Bu gün Vəkillərin İxtisas Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Komissiya üzvləri ilə görüşərək, onlara fəaliyyətlərində uğurlar arzu edib və vəkilliyin inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib. A. Bağırov deyib ki, Komissiyanın tərkibinin hüquq ictimaiyyətində nüfuzlu şəxslərdən, hakimlərdən, alimlərdən ibarət olması vəkilliyə verilən qiymətin təzahürüdür: “Heç kimə sirr deyil ki, Vəkillərin İxtisas Komissiyasının üzvləri məsuliyyətli vəzifələrdə çalışırlar. Mən hər birinizə vəkilliyə böyük dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda bizim müraciətimizə dərhal reaksiya verib, müvafiq qərar qəbul etdiyinə görə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin rəhbərliyinə təşəkkür edirəm” .
A.Bağırov qeyd edib ki, hazırda həm vəkilliyə qəbulla bağlı test imtahanı, həm də müsahibə mərhələsi şəffaf qaydada aparılır: “Gələcəkdə yarana biləcək əsassız narazılıqların, hər hansı hüquq pozuntusunun qarşısını almaq üçün biz şifahi müsahibə mərhələsini videoçəkiliş vasitəsilə həyata keçiririk. Eyni zamanda vəkilliyə namizədlərin qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək niyyətindəyik. Məqsədimiz odur ki, peşəkar, təcrübəli vəkillərin sayı artsın, vətəndaşlarımız keyfiyyətli hüquqi yardımla təmin olunsun. Bunun üçün Komissiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, biz kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirməliyik”.
Komissiya üzvləri öz növbəsində ölkəmizdə Azərbaycan vəkilliyinin nüfuzunun artdığını vurğulayıb, peşəkar və savadlı vəkillərin insan hüquqlarının müdafiəsinə cəlb edilməsi istiqamətində əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyasına tərkibinə aşağıdakı şəxslər daxildir:
Turqay Hüseynov – Komissiyanın sədri, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru
Ayxan Rüstəmzadə - Komissiyanın sədr müavini, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru
Rövşən İsmayılov – Konstitusiya Məhkəməsinin hakimi
Zaur Əliyev – Ali Məhkəmənin hakimi
Ələsgər Novruzov – Ali Məhkəmənin hakimi
Zaur Əliyev – Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru
Səyyad Məcidov – Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru
Könül Hüseynova – Bakı Dövlət Universiteti Cinayət prosesi kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru
Şaiq Mirzəyev – Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Fərid Həsənov – Vəkillər Kollegiyasının üzvü
Oktay Məhərrəmov – Vəkillər Kollegiyasının üzvü
Xatırladaq ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.