Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilir

10 yanvar 2023    1455 share share

Məlumdur ki, 3 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstərilir. 

Vəkillər Kollegiyasının Mətbuat Xidməti “ASAN xidmət” mərkəzlərində çalışan vəkillərin fəaliyyəti ilə maraqlanıb, onların hüquqi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu və digər məsələlərlə bağlı fikirlərini öyrənib.

6 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 34 saylı Vəkil Bürosunun müdiri Könül İsgəndərli bildirib ki, burada vəkil xidmətinin göstərilməsi vətəndaşların işini daha da asanlaşdırır və hüquqi yardıma əlçatanlığı təmin edir. Onun sözlərinə görə, müraciət edən vətəndaşlar daha çox şifahi və yazılı hüquqi məsləhət alırlar: “2021-ci ilin avqust ayından etibarən 6 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyyət göstəririk. Burada bütün xidmətlər geniş şəkildə göstərilir. Biz vətəndaşları qəbul edir, onlara şifahi və yazılı hüquqi məsləhətlər veririk. Hüquqi yardımla bağlı bizə olunan müraciətlərin sayı da kifayət qədər çoxdur. Gün ərzində 14-15, bəzən isə 18-19 vətəndaşı qəbul edirik. Müraciətlər fərqli mövzularda olur. Əksər hallarda bu müraciətlər iddia ərizələrinin tərtib olunması ilə bağlı olur. İddia ərizələrinin yazılması, apellyasiya, kassasiya şikayətlərinin yazılması daha çox istifadə olunan xidmətlərdəndir. Hüquqi yardım üçün müraciət edən vətəndaşlara məhkəmədə müdafiə üçün vəkil xidməti təklif olunur. Deyə bilərəm ki, hazırda icraatımda olan işlərdən 60-a qədəri belə müraciətlər əsasında bağlanan müqavilərlədir. Ümumilikdə isə 2021-ci ildən bu günədək 300-dək belə müqavilə imzalanıb. Sevindirici haldır ki, vətəndaşlar hər zaman xidmətlərimizdən razı qalıblar. Çünki büromuzda çox savadlı vəkillər fəaliyyət göstərir. Bir ildən artıqdır ki, burada fəaliyyət göstəririk və müştəri məmnuniyyəti olduğunu görürük. Şikayət və təkliflər kitabçasında aparılan qeydlərin nəticələrinə əsasən, il ərzində vətəndaşları ən çox məmnun edən xidmət məhz bizim göstərdiyimiz hüquqi yardımla bağlı olub. Bu, bizim üçün qürurvericidir. Eyni zamanda qeyd etməliyəm ki, Vəkillər Kollegiyasının “ASAN xidmət” mərkəzlərində yerləşən bürolarının vəzifələri digər bürolardan 2 dəfə çətindir. Çünki burada daim vətəndaşlar olur. Agentliyin əsas məqsədi vətəndaş məmnuniyyətidir. Yəni, vətəndaş bizdən məmnun qalmalıdır. Bu, çox önəmlidir və bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz də vəkil olmağımızla qürur duyur və öz işimizi məmnuniyyətlə görürük".

Vəkil hüquqi xidmətə görə rüsumlara da toxunaraq, bunun vətəndaşlar üçün münasib olduğunu deyib: ““ASAN xidmət” daxilində fəaliyyət göstərdiyimiz üçün bizdə hüquqi yardıma görə rüsumlar da digər bürolardan daha münasibdir. Şifahi hüquqi məsləhətlərə görə rüsum sadə və mürəkkəb olmasından asılı olaraq 10-20 manat arasında dəyişir. Eyni zamanda ərizələr də sadə və mürəkkəb olaraq bölünür və qiymətləri 20-30, 40-50 manat civarında olur. Sorğuların verilməsi vəkil orderi ilə olduqda 80 manat, sadə sorğular isə, yəni vəkil orderi olmadan tərtib olunanlar 30 manat təşkil edir. Bütün bu rüsumlar rəsmi qaydada kassada ödənildikdən sonra biz xidmətləri həyata keçiririk. Sözügedən rüsumlar barədə məlumatlar “ASAN xidmət”in rəsmi internet saytında da qeyd olunub”.

K. İsgəndərli son illər Azərbaycanda vəkilliyin nüfuzunun artmasının vətəndaşlarla ünsiyyətdə daha aydın göründüyünü vurğulayıb: “Çünki vətəndaşlarda vəkilə qarşı böyük inam var. Eyni zamanda bütün dövlət orqanlarında, hüquq mühafizə orqanlarında vəkillərə böyük hörmətlə yanaşırlar. Biz də həm Vəkillər Kollegiyasının, həm də Agentliyin etimadını doğrultmağa çalışırıq".

7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən vəkil Feyzulla Mehdiyev də qeyd edib ki, burada vətəndaşlara hüquqi yardımın göstərilməsi üçün bütün şərait var. Vəkillərin rahat fəaliyyəti təmin edilib, ofis lazımi avadanlıqlarla təchiz olub: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasındakı Anlaşma Memorandumuna uyğun olaraq, şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmətlərinin göstərilməsi təmin edilir.

Burada mənimlə bərabər iki həmkarım da fəaliyyət göstərir və növbəli iş qrafiki ilə fəaliyyətimizi davam etdiririk. İndiyədək vətəndaşların bizim işimizdən hər hansı narazılığı olmayıb, əksinə, hər zaman xidmətimizdən razı qalıblar. Deyə bilərəm ki, vətəndaşlar daha çox şifahi məsləhətlər üçün müraciət edirlər. Bundan başqa, müxtəlif növ ərizələrin yazılması, ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmadığının öyrənilməsi və sair kimi məsələlər də bura daxildir. Həmçinin hüquqi şəxslərin yaradılması ilə bağlı xarici vətəndaşlardan da müraciətlər daxil olur”. 

F. Mehdiyev onu da əlavə edib ki, Mərkəzdə şəhid ailələrinə, qazilərə birmənalı olaraq təmənnasız hüquqi yardım göstərilir: “Qeyd etməliyəm ki, bu kateqoriyadan olan şəxslərə ödənişsiz hüquqi yardımı təkcə “ASAN xidmət”də göstərməklə kifayətlənmirik. Vəkillər Kollegiyasının təşəbbüsü ilə tez-tez Bakıda və regionlarda şəhid ailələri, qazilər və aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur və vəkillər bu aksiyalarda fəal iştirak edir”.