Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının İKT sahəsində gördüyü işlər beynəlxalq ekspertlərlə müzakirə edilmişdir

10 fevral 2023    675 share share

Məlumdur ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində "Mediasiya haqqında" Qanunun tətbiqinə dəstək", "Ədliyyə sistemində İKT və transformativ texnologiyaların tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə strategiyanın hazırlanması" fəaliyyətlərinin icrasına başlanılmışdır. Bu fəaliyyətlərin icrası məqsədilə Azərbaycana gələn beynəlxalq ekspert qrupu Vəkillər Kollegiyasında olmuşdur. 

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq, Dünya Bankı ilə əməkdaşlığın səmərəli və faydalı olacağına əminliyini ifadə etmişdir. Şahmar Məmmədov Kollegiyanın fəaliyyətinə, son illərdə görülən işlərə toxunaraq, vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini və bu sahədə bir sıra layihələrə imza atıldığını diqqətə çatdırmışdır: “Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər görülməsi qərara alınmış, Vəkillər Kollegiyasına bu istiqamətdə müvafiq işlər görülməsi tövsiyə olunmuşdur. Bura İKT sahəsi ilə bağlı tövsiyələr də daxildir ki, bunlar Vəkillər Kollegiyası tərəfindən ardıcıl həyata keçirilir. Buna misal olaraq vəkillərin elektron reyestrinin, elektron şəxsi kabinetinin yaradılmasını və bunun “elektron məhkəmə” informasiya sisteminə inteqrasiyasını göstərə bilərik. Eyni zamanda biz dövlət hesabına hüquqi yardımla bağlı məhkəmə qərarlarının elektron bölgüsünü, olayn platformada vəkillərə təlimlərin keçirilməsini və “Legalaid” mobil tətbiqini deyə bilərik”. 

Sədr müavini qeyd etmişdir ki, hazırda elektron orderlə bağlı da böyük məsafə qət edilmiş, texniki və digər istiqamətlər tam hazırlanmış, yalnız inteqrasiya məsələsi qalmışdır: “Eyni zamanda elektron sorğu ilə bağlı bir çox müzakirələr aparılmış və yaxın gələcəkdə vəkillərə elektron sorğu vermək imkanı yaradılacaqdır. Ümumiyyətlə, hesab edirəm ki, Kollegiya tərəfindən İKT sahəsi ilə bağlı mühüm işlər görülmüş və bu sahəyə diqqət daim artmaqdadır”.

Dünya Bankının fərdi məlumatların qorunması üzrə məshəhətçisi İvar Tallo, Bankın hüquqi məsələlər üzrə məsləhətçisi Karsten Mankhen və Mediasiya üzrə ekspert Leonardo D"Urso da öz növbəsində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıqdan məmnunluq ifadə edərək, Kollegiyanın İKT sahəsində atdığı addımları yüksək qiymətləndirmişlər. 

Görüşdə həmçiminin, Azərbaycanda mediasiya sahəsində yaranan problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, qonaqların sualları cavablandırılmışdır.