Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarlarının mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatının təqdimetmə mərasimi keçirilib. Yeni yaradılmış proqram təminatı vasitəsilə dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarların vəkil qurumları arasında elektron qaydada insan faktorundan asılı olmadan ədalətli və çevik bölgüsü təmin olunacaqdır.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasnın sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, indiyədək informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm işlər görüldüyünü vurğulayıb. O qeyd edib ki, Ədliyyə Nazirliyi də İKT sahəsində bir sıra layihələr həyata keçirib: “Buna misal olaraq, Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış hüquqi aktların vahid elektron bazası “e-qanun.az” saytını, "Mobil notariat" və “Mobil məhkəmə” tətbiqləri və digərlərini qeyd edə bilərik”.
Ş. Məmmədov xatırladıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər görülməsi qərara alınıb. Vəkillər Kollegiyasına tövsiyə olunub ki, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirsin. Eyni zamanda sərəncamda “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya məsələsi də əksini tapıb: “Məhz bu sərəncamdan irəli gələrək, Vəkillər Kollegiyası tərəfindən ilk növbədə vəkillərin reyestri, elektron şəxsi kabineti yaradılıb ki, bir çox sənədlərin dövriyyəsi də həmin kabinet vasitəsilə həyata keçirilir. Bundan başqa, hüquqi yardımla bağlı “Legalaid” mobil tətbiqi istifadəyə verilib”.
Ş. Məmmədov qeyd edib ki, Bakı şəhərində dövlət hesabına hüquqi yardımın daha operativ şəkildə həyata keçirilməsi, qərarların ədalətli şəkildə bölüşdürülməsi məqsədilə Bakıda fəaliyyət göstərən bütün məhkəmələrin qərarlarının vəkil büroları arasında bölgüsü artıq onlayn qaydada həyata keçiriləcək: “Yəni, məhkəmə qərarları “Elektron məhkəmə” informasiya sisteminə yerləşdiriləndən sonra bürolara onlayn qaydada göndərilir və ədalətli şəkildə bölüşdürülür. Artıq bu qərarların bölgüsündə insan faktoru rol oynamayacaq. Elektron şəxsi kabinet vasitəsilə büronun müdiri tərəfindən növbətçilik cədvəlinə uyğun olaraq vəkil ayrılacaq və bu informasiya birbaşa məhkəməyə ötürüləcək. Bu sistemin həyata keçirilməsi hələ ki, yalnız Bakı şəhərində nəzərdə tutulur, amma hesab edirəm ki, yaxın vaxtlarda ölkəmizin digər bölgələrini də əhatə edəcəkdir”.
Sonra çıxış edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirib. O, nazirlik tərəfindən vəkil müraciətlərinə diqqətlə yanaşıldığını və Ədliyyə Nazirliyinin Vəkillər Kollegiyasına İKT sahəsində dəstək göstərməyə hər zaman hazır olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə isə qeyd edib ki, qısa zaman ərzində Ədliyyə Nazirliyi ilə yanaşı, Vəkillər Kollegiyası da İKT sahəsində böyük yol qət edib. Vəkillərin informasiya resurslarına əlçatanlığı istiqamətində atılan addımları müsbət qiymətləndirən A. Səmədzadə vəkillər tərəfindən “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yaranan bütün sorğulara operativ cavab verildiyini diqqətə çatdırıb.
Daha sonra məhkəmələr tərəfindən qəbul edilmiş qərarların mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatının geniş təqdimatı olub.
Sonda vəkilləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında təkliflər səsləndirilib.