Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Baş Prokurorluq tərəfindən “Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirilib

16 dekabr 2022    1850 share share

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masa Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Vəkillər Kollegiyası, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Auditorlar Palatası, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Sosial Tədqiqatlar Mərkəzi, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Tədbirdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatlardan bəhs etmişdir.

Baş idarə rəisi görülmüş tədbirlər nəticəsində vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi,  ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə ətraflı məlumat vermişdir.

Daha sonra, tədbirdə Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov “Korrupsiya cinayətlərinin ibtidai istintaqı və məhkəmə baxışında vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri” mövzusunda çıxış etmişdir. O cümlədən, spikerlər qismində Milli Məclisin deputatı Kamal Cəfərov, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə və digər natiqlər tərəfindən də korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə toxunulmuş, bu sahədə təmsil etdikləri qurumların rolu barədə təqdimatlar edilmiş və qeyd edilən mövzular ətrafında bir sıra səmərəli təkliflər irəli sürülmüşdür.

Sonda Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilmiş “Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunan “Korrupsiyaya yox deyək!” adlı Respublika rəsm müsabiqəsində qalib olan və fərqlənən iştirakçıların təltifetmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov və digər sənətkarlar da iştirak etmişdir.