Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Fevralın 3-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 107 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılmışdır.
İcbari təlimin ilk günündə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkilliyə namizədlərə uğurlar arzu etmiş, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini vurğulamışdır. Bildirilmişdir ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaqdır.
Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışmışdır.
Sonra Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edərək bildirmişdir ki, təlimlərin əsas məqsədi vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir. Builki proqramın fərqli olduğunu diqqətə çatdıran prorektor, praktiki təcrübəyə daha çox üstünlük veriləcəyini qeyd etmişdir: “Çünki məhkəmələrimiz artıq yazılı icraata keçir. Bu baxımdan vəkillər bu sahədə daha da təcrübəli olmalıdırlar”.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilmiş, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılmışdır.