Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Uşaq hüquqları ilə bağlı təlimdə iştirak edən vəkillər təltif edilmişdir

12 yanvar 2023    763 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilǝ UNİCEF-in Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində "Uşaqyönümlü hüquqi yardım - uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti" mövzusunda təşkil edilən təlimin bağlanış mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov iştirakçıları Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun adından salamlamış,  hər bir təlimin vəkillər üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, bundan sonrakı təlimlərdə də vəkilləri fəal iştirak etməyə çağırmışdır. O, vəkillərin təcrübəsinin təkmilləşdirilməsində təlimlərin rolunu xüsusi vurğulamışdır. Şahmar Məmmədov çıxışının sonunda təltif olunan vəkilləri təbrik etmiş və təlimdə öyrənilən təcrübənin vəkillik fəaliyyətində tətbiq olunacağına ümid etdiyini demişdir. 

UNİCEF-in Azərbaycan ofisinin uşaq müdafiəsi departamentinin rəhbəri Vüqar Salmanov isə təlimin keçirilməsində məqsədin uşaq hüquqları sahəsində göstərilən hüquqi yardımın keyfiyyətinin artırmaqdan ibarət olduğunu vurğulamışdır. O, bu istiqamətdə keçirilən təlimlərin vacibliyini diqqətə çatdırmışdır. 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, təlim Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində 2022-ci ilin 4-5, 10-11, 16-17, 21-22, 23-25 və 28-29 noyabr tarixlərində baş tutmuşdur. 103 vəkilin iştirak etdiyi təlim ümumilikdə 6 qrup olmaqla təşkil edilmişdir. Təlimçi qismində Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov iştirak etmişdir.