15-17 fevral tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri (ARVK) Anar Bağırov Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 51-ci Konfransında iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə Vyana şəhərinin merinin dəvəti ilə 1863-cü il tarixində "İmperator Avstriya İncəsənət və Sənaye Muzeyi" olaraq yaradılmış Tətbiqi Sənət Muzeyində qarşılanmış, sonra rəsmi ziyafət təşkil olunmuşdur.
Növbəti gün baş tutan konfrans “Qanunun aliliyi nə dərəcədə şəffaflığa ehtiyac duyur?” mövzusuna həsr olunmuşdur. Konfransda Avropa Parlamentinin Korrupsiyaya qarşı mübarizə qrupunun həmsədri, Avropa İttifaqının sabiq komissarı Danuta Hübner, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç, Avropanın Baş Prokuroru Laura Codruta Kövesi, Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Panagiotis Perakis, Avstriya Respublikasının Federal Prezidenti Karl Nehammer, Federal Ədliyyə naziri Alma Zadic, Avstriya Respublikası Parlamenti Milli Şurasının sədri və digər rəhbər şəxslər mövzu üzrə çıxış etmişlər.
Tədbirdə ARVK da daxil olmaqla, bir neçə ölkənin Vəkillər Kollegiyası tərəfindən həmin ölkələrdə vəkil peşəsinin durumu barədə hesabatlar konfrans iştirakçılarının diqqətinə çatdırılmış, problemlərin həlli istiqamətində müzakirələr aparılmış, həyata keçirilən islahatlarla bağlı vəkilliyin rolu barədə diskussiyalar yer almışdır.
Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə Anar Bağırovla Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyasının, Avropa Vəkillər İttifaqının, CCBE-nin prezidenti, habelə bir sıra ölkələrin Vəkillər Assosiasiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmiş, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır.
Qeyd edək ki, özündə çoxşaxəli proqramı əks etdirən Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin Konfransı yarım əsrdir ki, Avropadakı hüquq təşkilatlarının rəhbər şəxsləri arasında təcrübə mübadiləsinin aparıldığı uğurlu dialoq forumuna çevrilmişdir.