsaslanırsa və qanunidirsə bu nəzərə alınmalıdır, əgər bu nəzərə alınmırsa o zaman səs-küy yaxud, tamaşa yaratmağa nə ehtiyac var? Əgər vəkil doğru olanı və qanunun tələbini deyirsə niyə bunu sakit və aramla, yaxud susmaqla və yazılı şəkildə bildirmirsən, niyə insanları bezdirən, yaxud qıcıqlandıran bir mədəniyyətdən kənar üsul seçməlidir (Müəllif qeydi: Təəssüf ki, bəzən vəkilin məhkəmə iclasında səsləndirdiyi ifadələr, verdiyi suallar şəxsdə müəyyən əsəbilik doğurur. Məsələn, təcrübədə belə bir səhnəyə şahid olmuş yazıçı Brayeb Qlenvill “O kimi sevir” əsərində yazırdı: “Məhkəmədə onların vəkili müxtəlif suallar verirdi: maşını hansı sürətlə sürürdüm, onu nə vaxt gördüm, nə üçün o dəqiqə əyləci basmadım. Bir-birindən axmaq suallardı...”).
Biz vəkilin nitq mədəniyyətindən söhbət açaraq, eyni zamanda onun davranış mədəniyyətinə də qısa bir səyahət edəsi olduq, araşdırmamızın geniş və əhatəli olması üçün. Bu səyahətimiz nəticəsində vəkillik fəaliyyəti zamanı təcrübədə rast gəldiyimiz bəzi ağlasığmaz hadisələrin şahidi olduq ki, bunlarda ətraflı söz açmağı bir vəkil (daha çox, insan) kimi məsləhət bilmədik. Lakin bir hadisəni xüsusilə qeyd etməyi borc bilirik ki, bu, vəkilin kütləvi informasiya vasitələrinin (qəzet, sayt və s.) əməkdaşlarını hansısa vasitə ilə ələ alaraq prosessual iştirakçısı olduğu işlər üzrə qarşşı tərəflər barəsində mütəmadi olaraq inanılmaz məlumatların yazılmasında, baxılan işə təsir edəcək gücə malik insanların əsassız olaraq adının hallanmasında, həmin insanların şüurunda müəyyən bir düşüncənin yaranmasında (düzgün olmayan düşüncənin) və buna oxşar məlumatların yayılmasında rolunun olmasıdır. Vəkilin belə bir hərəkəti barəsində mövqeyimiz birmənalıdır, bu hərəkəti mədəniyyətsiz və insanlığa yaraşmayan bir hərəkət hesab edərək, tarixin, cəmiyyətin və insanlığın ixtiyarına buraxırıq.
Platonun (Müəllif qeydi: E.ə. 427-347-ci illərdə yaşamış antik yunan filosofu Platon (Əflatun) nəzərdə tutulur.) baxışlarına görə, əxlaqla düzgünlük, insanların öz vəzifələrini yerinə yetirməsinə qulluq eləmək üçündür, bu dəyərlər insanları öz bacarıqlarını ən yetkin durumlara qaldırmağa yönəldir.
Qarşındakı insan qanunu bilməyə bilər, zatən o, qanunu bilmədiyi üçün vəkilə müraciət edib, lakin vəkil istər qanunu, istərsə də qanunun tətbiqinin formasını ona, olduğu kimi deyil, başa düşə bildiyi kimi anlatmalıdır, bu vəziyyət, eləcə də bu mədəniyyət vəkilə məhz vəkillik vəzifəsini şərəflə yerinə yetirmək kimi dəyərə sahib edir.
Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, vəkilin nitq mədəniyyətində şüur başlıca, bəlkə də birinci önəm daşıyan bir hissədir (Müəllif qeydi: Nobel ödüllü Yasunari Kavabata (1899-1972) deyirdi: “Kamil yol uçuruma bənzəyir; onda nə çatşmazlıq, nə də artıqlıq var. Seçimimizdən asılı olaraq biz onu itiririk. Heç bir xarici nəsnədən yapışmayan və daxili boşluqla yaşamayın, ağıl vəhdət üzərində brqərar olanda ikilik öz-özünə yoxa çıxır.”). Şüur məsələsinə bir daha qayıtmaq fikrindən uzaq duraraq, oxucuya məhz bu mövzunun nə dərəcə əhəmiyyətli və zəruri olduğunu çatdırmaq üçün bunu xatrlatmağı özümə borc bilirəm.
Vəkil olduğu məkan və zamandan asılı olmayaraq çalışmalıdır ki, onunla ünsiyyət mübahisəyə çevrilməsin, yaxud yaranmş mübahisədən kənar dayansın, ümumiyyətlə yaranmış mübahisənin sakit həll olunmasına çalışmaq, yaxud buna cəhd etmək bir qədər mürəkkəb yaraşmadır. Məhz bu yanaşmaya münasibətimiz hansı səviyyədə olmasını nümayiş etdirmədən tərəfimizdən irəli sürülmüş mübahisə mövzusu ilə bağlı bəzi nüansları diqqətə çatdırmaq niyyətinə düşərək bildirirk ki, çalışın mübahisə etməyin, əgər, edirsiniznsə unutmayın ki:
1) axmaqsınız, çünki, mübahisə etdiyiniz insan iradə ifadəni düzgün hesab etməyərək sizinlə mübahisə etdiyi zaman siz onun düzgün olduğunu bilir, lakin məblubiyyəti həzm edə bilməyib, bu, mübahisəni davam etdirirsiniz;
2) ağılsızsınız, çünki, mübahisə etdiyiniz insanın iradə ifadəsinin düzgün olmadığına və onu inandıra bilmədiyinizə əminsiniz, lakin bu, mübahisəni davam etdirirsiniz;
3) ağıllısınız, çünki, mübahisə etdiyiniz insanın iradə ifadəsinin düzgün olmadığına və onu inandıra bilmədiyinizə əminsiniz və bunu bilib, zamanınıza və şüurunuza hörmət əlaməti olaraq susur, özünüzü məğlub kimi göstərirsiniz.
 
MƏSULİYYƏT
 
Əgər biz təcrübədə baş verən hadisələri təhlil etsək görərik ki, vəkilin prosesdə iştirakı əksər vaxtlarda təzyiqlərə məruz qalır (Müəllif qeydi: Bu digər yardıcılıqda da öz əksini tapırdı. Məsələn, 2015-ci il üçün "İlin bədii filmi" seçimi üzrə Oskar mükafatına namizəd olan "Cəsus körpüsü" (rejissor: Stiven Spilberq) filmi real hadisələr əsasında çəkilib və filmdə "vəkil" obrazı mövcuddur ki, filmdə cəsusu müdafiə edən vəkil C.Donovanın cinayət işinə baxan hakimin, işdə iştirak edən prokurorun, hətta insanların təzyiqinə məruz qalması faktı diqqətə çatdırılır. Bu hadisələr vəkillik institutunun müasir formada fomalaşmasında mühüm yer tutan əsas dövlət olan Amerika Birləşmiş Ştatlarında baş verir və bu onu göstərir ki, məkan və zamanından asılı olmayaraq vəkil həmişə təzyiqlərə məruz qalır (əlavə olaraq bax: yazıçı Maykl Konnelinin eyni adlı romanı əsasında rejissor Bred Furmanın çəkdiyi “Vəkil üçün linkoln” filminə). Baxmayaraq ki, ABŞ-da vəkillik təcrübəsinə xüsusi yer verən kifayət qədər film mövcuddur ki, bu filmlərin əksəriyyətində vəkil obrazı elə bir səviyyədə tamaşaçıya çatdırılırdı ki, hətta tamaşaçı yekun qərarın hakimdən deyil məhz vəkilin düşüncəsindən asılı olmasına inanır. Diqqət edin, filmlərdə vəkil obrazı məhkəmə iclasında istədiyi zaman yerində prosesin gedişatına müdaxilə edir, qarşı tərəfin üstünə qışqırır, hakim ona əsəbləşir, çıxış edərkən məhkəmə zalını gəzməyə başlayır, istədiyi səs tonu ilə danışır və s. Bu barədə biz əvvəlki hissələrdə hüquq sisteminin hansı formada olması və bunun vəkilliyin inkişafına necə təsir etməsi, eyni zamanda vəkilin bir vəkil kimi formalaşmasında oynadığı başlıca rolu göstərmişik.). İstər hüquqi yardım göstərilən şəxslər, istərsə də digər şəxlər (bu, əksər hallarda qarşı tərəf olur) tərəfindən vəkilə qarşı hansısa bir təzyiqin göstərilməsi qanuna zidd hərəkətdir. Lakin buna baxmayaraq şəxsin belə bir hərəkət etməsi vəziyyətinə gətirilməsində, hardasa vəkilin də təqsiri az deyil. Beləliklə, vəkil etdiyi və edəcəyi hərəkətin insanlarda hansısa bir pis emosiya yaradacağını öncədən bilməli və bunun qarşısını almağa çalışmalıdır. Məhz unutmaq lazım deyil ki, bu hərəkətlərə yol verməsinə görə vəkil müəyyən məsuliyyət daşıyır.
Apardığımız araşdırma zamanı müəyyən edilmişdir ki, vəkilə müraciət edən müştərilərin bəzilərində yaranmış narazılığın başlıca səbəbi vəkilin onlara qarşı lazımınca, yaxud ümumiyyətlə hörmət göstərməməsidir. Məsələn, vətəndaş B vəkillə bağlı iradında bildirmişdir ki, vəkil onun danışığını sonacan dinləməmiş və fikrini tam ifadə etməyə mane olmuşdur. Digər vətəndaş S isə ifadəsində göstərmişdir ki, vəkilin onu dinləməməsinin səbəbi onun nitq qüsurunun olması olmuşdur ki, bununla da özünü əsassız olaraq ayrı-seçkiliyin qurbanı hesab edir.
Əsasnamənin 8.2-ci bəndinə görə, vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Əsasnamədən fərqli olaraq ümumi müddəların nəzərdə tutuan Qanun, nitqlə bağlı bəzi xüsusatları toxunmuşdur. Belə ki, Qanunun 18-ci maddəsində nəzərdə tutulan vəkil etikasına, vəkilin insanın şərəf və ləyaqətini alçaldan kobud təhqiramiz hərəkətlərə və sözlərə yol verməməsi, məhkəmə iclasında çıxış edənlərin sözlərini kəsməməsi kimi müddəalar öz əksini tapmışdır. Göründüyü kimi sözügedən müddəalarda vəkilin nitqinin məzmunu və zaman barəsində müəyyən xüsusi qaydaların olması nəzərə çatdırılır. Əvvəl qeyd etdiyimiz kimi, bunların pozulması vəkilin məsuliyyətə səbəb olmasına gətirib çıxardır. Belə ki, Əsasnamənin 14-cü maddəsinə əsasən, davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Unutmaq lazım deyil ki, belə hərəkət (hərəkətsizlik) nəticəsində vəkil barəsində intizam icraatı açıla və o, intizam məsuliyyətinə cəlb oluna bilər. Belə ki, “Vəkillik və vəkil fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin 1-ci bəndinə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.
Beləliklə, vəkilin nitq mədəniyyətinə sahib olması, yaxud onun bir daşıyıcısına çevrilməsi onun gələcəkdə üzləşdiyi məsuliyyətdən kənar saxlamaqla yanaşı ona əvəzsiz insani keyfiyyət və dəyərlərə sahib olmaq imkanı yaradır. Şüurlu insan bu imkandan yetərincə yararlanaraq həm özünə, həm də ətrafdakılara nümunə olmalı, onları özünə hörmət və qayğı göstərməyə imkan yaratmalı, nəzərləri cəlb edəcək bir səmimiyyət nümunəsinə çevrilməlidir.
Məhkəmə məsuliyyəti – prosessual məsuliyyəti nəzərdə tutur. Belə ki, istər CPM-də, istərsə də MPM-də (Müəllif qeydi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi nəzərdə tutulur.) müvafiq işlər üzrə məhkəmə iclasında qaydaları pozan şəxslər barəsində tətbiq edilən prosessual tədbirlər mövcuddur. Bütün bunlar CPM-in 310.6-ci, MPM-in 177-ci maddələrində öz əksini tapmışdır. Tənzimlənməsinin genişliyinə görə CPM bu məsələdə üstünlük təkil edir. Belə ki, CPM-in 92.11.7-ci maddəsinə görə, məhkəmə iclasında qaydaya riayət etmək vəkilin vəzifəsidir. Həmin vəzifəyə vəkil tərəfindən əməl edilməməsi isə vəkili CPM-in 310.6-cı maddəsində nəzərdə tutulan tədbirlərdən azad edir.
Beləliklə, istər məhkəmədən kənar, istərsə də məhkəmədə baş vermiş hərəkətlərə (hərəkətsizliyə) görə vəkilin məsuliyyəti demək olar ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla tənzimlənir.