Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

02 fevral 2023    1109 share share

02.02.2023 tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
 
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat vermişdir. O, fevralın 3-dən etibarən 107 nəfər vəkilliyə namizəd üçün icbari təlimlərin başlayacağını diqqətə çatdırmışdır. Sədr tədrisin mürəkkəb olacağını, lakin bunun bacarıqlı və peşəkar vəkillərin hazırlanmasına müsbət təsir göstərəcəyini vurğulamışdır. A. Bağırov ölkəmizdə vəkillərin sayının artdığını və bu artıma şəffaf qəbul prosesi nəticəsində nail olunduğunu bildirmişdir.
 
İclasda həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12.01.2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilmişdir.
 
A.Bağırov həmin hakimləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulamışdır: "Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".
 
Sədr Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə hakim vəzifəsinə təyin edilmiş vəkillərə təltif edildikləri Fəxri Fərmanları təqdim etmişdir.
 
Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş iki namizəd and içmişdir.
 
İclasda eyni zamanda Naxçıvan Muxtar Respublikasında vəkilliyin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuş, Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürov hesabat nitqi ilə çıxış etmişdir.
 
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Vəkillər Kollegiyasında görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunmuşdur. Bildirilmişdir ki, Plan çərçivəsində mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi də nəzərdə tutulmuşdur.
 
Həmçinin, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir. "Qanunçuluq" vəkil bürosunun vəkili Ramil Rüstəmovun və Şirvan regional vəkil bürosunun vəkili Emil Quliyevin müraciətləri üzrə intizam icraatının başlanılması məsələsinə baxılmış, lakin vəkillər iclasın gedişində barışdığı üçün icraata xitam verilmişdir.
 
İclada həmçinin dövlət hesabına hüquqi yardımın göstərilməsi zamanı pozuntulara yol vermiş vəkillər barəsində intizam icraatının başlanılması məsələsinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilmişdir.