Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil günü - peşə bayramı ilə bağlı silsilə tədbirlər çərçivəsində “Açıq qapı günü” təşkil edilib

30 dekabr 2022    1437 share share

28 dekabr “Vəkil günü” peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təşkil olunmuş silsilə tədbirlər çərçivəsində respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü keçirilmişdir. 

Belə ki, vəkil bürolarında vətəndaşlarla maarifləndirici görüşlər təşkil olunmuş, həmçinin aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir. Vətəndaşlar bu aksiyalarda aktiv iştirak etmiş, ümumilikdə 200 nəfərdən çox şəxs ödənişsiz hüquqi yardımdan yararlanmışdır. 

Bundan başqa, Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial  Xidmətlər Agentliyinin Həssas əhali qrupunda olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində də vəkillər Ceyhun Bayramov, Təyyar Mirzəyev və Təyyar Talıbovun iştirakı ilə ödənişsiz hüquqi yardım aksiyası təşkil olunmuşdur. 

Bilgəhdə yerləşən Ahıl Şəxslərin Sosial Reabilitasiya və Bərpa Mərkəzində isə vəkillər Ceyhun Haqverdiyev, Xəyalə Rəhimova, Meybulla Nəcəfov, Rauf Quliyev vətəndaşlara hüquqi məsələlərlə bağlı məsləhətlər vermişlər. 

Tədbirlər çərçivəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən şəhərcikdə də ödənişsiz hüquqi yardım həyata keçirilmişdir. Vəkillər Arzu Nəsirli, Sirac Əsgərov,  Vüqar Kərimov,  Məhəmməd Quliyev, Pərvanə Hüseynova, Elvin Yusifov,  Ramil Yusifov və Toğrul Vəliyevin aktiv iştirak etdiyi aksiyada 40-dan çox vətəndaşa hüquqi yardım göstərilmişdir. 

Eyni zamanda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Qadın Vəkillər Alyansının vəkilləri Dilarə Əfrasiyabova, İlhamə Həsənova,Tamilla Nəsrullayeva, Sevinc Əlizadə, Lalə Nağıyeva, Gülnar Qurbanova, Türkan Hacıyeva, Leyla Məmmədova və Mehriban Məmmədova tərəfindən 16 şəhid ailəsi üzvlərinə və qazilərə ödənişsiz, o cümlədən onlayn hüquqi yardım göstərilmişdir. 

Müraciətlərin əksəriyyəti şəhidlik statusu, veteran adı, pensiya, əlillik, vərəsəlik, torpaq mübahisələri, ailə münasibətləri, pul tələbi və s. ilə bağlı olmuşdur.

Şəkillərlə buradan tanış ola bilərsiz.