Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar keçirilmişdir.
Seminarda çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov bildirmişdir ki, Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq edir və bu əlaqələr daim möhkəmlənməkdədir. O qeyd etmişdir ki, ötən müddət ərzində Kollegiya tərəfindən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri sahəsində məlumatlandırma tədbirləri, daxili sənədlərin qəbulu, ilkin sahəvi riskin qiymətləndirilməsi, təlimlər və digər zəruri tədbirlər müntəzəm olaraq həyata keçirilmişdir. A. Axundov vurğulamışdır ki, Vəkillər Kollegiyası hər zaman bu mövzuda nəzarətin qanunvericiliyə uyğun təşkil edilməsini, habelə bu sahədə tədbirlərin vəkilin peşə xüsusiyyətlərinə uyğun olaraq vəkil sirrini pozmadan təmin edilməsinin tərəfdarıdır: “Yəni, burada qanunvericiliyə uyğun olaraq vəkil sirrinin tələblərinə riayət olmalıdır. Təbii ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn və vəkillərə aid olan bütün öhdəliklərin icrası Vəkillər Kollegiyası tərəfindən təmin edilir. Hesab edirəm ki, bu baxımdan seminar faydalı və vacibdir”.
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva isə çıxışında Vəkillər Kollegiyası tərəfindən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə qarşı görülən işlərin əhəmiyyətini qeyd edərək, bu sahədə biliklərin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu qeyd etmişdir. Beləliklə də, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Sonra Avropa Şurasının eksperti Elizabet Florkovski “Qlobal təhdidlər və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq standartlar və vəkillər üçün qabaqcıl təcrübələr” mövzusunda təqdimatla çıxış etmişdir. Eyni zamanda, ekspert çıxışında "Eyniləşdirmə və verifikasiya", "Benefisiar mülkiyyətçi haqqında məlumatların şəffaflığı", "Qırmızı bayraq indikatorları" və digər mövzulara toxunmuşdur.
Avropa Şurasının digər eksperti Ramandip Kaur Chinna isə “Peşə sirri”, "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi tipologiyaları", "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin daxili qiymətləndirilməsi" və digər mövzularda təlim keçmişdir.
Daha sonra təlim sual-cavab sessiyası formasında davam etdirilmişdir.
Qeyd edək ki, iki gün müddətində keçirilən təlimlərdə Vəkillər Kollegiyasının 50-dək üzvü iştirak etmişdir.