Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının dəstəyi ilə Konstitusiya Məhkəməsində keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum oldu

27 dekabr 2022    1145 share share

26 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 8-ci buraxılışının final mərhələsi keçirilmişdir.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev iştirakçıları salamlayaraq qeyd etmişdir ki, “ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası tələbələrin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu tip yarışlarla tələbələr nəzəriyyədə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməyi öyrənirlər. Ümid edirəm ki, bu qəbildən olan layihələr davamlı olacaq”. C.Qaracayev final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. 
 
Sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında qurulmuş səmərəli əməkdaşlıq uğurla davam edir. 2018-ci ildən etibarən biz əməkdaşlıq haqqında saziş imzalamışıq. Bu əməkldaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirmişik. O, bildirib ki, Kollegiya gənc hüquqşünaslara hər zaman dəstək göstərir: “Biz ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm veririk. Çünki Azərbaycanın gənc hüquqşünaslarına dəstək göstərilməlidir. Son illər ərzində biz bu siyasəti həyata keçiririk. Vəkillər Kollegiyası olaraq bu tip müraciətlərə müsbət cavab veririk. Həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan bundan sonra da gənclərə dəstək verməyə hazırıq. Biz istəyirik ki, gənc hüquqşünaslar beynəlxalq səviyyədə də uğur əldə etsinlər. Bunun üçün də gücümüzü səfərbər etməliyik və bu istiqamətdə əlimizdən gələni də etməyə hazırıq”.
 
Daha sonra, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini Şahin Rüstəmov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Rödl & Partner” şürkətinin partnyoru Elçin Usub çıxış edərək iştirakçılara tədbirin əhəmiyyətini vurğulayaraq onlara uğurlar arzulamışlar.
 
Final mərhələsində ərizəçi qismində “Viva la Vida”, dövlət tərəfinin nümayəndəsi qismində isə “MagnA Carta” komandası çıxış etmişdirlər.
 
Finalistlərin çıxışları hakimlər tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirilmə nəticəsində Magna Carta komandasının üzvləri Samin Hüseynov və Şahid Məhərrəmov qalib elan olunmuş, “Viva la Vida” komandasının üzvləri Nuranə Əmrah və Sevinc Sarıyeva II yerə layiq görülmüşdürlər.
 
Müsabiqənin sonunda qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilmiş və “Bona Mente” konsaltinq şirkətinin direktoru Alidə Mahmudova tərəfindən təqdim olunan kouçinq seansı, Libraff kitab mağazasından hədiyyə kuponları, ikinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafatı, kubok, “Bona Mente” konsaltinq şirkəti tərəfindən təqdim olunan kouçinq seansı və sertifikat verilmişdir.
 
Həmçinin,“Ən yaxşı natiq” müəyyən olunmuş və qiymətləndirilmənin nəticəsində həmin nominasiyaya “Viva la Vida” komandasının üzvü Nuranə Əmrah layiq görülmüşdür.