Pakistan İslam Respublikası Ali Məhkəməsinin vəkili, "Jawad Zafar və Partnyorları" şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafar, Pakistan Yüksək Məhkəməsinin vəkili Muhammad Talha Mushtaq, vəkillər - Shakhrukh Malhi və Rahim Zafardan ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
Yanvarın 6-da nümayəndə heyəti Bakı şəhəri 38 saylı Vəkil Bürosunda olmuşdur. Büroda fəaliyyət göstərən vəkillər və hüquqi xidmətlər barədə qonaqlara ətraflı məlumat verilmişdir. Səfər çərçivəsində qonaqlar Azərbaycanın turizm infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə İsmayıllı və Şamaxı rayonuna səfər etmişlər.
Pakistanlı vəkillər yanvarın 9-da "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunda olmuşlar. Görüş zamanı Azərbaycan və Pakistanın hüquq sistemi və vəkillik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Yanvarın 10-da isə nümayəndə heyəti Bakı Kommersiya Məhkəməsində olmuş və sədr İlham Əhmədovla görüşmüşlər. İ.Əhmədov nümayəndə heyətini məhkəmənin inzibati binası, o cümlədən məhkəmənin arxivi, dəftərxanası və iclas zalları ilə tanış etmişdir. Həmçinin nümayəndə heyəti məhkəmə iclasında izləyici kimi iştirak edərək kommersiya mübahisəsinə baxılma qaydasını müşahidə etmişlər.
Daha sonra Pakistanlı vəkillər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətində olmuşlar. Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov Azərbaycanda vəkillik fəaliyyəti, son dövrdə ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa böyük önəm verir.
Qonaqlar Azərbaycanda vəkillik sahəsində görülən işləri yüksək qiymətləndirmiş və səmimi görüşə görə Vəkillər Kollegiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.